İstilik sistemi dağıdılıb

Heyvanları isitmək üçün odun yandırırlar

  Ukrayna müharibəsi heyvanxanadakı heyvanların həyatını da təhlükə altına salıb. Rusiya ordusunun Ukraynanın enerji təsisatlarını vurması nəticəsində Kiyev heyvanxanasının istilik sistemi də dağıdılıb. “Şərq” “NTV.com”a istinadən bildirir ki, heyvanxana əməkdaşları heyvanlar soyuqdan donmasın deyə, odun yandıraraq qəfəsləri isidirlər. Elektrik enerjisi tez-tez kəsildiyindən, elektrik verilməsində uzun fasilələr yarandığından  elektrik plitələrinə ümid etmək olmur. Heyvanxana rəhbərliyi çıxış yolunu odun ehtiyatı toplamaqda və qəfəsləri odun yandırmaqla isitməyə üstünlük verir. Hazırda heyvanxanada böyük odun sobaları qurulub. Ziyarətçilər də bunları görür. Heyvanxananın müdiri Kiril Trantin deyib ki, Kiyevdəki heyvanxana 1909-cu ildə açılıb. Bəzi heyvanlar soyuq hava şəraitində yaşaya bilmir. Soyuğa dözümsüz heyvanlar üçün odun sobalarını qalamağa məcburdurlar. Heyvanxana rəhbərliyi odunu satın alır. Kiyev heyvanxanasında hazırda 200 növdə 4 minə yaxın heyvan saxlanılır. Odun çatışmazlığı səbəbindən ölkənin digər bölgələrindəki heyvanxanalardan heyvanları da Kiyev heyvanxanasına gətiriblər. Əməkdaşlar qışa hazırlıq çərçivəsində yem ehtiyatı da toplayıblar.