Avtobusdan istifadə edənlərin sayı gün keçdikcə daha da artacaq
İlin əvvəlindən bu günə qədər avtobus istifadəçilərinin sayı kəskin artıb. Dövlət Statistika Komitəsinin məlumatında isə taksidən istifadə edənlərin sayında kəskin azalmaların olduğu vurğulanıb.
Qeyd edək ki, yanvar-noyabr aylarında Azərbaycanda avtobuslarla 1 196 123,3 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 29,2 faiz çoxdur.
Hesabat dövründə minik taksilərindən 76 029 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 5,5 faiz azdır.
Nəqliyyat ekspertləri deyirlər ki, avtobus istifadəçilərinin sayının artması, taksidən istifadə edənlərin sayının isə azalması səbəbsiz deyil. Pandemiyadan sonra həm bölgələrə avtobus marşrutları bərpa olunub, həm də işğaldan azad olunan rayonlara yeni marşrutlar açılıb. Bu da statistikaya təsir edir.
Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, pandemiyadan sonra taksidən istifadə etmək geniş vüsət aldı. Koronavirus pandemiyasının ilk vaxtlarında avtobuslara qoyulan qadağa, uzun müddət, həftəsonu ictimai nəqliyyatın olmaması taksilərdən istifadəni artırdı:
“Çünki bu nəqliyyat növündə qiymətlər ucuz, virusdan qorunmaq daha etibarlı və rahatdır. Bu amillər taksiyə marağın olmasına təsir göstərir. Amma təkcə Bakıda ictimai nəqliyyat gün ərzində 2 milyon civarında sərnişin daşıyır. Taksidə bu qədər sərnişinin hərəkəti mümkün deyil. Taksiyə olan maraqla ictimai nəqliyyata olan marağı eyniləşdirə bilmərik. Çünki taksidən istifadə çox olsa da, tutumuna görə ictimai nəqliyyatı keçə bilməz”.
Ekspertin sözlərinə görə, statistik rəqəmlərin artmasının bir səbəbi də bölgələrə artan avtobus səfərləridir. Bu rəqəm gün keçdikcə daha da artacaq:
“Hazırda Gəncə və Sumqayıtı istisna etməklə, bölgələrə səyahət üçün dəmiryollarının işləməməsi, əlbəttə ki, avtobuslara tələbatı daha da artırıb. Hələ buraya işğaldan azad olunan bölgələrimizə təşkil olunan avtobus səfərlərinin sayını da əlavə etsək, bu rəqəm gözlənilən idi. Gələn ilin statistikası bundan da artıq olacaq. Çünki bu, artan templə davam edir”.
E.Cəfərovun fikrincə, taksidən istifadənin azalması da gözlənilən idi:
“Taksidən istifadənin azalması ümumi Azərbaycan statistikasına görə uyğun ola bilər. Yuxarıda sadaladığım səbəblərlə yanaşı, qeyd etmək lazımdır ki, vətəndaşlarımız fərdi avtomobillərdən də daha çox istifadə edirlər”.