Deputatlar narazıdır: Qanunun üzərində xeyli işləmək lazımdır

"Elektroenergetika haqqında” qanunun bu şəkildə qəbulu ciddi problemlər yarada bilər


  Milli Məclisin üzvləri “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı layihəyə yenidən baxılmasını və üçüncü oxunuşa kimi dinləmələr keçirilməsini təklif ediblər. Deputat Razi Nurullayev bildirib ki, "Elektroenergetika haqqında” qanunun bu şəkildə qəbulu ciddi problemlər yarada bilər: "Qanun üzərində xeyli işləmək lazımdır. Onu sadə istehlakçıların, yəni elektrik enerjisindən istifadə edən aztəminatlı insanların maraqlarına uyğunlaşdırmağa çalışmalıyıq”. Deputat deyib ki, qanunun bu şəkildə qəbulu elektrik enerjisinin qiymətinin bir neçə dəfə artması ilə nəticələnəcək: “Bu isə sosial narazılıq, əhalinin sosial vəziyyətinin ağırlaşması və bütün istehlak məhsullarının artımına səbəb olacaq. Yəni bazarda olan qiymətlər də 2-3 dəfə bahalaşacaq. Bunun ardınca qaz və su qiymətləri də artmağa doğru gedəcək, çünki iqtisadiyyatın aparıcı qüvvəsi həm də elektroenergetika sahəsidir. Digər tərəfdən, elektroenergetika bazarının liberallaşdırılması enerjinin müxtəlif şirkətlər tərəfindən əhaliyə satılması deməkdir. Bu gün regional paylayıcı şəbəkələrin 70 faizi istismar dövrünü bitirib, irihəcmli sərmayələr tələb olunur ki, onları sağlamlaşdıra bilək. Biz bu şəbəkələri sağlamlaşdırmadan liberal bazar modelinə keçidlə vəziyyəti daha da ağırlaşdıracağıq. Əminlik varmı ki, hansısa şirkət yüz milyonlarla vəsaiti yatıracaq və regional paylayıcı şəbəkələri yeniləyəcək? “Barmek” və “Bayva”nın timsalında gördük ki, mövcud sistemləri dağıtdılar, bir manat da vəsait yatırmadılar. Pul qazanmaq istəyən şirkətin nəyinə lazımdır ki, camaat narazı qalacaq, ödəməyə gücü çatmayacaq. Şirkətlərin qarşısında tələb qoyulacaq ki, infrastrukturu yeniləyin. Onlar da baxacaq ki, mövcud tariflə pul yatırmağa dəyməz, tələb edəcək ki, enerji tarifləri iki-üç dəfə bahalaşsın. Onlar camaatın, kasıb xalqın cibinə girib olan-olmazını süpürüb yatırım qoyacaq, qazanacaq, sosial narazılığı da nəzərə almayacaq. Burada oturan deputatlar narazı camaatın qabağına çıxmalı olacaq. Hökumət nümayəndələri, dövlət adamları narazı xalqın qarşısında cavab verməkdə çətinlik çəkəcək. Demirəm ki, qəbul etməyək. Edək, amma indi yox. Heç olmasa, qanunun qüvvəyə minməsi tarixini çəkək 2028-ci ilə. Qanun beş il sonra qüvvəyə minsin. Təklif edirəm ki, ictimai dinləmə keçirilsin, bunu birbaşa qəbul etməyək. Parlamentdə gözəl bir ənənə yaranıb. Maraqlı tərəflərin iştirakı ilə geniş ictimai dinləmə keçirilir. İctimai dinləmə keçirilsin, maraqlı tərəflər fikirlərini əsaslandırsın. Qanunu təqdim edən tərəf, ictimai təşkilatlar, ekspertlər, dövlət idarələri iştirak etsin, suallarımıza cavab versin”.

"Niyə bununla bağlı pilot layihə həyata keçirmirik?"

