BAEA rəsmisi:“Pandemiya səhiyyə sektorunu onilliklər geriyə atıb”

“COVID-19 pandemiyası səhiyyə sektorunu bəzi istiqamətlərdə, məsələn, xərçəng tədqiqatlarında onilliklər geriyə atıb”.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyin (BAEA) Baş direktorunun müavini Nacat Moxtar X Qlobal Bakı Forumunun panel müzakirələri zamanı deyib.
“Araşdırmalarımıza əsasən, Afrika ölkələri daxil olmaqla, bir çox ölkələrin radiasiya terapiyasına lazımi şəkildə çıxışı yoxdur”, - o vurğulayıb.
N.Moxtar lazımi avadanlıqların baha olduğunu və bu ölkələrin bu məbləği ödəyə bilməyəcəyini qeyd edib:
“Afrikadan başladıq. Amma biz humanitar təşkilat deyilik, bu məsələdə köməyə ehtiyacımız var”.
O, həmçinin BAEA ilə FAO-nun baytarlıq xidmətləri ilə əməkdaşlıq üzrə birgə proqramı haqqında danışıb, koronavirusun heyvanlardan insanlara keçməyə başladığını xatırladıb: “Pandemiyanın qarşısını almaq üçün sehrli həll yolu axtarmırıq, lakin bu istiqamətdə səylər göstəririk”.