5-ci dəfə evlənirdi… olmadı

92 yaşlı media kapitanı aşiq olmaqdan qorxurdu

  Böyük Britaniyada “Times” və “Sun” qəzetlərinin də daxil olduğu media imperatorluğunun sahibi, 92 yaşlı Rupert Murdok nişanlısı, 66 yaşlı Ann Lesli Smit ilə bu yaz aylarında rəsmi nikaha daxil olmağı planlaşdırırdı. Lakin gözlənilən toy məclisi ləğv edilib. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, nikah mərasiminin ləğvinə səbəb cütlüyün ayrılmasıdır.

Bundan əvvəl “Nyu York Post”a verdiyi müsahibədə Rupert Murdok 66 yaşlı A.L.Smitə “Asscher”dən tək qaşlı brilliant üzük hədiyyə edərək evlənmək təklifində bulunduğunu bildirmişdi. R.Murdok 4 dəfə evil olub. Dördüncü həyat yoldaşı Jerri Halldan təxminən 1 il əvvəl boşanıb. R.Mudrok bir daha evlənmək barədə ciddi düşünəcəyini desə də, xanım Smitlə evliliyinin sonuncu ola biləcəyini də deyib. “Çox gərgindim. Aşiq olmaqdan qorxurdum. Amma bunun son evlilik olacağını bilirəm. Belə olsa, yaxşıdır. Xoşbəxtəm”. Ann Lesli dünyasını dəyişmiş sənətçi və iş adamı Çester Smitin keçmiş həyat yoldaşıdır. Ann Lesli isə Murdokla münasibətlərini “bu, Tanrının bir lütfüdür” şəklində izah edərək “biz eyni dildə danışırıq!” söyləmişdi. 

Amma göründüyü kimi, “eyni dildə danışanlar” da qısa zamanda ayrıla bilir. Cütlük yollarını ayırmağa qarşılıqlı qərar verib. Və yaz aylarına planlaşdırılan toy ləğv edilib.