Super ağcaqanadlar kəşf edildi

Həşərat dərmanları onlara təsir etmir

  Kamboca və Vyetnamda həşərat dərmanlarına qarşı güclü müqavimətə malik ağcaqanadlar kəşf edilib. Yaponiya Yoluxucu Xəstəliklər Milli İnstitutunun araşdırmaçıları bu kəşfin yoluxucu xəstəliklərin nəzarət altına alınmasına dair narahatlığı artırdığını söyləyib.  “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, Aedes aegypti (A. aegypti) növünə aid ağcaqanadlar “sarı qızdırma”, “dang qızdırması” və “Zika” virusunun əsas daşıyıcıları kimidir. Bu həşəratlar tropik və subtropik bölgələrdə geniş yayılır. Onları həşəratlara qarşı məlum dərmanlarla nəzarət altına almağa çalışırlar. 

Bu dərmanların bir çoxu sinir sistemini hədəf alaraq iflic və hətta ölümə də yol açan piretroidlər qrupunda yer alır. Ağcaqanadlarda piretroidə qarşı formalaşmış müqavimətin nə dərəcədə problem yaradacağı tam müəyyənləşməyib. İnstitut əməkdaşları Şinji Kasai və heyəti buna aydınlıq gətirmək üçün Qana, Tayvan, Vyetnam və İndoneziyada mövcud olan A.aegyrti növlü ağcaqanadlar üzərində tədqiqat aparıb.

 Ağcaqanadlar üzərinə  adətən bu tip həşəratları 99 faiz məhv edən “Permetrin” adlı dərman sıxılıb. Bəzi ağcaqanadlar məhv olduğu halda, Vyetnamdan gətirilənlərin müqavimətini qırmaq mümkün olmayıb. Bu həşəratlardan yalnız 20 faizi məhv olub.

 Məlum olub  ki, bu həşəratlar mutasiyaya uğrayanlardır. “Science Advances” elmi jurnalında yayımlanan materialda A.Aegypti növünə aid ağcaqanadların daha əvvəl məlum olmayan 10 alt növünün bu mutasiyalardan ən azı birinin daşıyıcısı olduğunun aşkarlandığını yazıb. 

L982W mutasiyasına sahib ağcaqanadların “Piretroid” dərmanına qarşı müqaviməti 100 dəfə artıqdır. Ş.Kasai bildirib ki, indiyədək istifadə edilən dərmanların yeni növ ağcaqanadlara qarşı təsirsiz olacağını bilməyimiz önəmlidir. Bu, alimlərə ağcaqanadlara qarşı daha təsirli dərman vasitələri kəşf etməli olduğunu göstərir.