Dərmanların qiyməti ucuzlaşa bilər


Əhliman Əmiraslanov bildirib ki, dərmanların ölkəyə gətirilməsi ilə bağlı bürokratik əngəllər aradan qaldırılmalıdır


  "Dərman istehsalı məsələsində xeyli geridə qalmışıq, mən bununla razıyam. Bildiyimə görə, Ələt Azad İqtisadi Zonasında bir neçə dərman istehsalı müəssisələrinin tikilib istifadə verilməsi nəzərdə tutulub".
 Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib. Deputat əlavə edib ki, İsrail və qardaş Türkiyədən, həmçinin digər ölkələrdən məhz bu istiqamətdə mütəxəssislər dəvət olunub. O, hazırda ölkədə istehsal olunan dərman vasitələrinə dərman deməyin lazım olmadığını qeyd edib: “Bizdə olan dərman istehsalına, sözün düzü, dərman istehsalı demək olmaz. Bunlar tibb üçün lazım olan vəsaitləri istehsal edirlər”.

  Əhliman Əmiraslanov bildirib ki, dərmanların ölkəyə gətirilməsi məsələsi mütləq sadələşdirilməlidir, bürokratik əngəllər aradan qaldırılmalıdır: “Hesab edirəm ki, bütün bu prosesdən sonra qiymətlərdə müəyyən dəyişikliklər ola bilər”. Ə.Əmiraslov Azərbaycandakı tibbi təhsillə bağlı tənqidlərə də cavab verib: “Azərbaycanda olan tibb təhsili Avropa və Türkiyə təhsili ilə tamamilə eynidir. Rezidentura sistemimiz Türkiyə rezidenturasına tamamilə yaxındır. Razıyam, rezidentlərin hazırlandığı klinikaların sayı çoxdur. Kiçik həcmli klinikalarda rezident hazırlamaq olmaz, bunun üçün aparıcı tibb müəssisələri olmalıdır. Sistemə gəldikdə isə, dediyim kimi, Avropa və Türkiyə ilə eynidir”.

  Komitə sədri vurğulayıb ki, tibbi tullantıların toplanması, emalı ilə bağlı müəyyən iş görülməlidir: "Tibbi tullantıların toplanması, emalı xüsusi bir texnologiya tələb edir. Ona görə də bu məsələ ölkədə nə vəziyyətdədir, necə aparılır və digər bu kimi suallar ətrafında düşünməli, müəyyən iş görülməlidir. Bu məsələ ilə məşğul olduqdan sonra yaxın bir vaxtda Milli Məclisin Səhiyyə komitəsində tibbi tullantılarla bağlı dinləmə keçirməliyik”.

  Ə.Əmiraslanov bildirib ki, TƏBİB-lə danışıqlar aparılmalı, qazilər və şəhid ailələri üçün ambulator müalicə zamanı dərmanlar pulsuz olmalıdır: “Bu, ciddi xərc tələb edir, doğrudur, amma bu istiqamətdə ilkin olaraq, şəhid ailələri və qazilər üçün, sonrakı dönəmdə əlillər və təqaüddə olan insanlar üçün bu addımı atmaq olar". Deputat ölkədəki dərman çatışmazlığı məsələsinə də toxunub: “Hazırda ölkədə dərman çatışmazlığı var, bəzən dərmanların keyfiyyəti məsələsi gündəm olur, şikayətlər olur. Həmçinin dərmanların qiyməti məsələsi də narazılıq yaradır. Dünən mən görüşdə idim, orada məhz bu məsələ ilə bağlı müraciətlər oldu. Hesab edirəm ki, bütün bu hallar nəzərə alınmalıdır”. 

  Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib ki, bizim ölkədə qonşu ölkələrə baxanda dərmanların qiyməti 3-4 dəfə bahadır: "Nəyə görə dərman tapılmır? Ölkədə ən vacib olan dərmanları tapmaq qeyri-mümkündür. Biz şirkətlərə sual edirik, ölkədə dərman qiymətləri bu qədər bahadırsa, niyə o dərmanları gətirməkdə maraqlı deyillər?".