Firdovsi Əliyev vəzifəsindən azad edildi

Prezident İlham Əliyevin imzaladığı sərəncamla ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev vəzifəsindən azad edilib.
Bakupost.az xəbər verir ki, bu barədə məlumat nazirliyin saytında yerləşdirilib.
Dövlət başçısının digər sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva isə ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Əliyev Firdovsi Şahmirzə oğlu 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olub.
1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib.
1988-1991-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspirant olub.
1991-1993-ci illərdə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, 1993-2000-ci illərdə AMEA Torpaq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.
1994-cü ildən kənd təsərrüfatı elmləri namizədidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
2002-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.
2004-cü ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini təyin edilib.
2021-ci ildə Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.