Vətənpərvər gənc ölkənin inkişafına töhfəsini mütləq verəcək 

Əhəd Məmmədli: “Həmrəylik düşərgələri gənclərdə vətənpərvərlik hissini gücləndirir, onların şəxsi inkişafına kömək edir”

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi 

  “Şuşa İli” çərçivəsində həyata keçirilən tədbirlər sırasında gənclərin iştirakı ilə keçirilən düşərgələr xüsusi əhəmiyyətə malikdir. Yay fəsli müddətində ölkəmizin müxtəlif bölgələrində bir neçə belə düşərgə təşkil olundu, gənclər bir araya gələrək ideyalarını, fikirlərini paylaşdılar, Qarabağın dirçəlişində iştirak etmək istəklərini bildirdilər. Gənclərin Qarabağın dirçəlişində fəal iştirakının qarşıya qoyulmuş məqsədə nail olunmasında əhəmiyyətliliyi nəzərə alınaraq bu düşərgələrin təşkili yenə davam edir. Hazırda Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Gənc SİMA” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində Şamaxı rayonunda “Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsinə start verilib. 

Düşərgənin ilk günündə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Şamaxı rayonunda ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Şamaxı rayon Şəhidlər xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad ediblər. Düşərgənin açılış tədbiri 44 günlük Vətən müharibəsində Şuşaya qədər döyüş yolu keçmiş, qəhrəman qazilərlə görüşlə başlayıb. Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində baş tutan tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə açıq elan edən “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov düşərgə iştirakçılarını salamlayaraq, gənclərə düşərgə müddətində uğurlar arzulayıb. O, öz çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü iradəsi və qətiyyəti, xalqımızın birliyi və yenilməz Ordumuzun rəşadəti hesabına Vətən müharibəsində qazanılan şanlı Zəfərdə gənclərin müstəsna rolundan danışaraq bildirib ki, işğaldan azad olunmuş torpaqların dirçəldilməsində və "Böyük Qayıdış" prosesində də gənclərdən gözləntilər böyükdür.

Daha sonra təşkilatın idarə heyətinin üzvü, Aprel döyüşləri qazisi Əhliyət Mehdiyevin moderatorluğu ilə davam edən görüşdə Vətən müharibəsi qaziləri keçdikləri döyüş yollarından, müharibə dövründə ordumuzun döyüş əhval-ruhiyyəsindən, hərbi-psixoloji hazırlığından, işğaldan azad olunmuş ərazilərə ilk ayaq basdıqlarında yaşadıqları hisslərdən, xalq və ordu birliyindən danışıb, onları maraqlandıran sualları cavablandırıblar. Tədbir mədəniyyətimizin beşiyi olan Qarabağın istedadlı gənclərinin təqdimatında biri-birindən maraqlı musiqi və şeir ifaları ilə yekunlaşıb. 

Artıq ikinci ildir ki, təşkil olunan düşərgənin keçirilməsində məqsəd Vətən müharibəsində rəşadətli Ordumuzun parlaq qələbəsi ilə reallaşan "Böyük Qayıdış"a və Qarabağda dirçəlişə töhfə vermək istəyən Qarabağ gəncləri arasında şəbəkələşməni təmin etmək, bununla bağlı gənclərin ideyalarını toplamaq və onların təşəbbüskarlığını artırmaqdır. Həmçinin gənclərdə vətənpərvərlik və həmrəylik hissini gücləndirmək, müxtəlif təlim və görüşlər vasitəsilə şəxsi inkişaflarına dəstək olmaq, asudə vaxtlarını səmərəli təşkil etməkdir. Bu il “Şuşa birliyimizin rəmzidir!” devizi altında həyata keçirilən və 5 gün davam edəcək düşərgədə 120 nəfər Qarabağ gənci “Zəfər”, “Dəmir Yumruq”, “Bayraqdar”, “Xarıbülbül”, “Qayıdış”, “Xudafərin” və “Murov” adlı komandalar daxilində iştirak edəcəklər.

AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli “Şərq”ə açıqlamasında ictimai təşkilatların təşkilatçlığı ilə keçirilən həmrəylik düşərgələrinin gənclərin potensiallarının üzə çıxmasına dəstək olduğunu bildirdi: 

- Belə düşərgələr bir neçə dəfə təşkil edilib. Gənclərin iştirakı ilə Şuşada, Şamaxıda silsilə görüşlər, tədbirlər keçirilib. Düşərgələrə ziyalılar, yazıçı və şairlər, millət vəkilləri də dəvət edilirdi, onların iştirakı ilə diskussiyalar aparılırdı, gənclər də öz fikirlərini bildirir, təşəbbüslə çıxış edirdilər. 

Təbii ki, ölkənin inkişafında, o cümlədən Qarabağın dirçəldilməsində gənclərin rolu danılmazdır. Gənclər əhalinin böyük hissəsini təşkil etdiyindən zəruri, həyati vacib işlərin icrası, qarşıya qoyulan məqsədlərə nail olunmasında məhz onların iştirakı vacibdir. Bu səpkili düşərgələrə ali məktəb tələbələri, müəyyən işlərdə çalışan, savadlı gənclər cəlb edilir. Hesab edirəm ki, belə düşərgələr daha geniş arealı əhatə etməlidir. Burada təkcə seçilmiş, mütləq mənada tələbə adı qazanmış və ya ali təhsil alan, müəyyən peşəyə, iş yerinə sahib gənclərə deyil, ilk növbədə şəhid və qazi ailələrinin övladı olan gənclərə üstünlük verilməli, həmçinin ali təhsili olmayanların iştirakına da şərait yaradılmalıdır. Yalnız nümunəvi gənclik seçilməməli, düşərgələr ümumi şəkildə Azərbaycan gəncliyini əhatə etməlidir. Belədə düşərgələrin tərbiyəvi əhəmiyyəti daha böyük olar. Deyilə bilər ki, düşərgələrin məqsədi həm də gənclərin ideyalarını toplamaqdır, ona görə ali təhsilli, ixtisaslı gənclərə üstünlük verilir. Lakin unutmamalıyıq ki, işğal altındakı torpaqlarımızı həm də ali məktəbə daxil olmadan, XI sinfi bitirdikdən sonra həqiqi hərbi xidmətə cəlb olunmuş oğullarımız azad etdilər. Vətən sevgisi, vətənpərvərlik hissləri ali və ya orta savadla ölçülmür. Ali savadı olmayan, konkret hansısa ixtisasa yiyələnməmiş elə gənclərimiz var ki, Milli Qəhrəman adını aldılar. İdeyalara gəlincə, hər bir gənc ideya ilə çıxış edə bilər.

Gənclər gələcəyə daha iti nəzərlə baxır. Onların dirçəlişlə bağlı çox gözəl, kreativ ideyaları ola bilər. Bunları nəzərə alaraq həmrəylik düşərgələrinə ümumən ölkə gəncləri cəlb edilməlidir. 

  Ə.Məmmədli qeyd etdi ki, gənclərin irəli sürdüyü ideyaların vahid bir mərkəzdə toplanması da əsasdır: - Düşərgə boyunca səslənən fikirlərə, ideyalara diqqətli yanaşılmalı, bir mərkəzdə toplanmalı  və reallaşmasına zəmin yaradılmalıdır. Gənclər irəli sürdükləri ideyaların bəyənildiyini və icra olunduğunu gördükdə, daha da həvəslənəcək və bu, onları yeni düşüncələrə doğru istiqamətləndirəcək. Biz Azərbaycan gəncliyinin nəyə qadir olduğunu istər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində gördük. 

Azərbaycan gəncliyi vətənpərvər, milli köklərə bağlı, mübariz, qorxmaz olmaqla yanaşı, həm də açıq fikirli və kreativdir. Gənclərin bu potensialından maksimum istifadə etmək lazımdır.