Azərbaycanda xüsusi karantin rejimi uzun müddət davam etməyəcək


Növbəti mərhələdə quru sərhədlərin açılması ilə bağlı müsbət qərar veriləcək


  Baş nazirin müavini Şahin Mustafayev quru sərhədlərinin açılması məsələsinə münasibət bildirib. Şahin Mustafayev deyib ki, Operativ Qərargah tərəfindən mövcud epidemioloji vəziyyətə uyğun olaraq qərarlar qəbul olunur.

Baş nazirin müavini bu məsələ ilə bağlı dəqiq vaxt deyə bilməyəcəyini qeyd edib.
  Şahin Mustafayevin sözlərinə görə, vəziyyətə uyğun müvafiq qərar qəbul olunacaq. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı Pandemiyanın bitdiyini elan etsə də, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il mayın 1-i saat 06:00-dək uzadılıb.
  Əksər ölkələrdə isə  mərhələli şəkildə koronavirusla bağlı qadağalar aradan qaldırılıb. Azərbaycanda da COVID-19-la bağlı qadağaların əksəriyyəti  ləğv olunsa da, quru sərhədlərin açılması ilə bağlı qərar yoxdur. 
  Biz mərhələli şəkildə və epidemioloji vəziyyətə uyğun olaraq quru sərhədlərin açılmasını təklif edirik.
Ekspertlər isə hesab edir ki, qarşıda turizm mövsümü gəlir və Azərbaycana gələn turistlərin təxminən 70 faizi sərhədimiz olan ölkələrin payına düşür. Bu səbəbdən quru sərhədlərin açılması turizmin inkişafı baxımından vacibdir. Eyni zamanda vətəndaşlarımızın qonşu ölkələrə daha asan və az xərclə getməsi də önəmlidir. 
Professor Adil Qeybulla isə “Şərq”ə açıqlamasında deyib ki,  pandemiya hələ bitməyib, sadəcə karantin qaydaları çox yumşaldığından biz koronavirusu bir o qədər də  hiss etmirik: “Amma  bu il bitməsi proqnozlaşdırılır, yoluxma sayından da göründüyü kimi, COVİD-19  yavaş-yavaş öz  qürubuna yaxınlaşır. Çox güman ki, il ərzində bitməsi ilə bağlı rəsmi bəyanat veriləcək. Hələlik isə pandemiya davam edir.  Nə ÜST, nə də  dünyanın digər mötəbər mərkəzləri COVİD-19 pandemiyasının bitdiyinə dair  raport verib.  Hətta  infeksiya zənciri ayrı-ayrı ölkələr tam qırılmayıb. Ayrı-ayrı  ölkələrdə epidemioloji vəziyyətə uyğun qərarlar qəbul edilir. Bir çox ölkələrdə koronavirusun əvvəlki 4 növünün, Sars 2-nin performansları davam edir. Koronavirusun sonuncu ştamı hesab olunan Omikronun belə mutasiyası davam edir. Pandemiyanın bitməsinə dair dünyanın nüfuzlu Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin  yekun rəyi və ÜST-nin rəsmi bəyanatı olmalıdır. 
  Hər nə qədər koronavirusa yoluxma hallarında kəskin azalmalar müşahidə edilib, ölüm sayı minimuma ensə də, hüquqi baxımdan karantin rejiminin ləğv edilməsi üçün rəsmi raportun olması  çox vacibdir. ÜST rəsmilərinin dilindən şifahi formada verilən elanlar hüquqi əhəmiyyət daşımır. Necə ki, çiçək virusu tamamilə yoxa çıxandan sonra artıq onun vaksinasiyası dayandırıldı və 1980-ci ildə dünya səhiyyə təşkilatı tərəfindən  çiçək virusunun rəsmi bəyanatı verildi. Həmçinin də 2019-ci ildən yayılmağa başlayan və davamlı olaraq mutasiyaya uğrayaraq insanları yoluxduran COVİD-19-a yoluxma sayı sıfıra çatanda pandemiya bitmiş hesab olunacaq”.
  Quru sərhədlərinin açılmasına gəldikdə isə  professor deyib ki, bu məsələ daxili epidemioloji mühitə uyğun tənzimlənməlidir. Hesab edirəm ki, Azərbaycanda xüsusi karantin rejimi uzun müddət davam etməyəcək və növbəti mərhələdə quru sərhədlərin açılması ilə bağlı müsbət qərar veriləcək: “Əslində quru sərhədlərin açılması ilə bağlı qərarı  Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Bu məsələdə təkcə bizim ölkə deyil, sərhəd qonşularımızdakı epidemioloji vəziyyət də nəzərə alınır. Operativ Qərargahın mövcud vəziyyəti nəzərə alaraq mərhələli şəkildə quru sərhədlərlə bağlı qərar qəbul etməsini məqbul sayıram".