Ermənilərin “su terroru”...

Xankəndidəki separatçı rejim Sərsəng su anbarında suyun səviyyəsini aşağı salıb

Sərsəng su anbarından istifadə dərhal Azərbaycanın ixtiyarına verilməlidir


  Xankəndidəki separatçı rejim Azərbaycan ekologiyasına və iqtisadiyyatına qarşı yeni terror aktına başlayıb. Elektroenerji istehlakını dəfələrlə artıran separatçı rejim Sərsəng su anbarında suyun səviyyəsini aşağı salıb. Su anbarı qurumaqdadır və bu stansiyanın fəaliyyətini ciddi risk altına almaqdadır. Xankəndidəki separatçı rejimin həyata keçirdiyi ekosid nəticəsində son 28 ildə Sərsəng su anbarında suyun səviyyəsi 25,4 metr aşağı düşüb.

 Mütəxəssislərin hesablamalarına görə, anbarın su ilə doldurularaq normal səviyyəyə çatdırılması üçün minimum iki il lazımdır. Separatçı rejimin "su komitəsi sədri" Georgi Ayriyayan da etiraf edib ki, Sərsəngdə suyun səviyyəsinin aşağı düşməsinin daha da sürətlənməsinin əsas səbəbi elektroenerji istehsalının artırılmasıdır. 5 su-elektrik stansiyası (SES) hələlik rusiyalı sülhməramlı kontingentin kontrolundakı ərazilərdə qalıb. Separatçı rejim elektroenerji təminatında əsas mənbə qismində Sərsəng su-elektrik stansiyasından istifadə edir. Xarici işlər naziri Ceyhun Bayramovun sözlərinə görə, Ermənistanın Azərbaycanın bir zamanlar işğal altındakı ərazilərində qeyri-qanuni fəaliyyəti ilə bağlı məsələyə hüquqi müstəvidə baxılmalıdır. Bu prosesin sülh müqaviləsinin imzalanması prosesinə heç bir təsiri yoxdur və ayrıca müzakirə olunur. Ölkəmiz Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq Ermənistana qarşı dövlətlərarası arbitraj prosesini başlayıb. İşğal illərində Ermənistan Sərsəng su-elektrik stansiyası ilə yanaşı, işğal etdiyi ərazilərdəki digər SES-ləri qanunsuz istismar edib, əldə olunmuş elektroenerjini İrəvana ötürüb. Xankəndidəki separatçı rejim isə bizi yeni ekoloji terror aktı ilə hədələyir. 

Rejimin başçısı Araik Arutyunyan bəyan edib ki, Sərsəng su anbarında "yaranmış vəziyyətlə əlaqədar olaraq" Azərbaycanın Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarında 96 min hektar əkin torpaqları suvarılmadan məhrum olunacaq. Bu, aşkar şantaj və ekosid xəbərdarlığı sayıla bilər. Xatırladaq ki, 1976-cı ildə Tərtərçayın üzərində, keçmiş Ağdərə, indiki Tərtər rayonu ərazisində inşa edilmiş Sərsəng su anbarının ümumi su tutumu 560 milyon kubmetr, bəndinin hündürlüyü 125 metrdir.

  Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Şərq"ə açıqlamasında deyib ki, işğala son qoyulsa da, sülhməramlıların nəzarəti altında, Qarabağın ermənilər yaşayan hissəsində qalan Sərsəng su anbarından Azərbaycanın rayonlarına su verilişi hələ də bərpa edilməyib. Partiya təmsilçisi bildirib ki, ermənilər faktiki olaraq “su terroru”nu davam etdirir: 

"Qarabağın dağlıq hissəsindən gələn Xaçınçayın, Qarqarçayın qarşısı tamamilə kəsilib. Eyni zamanda Sərsəng su anbarından Suqovuşan su anbarına, habelə kanallar, Tərtər çayı vasitəsilə, ondan ayrılan qollarla Azərbaycanın rayonlarına birbaşa gələn xətlərə su buraxılmaması cinayəti də davam edir. Sərsəng su anbarının işğal altında olduğu müddətdə texniki qurğuları və avadanlıqları baxımsızlıqla üzləşib. Onlara xidmət göstərilməməsi səbəbindən hazırda qəza vəziyyətinə düşüblər.

 Odur ki, su anbarının hər an dağılması və Azərbaycanın rayonlarını su altında qoyması təhlükəsi var. Habelə, ermənilərin bunu təxribat məqsədilə qəsdən dağıda biləcəyi də istisna deyil. 

Bu isə azı 1 milyondan çox insanın daim təhlükə altında olması deməkdir. Bütün qeyd olunanlar səbəbindən Sərsəng su anbarından istifadə dərhal Azərbaycanın ixtiyarına verilməlidir. Azərbaycan qısa müddətdə su anbarında yenidənqurma işləri aparar. 

Eyni zamanda anbardan səmərəli şəkildə istifadə edilməklə, öz təyinatı üzrə Azərbaycanın rayonlarına su verilişini bərpa etməsi onun həm hüququdur, həm də bu, beynəlxalq sənədlərin tələbidir".