Rəf qiyməti ilə üst-üstə düşməyən kassa qiyməti...

İstehlakçıların aldadılması hər addımbaşı baş verir

Rəfdə məhsulun üzərində bir qiymət yazılır, kassaya yaxınlaşanda qiymət dəyişir

“Satıcılar, nəzarətçilər də özlərini təmizə çıxarmaq üçün “yadımızdan çıxıb qiyməti dəyişməmişik” deyirlər. Bu, qiymətlərlə aşkar şəkildə manipulyasiyadır”


  Ticarət obyektlərində vətəndaşların hesabda aldadılması halları ilə bağlı Dövlət Xidmətinə daxil olan şikayətlərin sayında artım müşahidə olunur. Cari ildə Dövlət Xidmətinə hesabda aldadılma halı ilə bağlı ümumilikdə 67 müraciət daxil olub ki, bu da ötən illə müqayisədə 36,7 faiz çoxdur. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumatda bildirilir. Məlumatda qeyd olunur ki, bayramqabağı əhalinin istehlak səbətində əsas yer tutan məhsullara tələbatın artması fonunda qiymət manipulyasiyalarına yol verilməməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərinə müraciət edib. Dövlət Xidməti bildirir ki, sahibkarlıq subyektləri təklif etdikləri mal və xidmətlərin qiymətləri barədə istehlakçılara dəqiq və düzgün məlumat verməlidirlər. Satışda olan bütün malların üzərində malın adı, növü, qiyməti və doldurulma tarixi göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı olmalıdır. Məhsulun satış qiyməti məhz üzərində (piştaxta və ya vitrinlərdə) göstərilən qiymət olduğundan istehlakçılarla hesablaşmalar həmin qiymətə uyğun aparılmalıdır. Ödəniş edərkən istehlakçıdan məhsulun üzərində göstərilən qiymətdən fərqli qiymətlə ödənişin tələb edilməsi istehlakçıların hüquqlarının pozulmasıdır. Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət tədbiri nəzərdə tutulub. Mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə inzibati qaydada cərimə edilir.  İl ərzində daxil olmuş şikayətlər əsasında 10 sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunub. Dövlət Xidməti bayramqabağı alış-verişin daha da artacağını nəzərə alaraq, istehlakçılara diqqətli olmağı, sahibkarlara isə belə hallara yol verməməyi tövsiyə edir. İstehlakçılar malların üzərində göstərilən qiymətdən fərqli qiymətə satılması, eləcə də digər qanun pozuntusu halları ilə rastlaşdıqda 195-1 Çağrı Mərkəzi, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt ([email protected]) vasitəsilə Dövlət Xidmətinə müraciət edə bilər.
  Ticarət obyektlərində alıcıların qiymətdə aldadılması barədə “Şərq”ə danışan sosioloq, Sağlam Cəmiyyət Hərəkatının sədri Elçin Bayramlı qeyd etdi ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti formal mövcud olan orqandır. Bunu Xidmətin yaydığı məlumatdan görmək olur: 
- İl ərzində bu Xidmətə əgər cəmi 67 müraciət daxil olubsa, deməli, bu qurum virtual, formal xarakter daşıyır. Onun mövcudluğundan əhali xəbərsizdir. Əhali bu orqanı tanımır. Əhali bu orqanı tanısaydı, ona güvənsəydi, müraciət edənlərin sayı dəfələrlə çox olmalıydı. İldə 67 müraciət yox, bəlkə ayda, hətta bəlkə də gündə bu qədər müraciət daxil olmalıydı. Çünki istehlakçıların aldadılması hər addımbaşı baş verir. Rəfdə məhsulun üzərində bir qiymət yazılır, kassaya yaxınlaşanda qiymət dəyişir. Satıcılar, nəzarətçilər də özlərini təmizə çıxarmaq üçün “yadımızdan çıxıb qiyməti dəyişməmişik” deyirlər. Bu, qiymətlərlə aşkar şəkildə manipulyasiyadır. Alıcıların aldadılması təkcə qiymətdə baş vermir. Məhsulların istehlak tarixində də aldadırlar. İstehlak müddəti bitmiş məhsulu istehlakçıya göndərir, onlar da istifadə müddətini dəyişib yeniləyərək təkrar marketlərə göndərirlər. Ölkədə  istehlak bazarı biabırçı vəziyyətdədir. Kim kimi necə istəyir aldadır. İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyəti isə sıfırdır. Yayılan məlumat çağırış xarakterlidir və onun ciddi nəticələrə gətirib çıxaracağını da gözləməyinə dəyməz. 
  E.Bayramlı bildirdi ki, istehlak bazarıyla bağlı ciddi reydlər aparılmalı və sərt cəzalar tətbiq edilməlidir: 
- Ticarət sektorunda özbaşınalıq var, vəziyyət gündən-günə pisləşir, əhali isə hara müraciət edəcəyini bilmir. Bu sahədə kompleks tədbirlər görülməli, ciddi nəzarət sistemi qurulmalıdır. Yaxşı olar ki, marketlərdə, mağazalarda alıcıların şikayətlərini qəbul edən qutular qoyulsun. Marketlərdə bunlar var, lakin bu qutular market rəhbərliyi tərəfindən açılır və onların hansı ölçü götürdüyü də məlum olmur. “Kim öz ayranına turş deyər” misalı. Marketlərə birbaşa İqtisadi İnkişaf Nazirliyi və həmin Dövlət Xidmətinin şikayətləri qəbul edəcəyi qutular qoyulmalıdır ki, alıcılar rastlaşdıqları neqativ hallarla bağlı çəkinmədən şikayət etsinlər. Vətəndaşların pozulmuş hüquqları ilə bağlı məhkəməyə müraciət edəcəkləri də inandırıcı deyil. Kimsə 5-10 manata görə rüsum ödəyib, vəkil tutub 1000 manat xərcləməz. Bu da məhkəmə sisteminin yarıtmazlığıdır. Ona görə də sahibkarlar alıcıların öz hüquqlarını təmin edə bilməycəyinə arxayın olub, necə istəyirlər, elə də davranırlar. Bu vəziyyətdə alıcılara məsləhətim budur ki, diqqətli olsunlar, kassaya yaxınlaşdıqca məhsulun qiymətinin artdığının fərqinə varsınlar, məhsulun istehlak müddətinə, keyfiyyətinə diqqət etsinlər, keyfiyyət sertifikatını tələb etsinlər.