“17 yaş və daha kiçik yaşlarda qızlar yenə evlənəcək”

Qanuna dəyişiklik erkən nikahların qarşısını almayacaq

“Problemlər hansısa sözü, ifadəni, bəndi qanundan çıxarmaqla, ya da başqa bir bənd əlavə olunmaqla həll edilmir”

  “Bizdə bəzən 17 yaşında olanlara ailə qurmağa icazə verilir. Amma biz 18 yaşdan aşağı olanların ümumilikdə nikaha girməsinin qadağan edilməsinin tərəfdarıyıq”. Bu fikri Milli Məclisin dünən keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova  "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı"nın təqdimatı zamanı səsləndirib. Komitə sədri bildirib ki, qanunvericilikdə nikah yaşı birmənalı 18 qəbul edilməli, heç bir istisna olmamalıdır. Üzünü Milli Məclisə tutan komitə sədri “mən sizdən istisna halların aradan qaldırılması ilə bağlı dəstək istəyirəm. Bizdə uşaq nikahı və erkən nikah ifadəsi var. Biz 17 yaşa tətbiq edilən istisna hallarını aradan qaldırsaq, erkən nikah ifadəsi dilimizdən çıxarılacaq”, söyləyib.  Millət vəkili Zahid Oruc isə dövlətin ailə siyasətinə yeni baxışının formalaşmalı olduğunu bildirib. Z.Oruc qeyd edib ki, 2025-2050-ci illər üçün Ailə strategiyası hazırlanması gündəmdə duran ilk vəzifələrdəndir: “Oğlan uşaqlarının sayının çoxalması, demoqrafik natarazlığın qarşısının alınması üçün doğulan qızlara görə sosial müavinətin verilməsi gərəkdir. Hazırda dövlət siyasətini həyata keçirən rəsmi dövlət qurumunun – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətlərini yeni vəzifələrə və tələbələrə uyğunlaşdırmaq, bu sahədə dönüş yaratmaq üçün Ailə Məsələləri Nazirliyinin yaradılması vacibdir”.

  Milli Məclisdə səsləndirilən fikirlərə münasibət bildirən psixoloq Fərqanə Mehmanqızı isə “Şərq”ə açıqlamasında nikah üçün 17 yaşın istisna hal kimi aradan qaldırılmasının ümumi problemin həllinə kömək etməyəcəyini dedi: 

- “İstisna hal kimi 17 yaşda nikaha daxil olmağa icazə verilir” ifadəsinin qanundan çıxarılması bizə nə verəcək? Nə əldə edəcəyik bununla?  Ortada bir gerçək var və hamı bu gerçəyi görür. Ölkədə 17 yaş və daha kiçik yaşlarda qızların evləndirilməsi halı mövcuddur.  Erkən yaşda qızını evləndirənlər  “qanunda istisna hal kimi 17 yaşda nikaha daxil olmağa icazə var”, deyə, qanuna söykənərək etmir. Bunu adət-ənənəyə, mövcud dünyagörüşünə, onları əhatə edən mühitin fikirlərinə söykənərək edirlər. Valideyn tərəfindən uşaqların hüquqları pozulur, amma o cəmiyyətlər bunu normal qəbul edir. Problem bundadır. Problemlər hansısa sözü, ifadəni, bəndi qanundan çıxarmaqla, ya da başqa bir bənd əlavə olunmaqla həll edilmir. Bu cür yanaşmanı əsas götürməklə səhv etmiş oluruq və problemlər də olduğu kimi qalır. Problemin həlli yolu başqadır. Ailələrə nəzarət güclənməlidir. Bölgələrdə ailə institutları fəaliyyət göstərməli, əməkdaşlar ailələrlə görüşməli, maarifləndirmə işləri aparmalı, icbari təhsilin hüdudları XI sinfə çatdırılmalı, uşaqların təhsildən, məktəbdən yayınmasının qarşısı alınmalıdır. Bir çox yerlərdə erkən nikah haqqında məlumat verildikdə, məlum olur ki, həmin uşaq uzun müddət məktəbdən kənarlaşıb. Deməli, ictimai nəzarətdən kənar qalıb.  Valideynləri də istədikləri kimi davranıb onunla. Qanuna dəyişiklik ediləcək, amma yenə nəzarətsizlik, yetkinlik yaşına çatmamış uşağın təhsildən yayınmasına biganəlik hökm sürəcəksə, qanunun heç bir xeyri olmayacaq. Ona görə də düşünmürəm ki, qanuna dəyişiklik erkən nikahların qarşısını alacaq. Daha ciddi nəzarət mexanizmlərinin tətbiqi isə problemin həllinə kömək edə bilər.
  F.Mehmanqızı qız uşaqlarına görə sosial müavinətlərin verilməsini də düzgün saymır. Psixoloq xanımın fikrincə, bu, növbəti ayrı-seçkilikdir:
- Baxın, qadının məhz qız uşağı doğulacaq deyə selektiv aborta üz tutduğunu nə bilirik? Məgər oğlan uşaqları selektiv aborta məruz qalmır? Məhz sosial müavinət veriləcək deyə, valideynlərin qız uşaqlarının doğulmasına razı olacaqlarını zənn etmək absurd görünür. Təkcə qız uşaqlarına deyil, ümumən bütün uşaqlara sosial müavinət – uşaqpulu verilməlidir, həm də elə bir həcmdə ki, bu, ailənin iqtisadi durumuna təsir etsin, uşaqların sağlam böyüyə bilməsini təmin etsin. Bir tərəfdən gender bərabərliyindən danışırıq, bir tərəfdən də qız uşaqlarına xüsusi müavinət verilməsini istəyirik. Bu, nə dərəcədə doğrudur? Xüsusi müavinət veriləndə, analar ancaq qız uşaqları doğacaq, oğlan uşaqlarını abort etdirəcək, yoxsa nə baş verəcək? Mənim üçün bu məntiq qaranlıqdır.        
  Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nazirliyə çevrilməsi fikrinə isə psixoloq xanım belə reaksiya verdi: 
-  Hazırda komitənin səlahiyyətləri hansı çərçivədədir, bilmirəm. Nazirlik olarsa, səlahiyyətləri nə dərəcədə artacaq, hansı hüquqları olacaq, bunu dəqiqləşdirmək lazımdır. Komitə nazirliyə çevriləcəyi halda qadın və uşaq hüquqlarının qorunmasında və ailələrə yardım göstərilməsində səlahiyyətləri olacaqsa, nazirlik olsun. Əsas məsələ dövlət qurumunun malik olduğu səlahiyyətlərdir. Bu səlahiyyətlər ailələrin müdafiəsinə yetirsə, qurumun komitə və ya nazirlik adlanmasının, məncə, elə böyük fərqi yoxdur.