Tıxacların qarşısı alınacaq

İctimai nəqliyyatın idarə edilməsi və mobillik modeli hazırlanır

Avtobuslar üçün ayrılmış xüsusi zolaqların işlək olması şəxsi avtomobildən istifadə edənlərin bir çoxunu ictimai nəqliyyata yönəldəcək


  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ictimai nəqliyyatın tənzimlənməsi üçün kompleks tədbirlərin görülməsini vacib sayır. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Report”a açıqlamasında paytaxtda və ətraf ərazilərdə tıxacların artmasının səbəbini açıqlayarkən bildirib ki, Azərbaycanda əhalinin orta sıxlığı hər kv. km-də təqribən 92 nəfər, Bakı şəhəri aqlomerasiyasında 840 nəfər/kv. km, Abşeron iqtisadi rayonu üzrə 400 nəfər/kv. km təşkil edir. Onun sözlərinə görə, nəqliyyat sisteminin tənzimlənməsi üçün kompleks tədbirlər görülməlidir: “İqtisadi aktivliyin, həmçinin əhalinin nəqliyyat ehtiyaclarının artması bütün dünyada, xüsusən iri şəhərlərdə və iqtisadi mərkəzlərdə tıxac probleminin yaranmasına səbəb olur. 

Bakı paytaxt olmaqla yanaşı, ölkəmizin həm iqtisadi, həm təhsil mərkəzidir". R.Hümmətov vurğulayıb ki, bu səbəbdən şəhər ərazisində və şəhərin giriş-çıxış yollarında ilbəil artan sıxlıq müşahidə olunur: "Bakı şəhəri daxil olmaqla Abşeron yarımadasında yaşayan əhalinin sıxlığı və onların mobilliyinin təmin edilməsi nəzərə alınaraq, inteqrasiya olunmuş nəqliyyat sisteminin qurulmasına ehtiyac var. İctimai nəqliyyatın tənzimlənməsi üçün elə bir dayanıqlı model qurulmalıdır ki, həm sərnişinlərin tələbatı ödənilsin, həm daşıyıcıların maraqları qorunsun, həm də göstərilən xidmətlərin keyfiyyəti və qiyməti əhali üçün uyğun olsun. Biz sahəvi nazirlik olaraq konseptual yanaşmanın tərəfdarıyıq. Hazırda qeyd etdiyiniz məsələnin həlli ilə bağlı aparıcı beynəlxalq konsaltinq şirkətləri cəlb olunmaqla ictimai nəqliyyatın idarə edilməsi və mobillik modeli hazırlanır. Modelin məqsədi ictimai nəqliyyatda əlçatanlığın artırılması, şəhərin daxilində mobillik sürətinin artırılması, tıxacların aradan qaldırılması və atmosferə atılan tullantıların azaldılmasıdır. Model çərçivəsində Bakının “rəqəmsal əkizi” yaradılacaq ki, bu da qərarların elmi-praktiki əsaslandırılmasını təmin edəcək. Onu da qeyd etməliyəm ki, modeldə ictimai nəqliyyat, o cümlədən dəmir yolu, metro, taksi, fərdi nəqliyyat vasitələri, eləcə də kiçik təkərli nəqliyyat vasitələri olan velosiped, skuter və samokatlar da nəzərə alınacaq. Eyni zamanda nəqliyyat məsələlərinin həlli istiqamətində görülən işlərlə paralel olaraq, Bakı şəhərinin piyada yönümlü şəhərə çevrilməsi, piyadaların hərəkəti üçün müvafiq infrastrukturun yaradılması məqsəd kimi qoyulub".
  Nazir müavini hesab edir ki, görülən işlər ekoloji tarazlığın bərpa edilməsinə də xidmət etmiş olacaqdır: "Avtonəqliyyat vasitələrinin hərəkət sürəti azaldıqda CO2 tullantısının miqdarı artır, yol hərəkətinin optimallaşdırılması tədbirləri nəticəsində tıxacların aradan qaldırılması və nəqliyyat vasitələrinin hərəkət sürətinin artırılması, bütövlükdə zərərli tullantıların azalmasına səbəb olur. Qeyd etmək vacibdir ki, biz bu layihənin müsbət nəticələrinin qarşıdakı dövrdə ardıcıl olaraq şahidi olacağıq".

  Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev mövcud vəziyyət və çıxış yolları barədə fikirlərini “Şərq”lə bölüşdü: 

- Qarşıya qoyulan məqsədlər əlbəttə, müsbətdir. Doğru olaraq bildirilir ki, nəqliyyat sisteminin təkmilləşməsi üçün kompleks tədbirlər planı hazırlanmalıdır. Bu tədbirlər nədən ibarət ola bilər? İlk növbədə standartlar, qaydalar, qanunlar dəyişməlidir. Hazırda bizim malik olduğumuz nədir: bizim küçə-yol şəbəkəmiz və  avtobus şəbəkəmiz var. Onların üstünlüyünü necə təmin edə bilərik, təbii ki, avtobuslar üçün ayrılımış xüsusi zolaqların işlək olmasını təmin etməklə və bu cür zolaqları artırmaqla. Belə olduğu halda ictimai nəqliyyatın hərəkəti bugünkü hərəkətdən daha çox olacaq və şəxsi avtomobildən istifadə edənlərin bir çoxunun ictimai nəqliyyata yönəlməsinə səbəb olacaq. Bu yetərlidirmi? Əlbəttə, yox. İctimai nəqliyyatın çeşidli olması təmin edilməlidir. Metro ən rahat, sürətli ictimai nəqliyyat vasitəsidir, lakin metronun tikinti sürəti çox zəifdir. Amma yerin üstündə yüngül relsli dəmiryol sisteminin yaradılması problemi kökündən həll edə bilər. Şəhərətrafı elektrik qatarları mövcuddur. Lakin bu azdır. Şəbəkənin artırılması zəruridir. Bunun üçünsə şəhərin alt mərkəzlərinin yaranmasına ehtiyac var.  Şəhər ətrafından mərkəzə və mərkəzin nüvə hissəsinə doğru hərəkət təmin edilməlidir. 0-5-10-15-20 – bu radiuslar üzrə mobilliyin təminini hədəf götürsək, problem həllini tapar. Elektrik qatarları təkcə şəhər ətrafına deyil, mərkəzdən mərkəzə də hərəkət etməlidir; Yeni Günəşli – Yasamal, Binəqədi – Dərnəgül və dəniz sahili, şəhər ətrafı. Kəndlər, qəsəbələrdən şəhərə doğru hərəkəti təmin edən fərqli, çeşidli ictimai nəqliyyat növləri olmalı və onların üstünlüyü təmin edilməlidir. İctimai nəqliyyatda yüngül relsli və yükü götürə bilər nəqliyyat növlərinə üstünlük verilməlidir. Məsələn, tramvaylar, elektrik qatarları daha effektivdir, çünki daha çox sərnişin daşıyır. Həm də dayanıqlı ictimai nəqliyyat növləridir. Tramvaylar 30 il xidmət göstərə bilir, amma avtobusların 7-8 ildən sonra keyfiyyəti aşağı düşür. Parkinq sistemi də yenilənməli, zona-saat parkinq sistemi tətbiq edilməli, mərkəzdən kənarda daha ucuz qiymətlər olmalıdır. Görüləcək iş çoxdur, bunlar hamısı çeşidli islahatlar tələb edir, nədənsə başlamaq lazımdır.