  Deputat Vahid Əhmədov da qeyd edib ki, bu, sosial sahəyə təsir edən qanundur, ona görə də bu şəkildə qəbul edilməsinə qarşıdır. Onun sözlərinə görə, yeni sənədin icrası Azərbaycanda ciddi problem yarada bilər: "Qanun layihəsinin qısa müddətdə qəbul edilməsi ilə vaxtilə fəaliyyət göstərən “Barmek” şirkətindəki ("Bakıelektrikşəbəkə"nin idarəedicisi) kimi ciddi problemlərlə üzləşə bilərik. Niyə bu qanun layihəsini pilot kimi həyata keçirmirik?! Pilot layihə kimi özünü doğrultsa, sosial sahədə heç bir problem yaranmasa, o zaman layihənin qəbulu müsbət həllini tapar. Odur ki, qanun layihəsinin indi qəbulu tezdir. Layihənin ictimai müzakirəsinə böyük ehtiyac var. Hələlik qanun layihəsinin qəbulu saxlanılsın”.

"Azərbaycanda son 7 ildə heç bir özəl tekstil müəssisəsi açılmadı"

  Deputat Fazil Mustafa da qanunun qüvvəyə minmə müddətinin daha gec olmasını vacib hesab edib və bu sahədə öncə pilot layihələr həyata keçirilməsi təklifini dəstəkləyib: “Nəzarət və tənzimləmə dövlət qurumu tərəfindən həyata keçiriləcək, bu da liberal tənzimləmə deyil, sahibkar investisiya yatırmaqda maraqlı olmayacaq. Qiymətlərin düzgün tənzimlənməməsi nəticəsində Azərbaycanda son 7 ildə heç bir özəl tekstil müəssisəsi açılmadı. Bir neçə il əvvəl Qobustanda xalçaçılıq fabriki açılıb, enerji məsrəflərinə görə bağlandı. Tənzimləmənin düzgün olmaması səbəbindən sahibkar müəssisəni bağlamaq məcburiyyətində qaldı. Elektrik və qaz təchizatının olmaması səbəbindən müəssisə işini dayandırırsa, 10 min manatlarla zərərə uğrayır. Sahibkar məhkəməyə müraciət edirsə, qarşısında dövlət durur. Ona görə də bu məsələnin peşəkar müzakirəsi yaxşı olardı. Elə bir qanun qəbul edərdik ki, liberal tənzimləməyə yol açsın. Bu qanun yenə də tənzimləmə sahəsində dövlətin əsas sahibi olduğunu əks etdirir”.
  Deputat Elman Nəsirov də qanunla bağlı sosial məqamlara diqqət yetirilməsini vacib sayıb: “Xarici şirkətlərin bu sahəyə cəlb edilməsi tarif qiymətlərinə təsir edə bilər”.

"Bizdə artıq belə ənənə var, dinləmələr..."

  Deputatlar tərəfindən bir çox ciddi məsələlərin qaldırıldığını qeyd edən Milli Məclis sədri Sahibə Qafarova qanun layihəsi ilə bağlı müvafiq dövlət qurumlarının iştirakı ilə dinləmənin keçirilməsini mümkün sayıb. Spiker, eyni zamanda komitə iclasına da müvafiq dövlət qurumlarının nümayəndələrinin dəvət olunması məsələsinə baxılmasını vacib hesab edib: "Layihə ilə əlaqəli çıxışlarda kifayət qədər ciddi məsələlərə toxunulub. Sadiq Qurbanov, üzümü sizə tutub deyirəm, bizdə artıq belə ənənə var ki, çıxış edən deputatlar komitə iclasında bir aya gələrək səsləndirdikləri təklifləri müzakirə edirlər. Eyni zamanda dinləmə keçirilməsi təklif edildi və buna ehtiyac olduğundan keçirə bilərik”. 
Qeyd edək ki, qanun layihəsində Azərbaycanda elektrik enerjisinin topdansatış bazarının fəaliyyətini təşkil etmək məqsədilə müstəqil bazar operatorunun yaradılması nəzərdə tutulur.