Bu, ictimaiyyəti təhqir etməkdir

Psixoloji problemi olan adam avtomobili arxa-arxaya, həm də uzun müddət idarə edə bilməz

“Ali məktəblərimizdə psixoloji xidmətlə bağlı ciddi boşluqlar var. Təhsil mühiti sağlamlaşdırılmalıdır”

  Paytaxtın mərkəzi yollarında “Volkswagen Touareg” markalı avtomobili arxa-arxaya sürərək yol hərəkəti qaydalarını kobudcasına pozmaqla digər avtomobillərin hərəkətinə mane olan, bununla da sürücülərə və piyadaların həyatına təhlükə  yaradan 20 yaşlı Rauf Cabbarbəyli xəstəxanaya yerləşdirilib. 

Bu barədə Baş Dövlət Yol Polisinin məlumatında bildirilir. Saxlanıldıqdan sonra Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə təhvil verilən R.Cabbarbəylinin psixoloji problemlərinin olması müəyyən edilib. Onun həkim nəzarətində saxlanılmasına qərar verilib. R.Cabbarbəyli Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsidir.  

ADNSU həmçinin tələbə barədə məlumat yayıb. Universitetin mətbuat xidmətinin məlumatında bildirilir ki, Cabbarbəyli Rauf Fuad oğlu 2020-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya texnologiya fakültəsinin 342.20E saylı qrupuna 572.8 balla qəbul olub: "Hər bir kurs üzrə semestr boyu kəsiri olmayıb, qarışıq qiymətlər alıb. Ortalaması 72.62-dir. Elektron jurnalda semestrlər üzrə davamiyyət limitini keçməyib. Bu tələbə hazırda təhsil aldığı müddətə qədər daxili nizam-intizam qaydalarını pozmayıb". 

O da məlum olub ki, hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Mühəndisliyi fakültəsinin tələbəsi olan Rauf 2020-ci ildə buraxılış imtahanlarında yüksək (238,7) bal toplayıb və hazırlaşdığı tədris mərkəzi ən yaxşı tələbələri arasında onun da fotosunu paylaşıb. Avtosfer.az saytının yaydığı məlumatda qeyd olunur ki, Rauf Cabbarbəyli “Azadlıq” meydanı yaxınlığında çılpaq soyunaraq sükan arxasında əyləşib və oradan başlayaraq avtomobili arxa-arxaya sürüb. Həmçinin R.Cabbarbəylinin hadisə vaxtı narkotik vasitənin təsiri altında olması iddia edilir.
  Məsələ ilə bağlı “Şərq”ə danışan təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, son zamanlar ali məktəb tələbələrinin qeyri-etik, bayağı, ictimai təhlükə daşıyan addımları təəssüf doğurur: 

- Neft və Sənaye Universiteti tələbələrinin Novruz bayramı şənliyində kriminal avtoritetə həsr olunmuş mahnını bir ağızdan oxuyub, mahnının sədaları altında rəqs etmələri videoları yayılanda dedim ki, ali məktəblərdə təhsil mühiti pozulub, sağlam təhsil mühiti yoxdur. Ali məktəblərimizdə psixoloji xidmətlə bağlı ciddi boşluqlar var. 

Təhsil mühiti sağlamlaşdırılmalıdır. Təəssüf ki, bu istiqamətdə heç bir iş görülmür. Vəziyyət isə getdikcə daha da gərginləşir. Baxın, 3-cü kurs tələbəsi əynini soyunur, lüt vəziyyətdə sükan arxasına əyləşir və avtomobili arxa-arxaya, həm də uzun müddət idarə edir. 

Bu nə deməkdir? Bu, ictimaiyyəti təhqir etməkdir. Bu tələbənin heç bir psixoloji problemi yoxdur. Psixoloji problemi olan adam avtomobili arxa-arxaya, həm də uzun müddət idarə edə bilməz. Bu, bilərəkdən edilmiş hərəkətdir və ictimai hörmətsizlikdir. 

O tələbənin psixoloji problemi yoxdur, düşüncə problemi var. Düşüncəsi soyunub avtomobil idarə etməyə “yetir”.