“Bələdiyyələr idarəetmədə çevikliyi artıracaq”

İcra hakimiyyətlərinin ləğv edilməsi məsələsi çoxdan gündəmdir. Dəfələrlə bu məsələyə toxunmuşam. Demişəm ki, artıq icra hakimiyyəti orqanlarının vəzifəsi səlahiyyətli nümayəndələrə verilməlidir".
Bu sözləri ötənlərdə Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
“Çünki bu, faktiki olaraq Qarabağda özünü müsbət bir məqam kimi göstərdi və hazırda orada müsbət işlər görülür. Odur ki, bütün Azərbaycan ərazisində bu həyata keçirilməlidir”, - deyə o əlavə edib.
Deputat Prezident İlham Əliyevin Məsim Məmmədovu Laçın rayonuna Prezidentin səlahiyyətli nümayəndəsi təyin etməsindən sonra analoji prosesin Azərbaycanın digər rayonlarında da həyata keçiriləcəyini bildirib:
“İstərdim ki, Azərbaycandakı 14 iqtisadi rayonun hər birinin rəhbərliyinə dövlət başçısının səlahiyyətli nümayəndələri təyin olunsun. Onlar investisiya yatırımları ilə yanaşı, əhalinin sosial problemləri ilə məşğul olsunlar. 
Digər tərəfdən, bələdiyyələrə daha çox səlahiyyət verməliyik”.
V. Əhmədov hesab edir ki, səlahiyyətli nümayəndənin təyin edilməsi müsbət haldır və bu proses bütün Azərbaycanı əhatə etməlidir:
“Yeni sistemdə kadrlar dəyişdirildi, hər bir nümayəndə təyin olunanda Prezident ona göstərişlərini verir, müəyyən problemlərin olduğunu onun nəzərinə çatdırır. Deyir ki, gedin, işləyin, əhalinin xidmətində olun. Bu da artıq o insanların özlərindən və əhali ilə təmaslarından asılıdır. Sözsüz ki, yeni sistem korrupsiyanın da qarşısını müəyyən qədər ala bilər”.

Bununla bağlı “Sherg.az” a danışan  “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli bildirib ki, bu çox ciddi və daim gündəmdə olan bir mövzudur. Onun sözlərinə görə, Azərbaycan yerli icra strukturlarının idarə edilməsində yeniliyə can atmalıdır:
“Bu, əsasən regional idarəetmə ilə bağlı olmalıdır. Nəticə də əgər Azərbaycan həmin o 14 iqtisadi rayon üzrə inkişafı təmin etmiş olsa, hazırda olan yerli icra strukturlarının səlahiyyətinin bir qismini bələdiyyələrə verməklə müəyyən mənada inkişafa çata bilər. Bu həm standarta cavab verməkdir, həm də məsuliyyəti sakinlərin,vətəndaşların üzərinə qoymaqla problemlərin həllini sürətləndirməkdir. Düşünürəm ki, belə bir addımın atılması regional idarəetməyə keçidə və nümayəndəliklərin yaradılmasına öz töhvəsini vermiş olar. Laçın üzrə təyin olunmuş nümayəndəlik prossesin sürətlənəcəyindən xəbər verir. Ona görədə istər Qarabağ regionunda, istərsə də digər ərazilər də yaradılacaq perspektivdə məsələlərin həlli sürətlənəcək. Nəticə etibarı ilə bələdiyyələr idarəetmədə operativliyi və çevikliyi artıracaq”.

Şərqiyyə Nəbi