Şuşada Novruz tonqalı qalanıb: aksiya davam edir 


Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda etiraz aksiyasının keçirildiyi ərazinin yanında Novruz tonqalı qalanıb.

“Report”un hazırda Şuşada olan əməkdaşı xəbər verir ki, bununla yanaşı ərazidə bayram simvolu sayılan səməninin təsviri quraşdırılıb.

Eyni zamanda aksiya iştirakçıları üçün Novruz süfrəsinin təamlarından olan şəkərbura, paxlava, qoğal və digər şirniyyatlar hazırlanıb.

Bununla yanaşı, ərazidə musiqi səhnəsi quraşdırılıb və müxtəlif mahnılar səsləndirilir.

Hazırda aksiya bayram əhvali-ruhiyyəsi ilə davam edir.

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur və yol humanitar məqsədlər üçün açıqdır.

Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.