Rekord tarix... - 2023-cü il dünyada ən isti il olacaq

  Böyük Britaniya Birləşmiş Krallığı Meteoroloji Ofisinin proqnozuna görə, 2023-cü il çağdaş tarixin ən isti illərindən biri olmaq rekorduna imza atacaq. Meteoroloji Ofis 2023-cü ildə Yer kürəsində orta istilik səviyyəsinin ötən illərlə müqayisədə 1,2 dərəcə daha yüksək ola biləcəyi, dünyada kəskin temperatur yüksəlişi səbəbiylə meşə yanğınları, sel və bir çox başqa təbii fəlakətlərin yaşanacağı barədə xəbərdarlıq edib. 

Ofisin açıqlamasında isti iqlim şəraitinin ən aşağısı 10 il davam edəcəyi bildirilib. 1850-ci ildən indiyədək qeydə alınan iqlim normalarına baxıldığında, Sakit Okeanda qlobal istiləşməni yaradan “El Nino” iqlim modelinin hakim olması səbəbiylə ən isti il 2016-ya aiddir. 

Mövzu ilə bağlı açıqlama verən professor Adam Şeyt “Qlobal istiləşməni artıracaq bir “El Nino” baş verməzsə, 2023-cü il istilik rekorduna imza atmayan il ola bilər. Lakin atmosferdə zərərli qazların miqdarı sürətlə artır, bunu gözə alaraq bizi dəhşətli istilər gözlədiyini söyləyə bilərik” deyib. 

2023-cü ildə qlobal istiləşmənin artacağı proqnozunu əsas tutan meteoroloji ofisinin başqa bir alimi Nik Dunstonun fikrincə isə “son 3 ildəki qlobal istiləşmələr “La Nina”nın müddətinin uzanmasıyla bağlıydı. Çünki “La Nina”nın keçici soyutma təsiri də var. Lakin gələcək il “La Nina” təsirini azaldacaq, bu isə 2023-cü ildə iqlim istiləşməsinin 2022-yə nisbətən daha yüksək olmasına yol açacaq”. 

Alimlər bildirib ki, qlobal istiləşmənin 10 ildir 1 dərəcə və ya 1 dərəcədən az artıq olması temperatur fərqliliklərini çox da hiss etməyə imkan vermirdi. Lakin Şimal qütbündə bəzi yerlərdə temperaturlar bir neçə dərəcə yüksəlib. Və bu, qlobal istiləşməni daha artıq hiss etməyimizə səbəb olacaq. 

Qeyd edilir ki, “La Nina” Sakit okeanın ekvatorial qurşağında okean suları temperaturunda əmələ gələn dəyişikliklərdir ki, qarışıq iqlimin yaranmasına səbəb olur. “La Nina” Sakit okean üzərində yaranan hava axınına verilən addır. 

Okean sularındakı temperatur dəyişikliyinə və bunun davamı olaraq da iqlim dəyişikliyinə səbəb olur. Bu hava axını ötən əsrlərdə də özünü göstərib və planetdə iqlim dəyişiklikləri yaradıb. “La Nina” hava axını 5 aydan artıq davam edir. 

“La Nina”ya nisbətən “El Nino” hava axını isə Sakit okeanda daha çox, Atlantik okeanında isə daha az qasırğa meydana gətirir. BMT-nin araşdırmasına görə, 1997-1998-ci illərdə “El Nino” okean ölkələrinə 32 milyard dollarlıq zərər vurub, minlərlə insan bu hava axınını törətdiyi qasırğa və sel səbəbiylə həlak olub.