Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi noyabrdan vəzifəsinin icrasına başlayacaq

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel özünün baş diplomatik müşaviri Maqdalena Qrononun Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin olunmasını alqışlayır.
Bu barədə APA-ya Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəliyinin Ofisindən bildirilib.

Bildirilib ki, təyinat Aİ-nin regionla əlaqələrində həlledici vaxta təsadüf edir və bu təyinat xanım Qrononun uzunmüddətli təcrübəsinin, geniş biliyinin və bu sahəyə verdiyi töhfənin tanınmasıdır:

“Maqdalena Qrono 2024-cü il noyabrın 1-dən vəzifəsinin icrasına başlayacaq. O, bu vaxta qədər Avropa İttifaqı Şurasının Prezidentinin baş diplomatik müşaviri kimi öz vəzifələrini yerinə yetirməyə davam edəcək, Aİ-nin xarici siyasətinin, o cümlədən Cənubi Qafqaz üzrə kursunun müəyyənləşdirilməsinə töhfə verəcək. O vaxta qədər EUSR-nin mandatının davamlılığı EUSR ofisi tərəfindən təmin ediləcək”.

Qeyd edək ki, daha əvvəl bu vəzifədə Toivo Klaar çalışıb.