Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı şəhid olan Orxan Əsgərovun 40 mərasimi keçirilir - FOTO

Bu gün Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun 40 mərasimidir. 
Oxu.Az-ın məlumatına görə, şəhid Orxan Əsgərovun 40 mərasimi Gəncə şəhəri “Kür Xəzə” Mərasim evində keçirilir. 
Mərasim saat 16:00-a qədər davam edəcək. 
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. 
Qeyd edək ki, Gəncədə doğulan Orxan Əsgərov Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan 1 saylı xəstəxananın Pediatriya şöbəsinin müdiri Rizvan Əsgərovun oğlu idi. Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb. O.Əsgərov ailəli olub. Onun 16 yaşlı qızı, səkkiz yaşlı oğlu qalıb.