Göz görə-görə vətəndaşlarımızı qəzalı binalarda yaşada bilmərik

Tural Abbaslı: “Yeni binaların texniki baxışı mütləq olmalıdır, boşluqlar dərhal aradan qaldırılmalıdır”

“Allah göstərməsin, Bakıda güclü zəlzələ olsa, aqibətimizi təsəvvür belə etmək istəmirəm”


  Türkiyədəki minlərlə insanın həyatına son verən, on minlərlə şəxsin yaralanmasına səbəb olan dəhşətli zəlzələ fəlakətindən sonra ölkəmizdə də binaların, çoxmərtəbəli tikililərin fundamenti, təməli, ümumi durumu ilə bağlı geniş müzakirələr açılıb. Açıq-aşkar görünən odur ki, qardaş ölkədəki dağıdıcı zəlzələ Azərbaycan ictimaiyyətində dərin kədər hissi ilə yanaşı, həm də ciddi narahatlıq doğurub. Xüsusən, paytaxt Bakıda və digər iri şəhərlərdə, çoxmərtəbəli binaların sakinləri illərdir yaşadıqları tikililərin neçə bal zəlzələyə davam gətirəcəyini araşdırmağa başlayıblar. Hətta sosial şəbəkədə insanlara çağırış edilib ki, hər kəs yaşadığı binanın zəlzələyə və qəzalara nə dərəcədə davamlı olması ilə maraqlansın, yoxlamalar üçün müvafiq qurumlara müraciət etsinlər. 

Təşvişə səbəb olan məsələlərdən biri də hündür binaların birinci mərtəbələrində müşahidə olunan qanunsuz və təhlükəli müdaxilələrdir. Ötən gün hərbi ekspert, ehtiyatda olan mayor Ədalət Verdiyev şəxsi təşəbbüsü ilə bir qanunsuzluğu üzə çıxarıb. Ekspert yaşadığı binanın zirzəmisində yerləşən obyektdə fundamentin və daşıyıcı divarların söküldüyünə dair ciddi şübhələri olduğuna dair FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət edib. Bildirdiyinə görə, cəmi 1 saat sonra adıçəkilən qurumun əməkdaşları yaşadığı ünvana gəliblər: "Mənim iştirakımla zirzəmidəki obyektə dərindən baxış keçirdilər. Şübhələrim özünü tamamilə doğrultdu. Hazırda sənədləşmə işləri davam edir. Əziyyəti keçənlərə dərin təşəkkür edirəm". 

  AĞ Partiya sədri Tural Abbaslı "Şərq"ə bildirib ki, bu məsələ çox ciddidir. Partiya rəhbərinin sözlərinə görə, qonşu ölkələrdə zəlzələnin olub-olmamasından asılı olmadan tikinti işlərində qanuni standartlara böyük önəm verilməlidir: 

"Şəhərlərin yerləşdiyi coğrafiyaya, ərazinin relyefinə və geoloji şəraitə uyğun çoxmərtəbəli binaların tikintisi ilə bağlı beynəlxalq standartlar mövcuddur. Yəni bir var ki, hansısa bina tikilərkən inşaat prosesinin qanunauyğun olmasına nəzarət edəsən, bir də var ki, artıq tikilmiş, istifadəyə verilmiş, minlərlə insanın yaşadığı yüzlərlə binanı yoxlayasan. Niyə indiyə qədər binalar büdcədən maliyyələşən müvafiq qurumların yoxlamasından keçməyib? Müşahidə etdiyimiz odur ki, bəzi qurumlar binaların tikintisinin texniki şərtlərə uyğun olub-olmaması ilə maraqlanmırlar, rüşvət alıb göz yumurlar. Əgər Bakıda minlərlə bina qəzalı vəziyyətdədirsə, necə olacaq, hansı tədbirləri görəcəklər? İnsanların təhlükəsizliyi necə təmin olunacaq və kompensasiyanı kim ödəyəcək? Ən əsası da qəzalı tikililər necə gücləndiriləcək? Bunlar çox böyük problemdir və məsuliyyət vətəndaşların üzərinə qoyulmamalıdır. Təşəbbüs dövlətdən gəlməlidir və tikinti şirkətləri məsuliyyətə cəlb olunmalıdır. Hamısından geniş arayış tələb edilməlidir. Yoxlamalar zamanı da nəhəng tikinti şirkətlərinə rəhbərlik edən şəxslərin və böyük vəsaitlərin xaricə çıxışına məhdudiyyət qoyulmalıdır. Allah göstərməsin, Bakıda güclü zəlzələ olsa, aqibətimizi təsəvvür belə etmək istəmirəm. Türkiyə kimi böyük bir dövlət zəlzələdən dolayı siyasi, iqtisadi-sosial baxımdan bu qədər sarsılırsa, görün Azərbaycanın durumu necə olar?! Qonşularımız da İran, Rusiya və Ermənistandır. Ona görə də yeni binaların texniki baxışı mütləq olmalıdır. Boşluqlar dərhal aradan qaldırılmalıdır".

  T.Abbaslı vurğulayıb ki, alt mərtəbələrdə daşıyıcı sütunların sökülməsinə qətiyyən imkan vermək olmaz:

 "Bunu edənlər və göz yuman qurumlar ciddi şəkildə cəzalandırılmalıdır. Əgər yaşayış üçün təhlükəli çoxmərtəbəli binalar varsa, tezliklə boşaldılmalı və insanların ziyanı həmin şirkət tərəfindən ödənməlidir. Göz görə-görə vətəndaşlarımızı qəzalı, təhlükəli binalarda yaşada bilmərik. Məsələyə və problemə yanaşmamız kompleks olmalıdır. Hökumət Bakı şəhərində binaların zəlzələyə nə qədər davamlı olması ilə bağlı xüsusi və konseptual proqram hazırlamalıdır. Pərakəndə şəkildə, üç-beş sakinin müraciəti ilə sözügedən problemin ümumi həlli mümkünsüzdür. Kimsə məsuliyyətsiz yanaşıb, zəng etməsə, müraciət bildirməsə, bəs nə olacaq? Hansısa dələduzun milyonlar qazanması naminə Bakı şəhərinin əhalisini risk altında qoymaq olmaz".