Ağac kəsənləri sərt cəzalar gözləyir

Şəhər heç bir halda yaşıllıqların məhvi hesabına böyüməməlidir

Hazırkı Bakını ötən əsrin Bakısı ilə müqayisə edəndə yaşıllıqların artmaq əvəzinə azaldığı əyani görünür

  Ağacları qanunsuz kəsənlər cinayət məsuliyyətinə cəlb ediləcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloyi Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. Xidmət rəisi qeyd edib ki, ağacların qanunsuz kəsilməsi cinayət məsuliyyəti yaradır. “Ağacların qanunsuz kəsintisi hələ də davam edir. Lazımi qədər tədbirlər görülsə də, bu faktlar bu gün də qalmaqdadır. Ötən il nazirlik olaraq bəzi qərarlarda dəyişiklik etdik.

Kəsilən ağacın bərpası ilə bağlı cərimə 4 dəfə artırılıb. Artıq şirkət dəymiş ziyanı 4 dəfə artıq ödəyir. Ödənişlərin daha da artırılması ilə bağlı nazirlik aidiyyəti qurumlara müraciət edib. Qərara görə, vəzifəli şəxs tərəfindən 12-20 diametrli ağacın kəsilməsi cinayət məsuliyyəti yaradacaq. Hansısa şirkətin 12, diametrli ağacı kəsməsi də cinayət məsuliyyəti yaradacaq. Qərar qüvvəyə minəndən sonra bu qaydalar tətbiq ediləcək", söyləyən H.Əlizadə bildirib ki, 2022-ci ildə qanun pozuntularına yol verildiyi üçün 10 min 124 akt, 2 min 112 protokol tərtib edilib. Onlardan 3 minə yaxını meşələrə dəymiş ziyanla bağlıdır. Burada söhbət vəzifəli şəxslərdən gedir. Ötən il 6 milyon 700 min manatlıq iddia qaldırılıb ki, ondan 4 milyon 662 min 127 manat dəymiş ziyanın ödənilməsi təmin edilib. Ötən illə müqayisədə bir sıra sferalarda, atmosfer çirklənməsində azalma müşahidə olunub. Ən çox qayda pozuntusu yaşıllığa dəymiş ziyanla bağlıdır. Xidmət rəisi Oğuz rayonu Tayıflı kəndinin ətrafındakı meşələrdə ağacların kütləvi şəkildə kəsilərək ağac emalı sexlərinə daşınması barədə bir sıra kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlara aydınlıq gətirib. H.Əlizadə qeyd edib ki, yayılan informasiya ilə bağlı bayram günlərində Dövlət Ekoloyi Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Araşdırma zamanı sözügedən məlumatda adları şikayətçi kimi çəkilən Oğuz rayonu Tayıflı kənd sakinləri Şirinov Tapdıq Zahid oğlu, Dursunov Mürvət Seyid oğlu və Xəlilov İlham Nəcməddin oğlu Oğuz Rayon İcra Hakimiyyəti başçısının Tayıflı icra nümayəndəliyində yazılı izahat verərək müraciətdə adlarının qeyd olunmasına baxmayaraq, həmin müraciətin yazılmasından xəbərsiz olduqlarını bildiriblər. "Lakin buna baxmayaraq, Oğuz rayonu Tayıflı kənd ətrafında yerləşən meşə dolaylarına yerində baxış keçirilərkən ağacların kütləvi şəkildə kəsilməsi və ağac emalı sexlərinə daşınması halları qeydə alınmayıb”. 

  Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Şərq”ə açıqlamasında qeyd etdi ki, ağacların qanunsuz kəsilməsinə görə cərimələr nə qədər artırılsa, yenə də azdır: 
- Bu, çox həssas mövzudur. Paytaxtda yaşıllıqların necə məhv edildiyi göz önündədir. Baxırsan, hansısa küçədə, səkidə 1-2 ağac var, ertəsi gün görürsən, ağac qalmayıb. Kəsilib, yeri hasarlanıb və tikinti gedir. Hər dəfə bu məsələ gündəmə gələndə qınayanlar o saat başlayırlar ki, şəhər böyüməlidir, tikinti aparılmalıdır, abadlıq olmalıdır. Olsun, kim etiraz edir. Amma hər işdə ölçü vahidi reallığı var və bu, gözlənilməlidir. Tikinti aparılmalıdır deyə, ağacların kəsilməsi, yaşıllıqların məhv edilməsinə heç cür haqq qazandırmaq olmaz. Yaşıllıqlar bizim nəfəsimizdi. Bizi təmiz hava ilə təmin edən təbii kondisionerlərdi. Hazırkı Bakını ötən əsrin Bakısı ilə müqayisə edəndə yaşıllıqların artmaq əvəzinə azaldığı əyani görünür. Şəhər heç bir halda yaşıllıqların məhvi hesabına böyüməməlidir. Şəhər yaşıllıqlarla bərabər böyüməli, genişlənməlidir. Problem həm də bundadır ki, çox zaman cavan ağacların kəsildiyinin şahidi oluruq, çürümüş, yıxılmaq üzrə olan çoxillik ağacların, hansı ki, kökdən çürümə prosesi gedib, hansısa səbəbdən, bu ağacların “qorunduğunu” görürük. Rəsmi qurumlar vətəndaşların müraciətlərinə vaxtında cavab vermir. Bir çox ağaclar sakinlərin həyatına təhlükə yaradır, amma əlaqədar təşkilatların monitorinq aparmasına uzun müddət lazım gəlir. Məsələlər operativ həllini tapmalıdır. Hardasa ağaclar kəsilir, tikinti aparılır, bir başqa yerdə isə çürük ağac az qalır evlərin üzərinə yıxılsın, onu vaxtında gəlib kəsmirlər. 
  V.Tofiqli qeyd etdi ki, Bakı kimi küləkli şəhərdə çürümüş ağaclar real təhlükə mənbəyidir: 
- Dəfələrlə müşahidə etmişik ki, küləkli havalarda ağaclar qırılıb yol kənarındakı avtomobillərin üzərinə düşüb, insanların həyatına təhlükə törədib.  Bakı kimi küləkli şəhərdə şəhər təsərrüfatına cavabdeh qurumlar belə məsələlərə ciddi yanaşmalıdır. Operativ tədbirlərin görülməsi üçün qurumlar arasında koordinasiya olmalıdır.