Etik davranış üzrə müvəkkil vəzifəsi yaradılır

Əliməmməd Nuriyev təşəbbüsün müsbət, nəticəninsə gözlənilən olmadığını bildirdi

“Onların maliyyə müstəqilliyi də olmayacaq. Bu baxımdan yeni vəzifə təsisatından fayda gözləməyə dəyməz”

  Azərbaycanda yeni vəzifə təsis edilir. Bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dünən keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikdə əksini tapıb. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”da dövlət qulluqçularının etik davranış qaydalarının tətbiqinin təkmilləşdirilməsi və dövlət orqanlarında etik davranış qaydalarına daha ciddi riayət edilməsinin təmin edilməsi məqsədilə dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həllinə məsul olan etik müvəkkil vəzifəsinin təsis edilməli olduğu qeyd olunub. Qanun layihəsi yuxarıda qeyd olunanlara uyğun hazırlanıb. 

Layihədə etik davranış üzrə müvəkkil vəzifəsi təsis edilməklə, müvəkkilə aid tələblər və onun səlahiyyətləri müəyyən olunur.

  Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev “Şərq”ə açıqlamasında təşəbbüsün müsbət, nəticəninsə gözlənilən olmadığını bildirdi: 

- Etik məsələlər üzrə müvəkkillik institutu Azərbaycanda vardı. Lakin faydası yox idi. Çünki bu institut dövlət qurumlarının tərkibində fəaliyyət göstərirdi, etik məsələlər üzrə müvəkkillər müstəqil qərar verə bilmirdilər, rəhbərlərə bağlı idilər. Müsbət haldır ki, etik davranış üzrə müvəkkil vəzifəsinin təsis edilməsi qanunvericiliklə təsbit edilir. Bu baxımdan ki, etik davranış kodeksi varsa,  ona nəzarət edən də olmalıdır. Lakin bu vəzifənin qanunvericiliklə təsbit edilməsi də lazımi effekti doğurmayacaq, o səbəbdən ki, bu vəzifə yenə də hansısa  qurumun tərkibində yaradılır. Bu vəzifə insan resurslarına departamentlərinə, hüquq şöbələrinə həvalə ediləcək, yenə də yüksək vəzifə sahiblərindən asılı olacaqlar. Və demək ki, müstəqil qərar qəbul edə bilməyəcəklər. Onların maliyyə müstəqilliyi də olmayacaq. Bu baxımdan yeni vəzifə təsisatından fayda gözləməyə dəyməz. 
  Ə.Nuriyev qeyd etdi ki, dünyada etik məsələlər üzrə müvəkkil vəzifəsi var, lakin fərqli formatda: 
- Dünyada var belə təcrübə. Lakin etik müvəkkillər az qala ombudsman səlahiyyətlərinə malik insanlardır. Cəmiyyət və parlament qarşısında hesabat verirlər. Ayrıca vəzifənin  təsis edilməsində niyyət yaxşıdır, lakin bu, imitativ xarakter daşıyacaq, çünki yenə də rəhbər şəxslərdən asılı olacaqlar.