Döyməklə tərbiyə etmək olmaz

Bu,  uşaqlarda aqressiyaya gətirib çıxarır

“Əgər valideynlər uşaqları ilə  bacara, onu düzgün yönləndirə bilmirsə, mütəxəssisə müraciət etsinlər”



  “Övladım çox dəcəldir, nə məktəbdə, nə də evdə heç kimə dinclik vermir”. Azyaşlı uşaqların valideynlərindən  bu cür şikayətləri tez-tez eşidirik. 
  Hətta küçədə, ictimai nəqliyyatda  valideynləri ilə inadlaşan, “sakit ol” tələbinə əhəmiyyət verməyən uşaqlarla da tez-tez rastlaşırıq. Camaat baxır deyə, analar nə qədər səbrli davransalar da,  elə küçənin ortasındaca uşağının üstünə qışqıran, hətta vuran valideynlərimiz də az deyil. Təbii olaraq, hamı  valideyni qınamağa başlayır ki, uşaq qanmır, böyük niyə əsəblərini cilovlamır?! 
  Bəs, valideynlərinin sözünə qulaq asmayan, çətin tərbiyə olunan uşaqlarla necə davranmaq lazımdır?
  Qeyd edək ki, son illər dünyada uşaqlarda hiperaktivlik və diqqət pozğunluğu kimi anormal hallar geniş yayılıb. Hazırda bu məsələ psixoloqlar arasında araşdırma obyekti kimi fəal mövzudur. 
  Uşaq davranışlarını araşdıran bir psixiatr və pedaqoq Rudolf Dreykursun dediyinə görə, uşaqların pis davranmalarının səbəbləri hədsiz diqqət, qisaq almaq, güc və ya səlahiyyət tələb etmək və ya diqqətsizlikdir. Yəni uşağın anaya vurmaq və sinifdə özünü pis aparmaq kimi mənfi davranışları, maraq və sevgi çatışmazlığının əsasını təşkil edir.
  Mütəxəssis, klinik-psixoloq Fundem Ece Kaykaç isə  ilk növbədə "dəcəl uşaq" etiketinin aradan qaldırılması lazım olduğunu söyləyir. Onun sözlərinə görə, dəlisovluğu uşağın üzünə nə qədər çox vurulsa, fəsadları da bir o qədər böyük olacaqdır: “Bir valideyn olaraq, övladınıza davamlı açıqlamalar verməyiniz və "bunu belə etmə", "səhv edirsən", "nə qədər dəcəl bir uşaqsan" və ya "başqalarının uşaqları belə etmir" deməyiniz heç bir məna daşımayacaq. Çünki övladınızın davamlı olaraq empatiya etməsini gözləyirsiniz, ancaq yalnız sizin etdiyiniz hərəkətləri edə bilər. Adından da göründüyü kimi, sadəcə bir uşaqdır”.
  Psixoloq Nailə Əzizli isə hesab edir ki, çətin tərbiyə olunan uşaqlar böyüklərin sözünə inanmır. Böyüklər belə uşaqlar üçün “düşmən” kimi görünür.  Çətin tərbiyə olunan uşaqlar adətən aqressiv, dava-dalaşlı evlərdə doğulan uşaqlardır. Psixoloqun sözlərinə görə, uşaqları döyməklə tərbiyə etmək onların gələcəkdə müxtəlif cinayətlərə əl atmasına səbəb ola bilər. Valideynlər uşaqların tərbiyəsinə diqqətli yanaşmalıdırlar. Çünki hər hansı bir yanlış addım onların gələcəyini məhv edə bilər: “Başa düşürük,  uşaqlarını döyərək tərbiyə etməyə çalışan valideynlər  bunu müvəqqəti hisslərin təsirinə qapılaraq edir.  O an  düşünmək lazımdır ki, uşağa bu gün etdiyim bu şiddətin fəsadları, nəticələri onda müxtəlif dərəcəli stress pozuntusuna, özünə qapanmalara, özündən başqalarına şiddət tətbiq etmək hirsinin yaranmasına, özünü daima aşağılanmış, təhqir edilmiş hiss etməsinə, özgüvəninin itməsinə, cəmiyyətdə ya daima sıxılıb qorxaraq yaşamasına, ya da aqressiv, təcavüzkar insana çevrilməsinə səbəb ola bilər.
  Valideynlər elə bilir şiddət göstərməklə uşaq onların sözünə qulaq asacaq. Halbuki bu, doğru üsul deyil. Uşaqları döymək heç bir halda düzgün metodika deyil. Bu,  uşaqlarda aqressiyaya gətirib çıxarır.  Əgər valideynlər  uşaqları ilə  bacara, onu düzgün yönləndirə bilmirsə, mütəxəssisə yönləndirsin.
  Xüsusən də özlərini pis aparan, dəcəllik edən, digər uşaqları döyən, yəni davranış pozuntuları olan uşaqlara psixoloji dəstək mütləqdir. Daha çox hiperaktiv davranış pozuqluğu olan uşaqlarda bu hallara rast gəlirik. Bu isə ailədən gələn bir durumdur. Hiperaktivlik genetikaya dayanır, davranış pozuntusu isə sonradan, ətraf mühitin təsirindən yaranan bir pozuntudur. Bir çox hallarda valideynlər özləri uşaqları təhrik edir ki, bu cür davransınlar”.