Bir tələbənin qanunazidd hərəkəti “dəb”ə çevrildi

Artıq onun “davamçıları” peyda olub

Psixoloq: “Cəmiyyətə mənfi, qanundankənar  davranışlar  təbliğ edilirsə, kütlə də onu örnək alır”

“İllərdir “qaranlıq dünya”, “yeraltı dünya”nın adamları dizilər, filmlər vasitəsilə efirlərdə təbliğ olunur”


  Avtomobili geri idarə etmək də dəbə “mindi”, eləmi? Günün mövzusu bu olmamalı. Amma, təəssüf… Dövlət Neft və Sənaye Universitetinin tələbəsi bir neçə gün öncə avtomobili geriyə idarə etdi, həm də əynini soyunmuş halda. Bir tələbənin qanunazidd hərəkəti “dəb”ə çevrildi. Artıq onun “davamçıları” peyda olub. Dünən paytaxtda daha bir “gerisürmə əməliyyatı” gerçəkləşib. VAZ-21099 markalı 24-BD-091 dövlət nömrə nişanlı avtomobilin sürücüsü paytaxtın “20 Yanvar” metro stansiyası istiqamətində, tunelin içərisinə doğru nəqliyyat vasitəsini geriyə sürüb. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi şəhərin mərkəzində nəqliyyat vasitələrinin axınının əks-istiqamətində, nəqliyyat vasitəsini geriyə idarə edən sürücü ilə bağlı məsələyə münasibət bildirib. İdarənin açıqlamasında qeyd olunur ki, yeni “trend”ə qoşulanlarla bağlı, eləcə də videogörüntüləri yayılan VAZ-21099 markalı avtomobilin sürücüsü ilə bağlı araşdırma aparılır, tədbir görüləcək.

BDYP tədbir görməyində olsun, cəmiyyətdə yaranmış zərərli axın barədə bəs psixoloq nə deyir? 

“Şərq”ə açıqlamasında psixoloq Fərqanə Mehmanqızı qeyd etdi ki, kütlə kimi qəhrəman görürsə, fərdlər də onu qəhrəman sayır: 

- Psixologiyada “həmrəylik psixologiyası”  anlayışı var. Birisinin etdiyi hərəkəti, davranışı digəri və digərləri də təkrarlamağa can atır. Ümumiyyətlə, insanın xisləti belədir. Nə zaman ki cəmiyyətdə müsbət davranışlar təbliğ  edilir, kütlə də onun arxasınca gedir. Amma cəmiyyətə mənfi, qanundankənar  davranışlar  təbliğ edilirsə, kütlə də onu örnək alır. İllərdir “qaranlıq dünya”, “yeraltı dünya”nın adamları dizilər, filmlər vasitəsilə efirlərdə təbliğ olunur. Bu insanlar qanunu pozmaqla yeni qanunlar yazır, özlərinin tərtib etdiyi qanunlarla hərəkət edirlər. Cəmiyyətimiz onları görür, onlardan “nümunə” götürür. Onlar standartlardan çıxan adamlardır və kütlə onları “qəhrəman” hesab edir. Bu zərərli axının sonu belə də olmalıydı. Əynini  soyunmuş halda avtomobilin sükanı arxasına keçib onu geriyə idarə edən o gənc sosial şəbəkələrin, internetin “qəhrəmanı” oldu. Mən rəylərə baxıram, dəhşətə gəlirəm. Əksəriyyət o gənci bəyənir, dəstək verir, tərifləyir. Bu çox təhllükəli haldır. Belə çıxır ki, qanunu pozanlara cəmiyyətdə rəğbət var?! Bir günün içində gənc kütlənin diqqətini çəkdi, tanındı, məşhurlaşdı. Nəyin hesabına? Qanunu pozmaq, qaydaları çeynəmək hesabına. Ona görə də ertəsi gün eyni hərəkəti bir başqası təkrarladı. Qanun və qaydaları, həmçinin cəmiyyətdəki etik davranış qaydalarını pozanlara qarşı ciddi və sərt cəzalar tətbiq edilməlidir ki, digərlərinə görk olsun. Cəmiyyət qanun pozuntusunun yolverilməz olduğunu, hər kəsin təhlükəsizliyinin, rahat yaşayışının təmin edilmiş olduğunu bilsin. Mən şəxsən övladımın həyatı üçün əndişə keçirirəm. Avtomobili arxa-arxaya idarə edən sürücü sabah mənim övladımın həyatına təhlükə yarada  bilər. Bu hadisə zamanı insan tələfatı olmadı, qəza baş vermədi. Amma eyni hadisənin sabah qəzasız-bəlasız, faciəsiz bitməyəcəyinə təminat yoxdur. Hər cür qəza da baş verə bilər, piyadaların, digər sürücülərin həyatı təhlükə altına düşər. Ona görə də cəzalar sərt olmalıdır. 
  F.Mehmanqızı tələbənin guya psixoloji problemlərinin olması və onun xəstəxanaya yerləşdirilməsinin aldadıcı və cəzadan yayındırılmaq məqsədi daşıdığını bildirdi: - O gəncin heç bir psixoloji problemi yoxdur. Psixoloji problemli adam avtomobili arxa-arxaya idarə edə bilməz. Ümumiyyətlə, avtomobil idarə etmək  asan iş deyil. İllərin sürücüləri avtomobili park edəndə yüz-ölçüb bir biçir. O ki ola arxa-arxaya, həm də uzun müddət idarə etmək. Sürücü yolu səhv gedə bilər, səhv getdiyini biləndə avtomobilin arxa işıqlarını təhlükəsizlik siqnalı şəklində yandırmaqla xəbərdarlıq edərək minik vasitəsini arxa-arxaya sürə bilər ki, düzgün istiqamətə yönlənsin, digər sürücülər üçün təhlükə yaratmasın. Avtomobil idarə etməyi az-çox bilirik. O gənc isə avtomobili bilərəkdən, nümayişkaranə şəkildə axra-arxaya sürüb,  özünü “super-qəhrəman” kimi göstərmək, “məşhurlaşmaq” istəyib. İstəyinə də nail olub. Bir insan kimsədən, o cümlədən də qanundan, cəzadan çəkinməyərək avtomobili qaydalara zidd şəkildə idarə edir və cəmiyyətə mənfi tendensiya yaradırsa, o, təhlükəli biridir, sabah başqa qanunazidd hərəkət də edəcək. Bu adama elə bir cəza verilməlidir ki, həyatının şokunu yaşasın. O və onun kimilər ali məktəbdən uzaqlaşdırılmalıdır. İnsan savadlı ola bilər, amma əgər mənəviyyatsızdırsa, onun savadı heç bir əhəmiyyət daşımır. Mənəviyyatsız savadlı adamlar cəmiyyət üçün böyük təhlükədir. 
  F.Mehmanqızı məlum hadisədən sonra gəncin cəzalandırılmaq əvəzinə haqqında müsbət rəy formalaşdırılmasına göstərilən cəhdləri tənqid etdi: 
- Təhsil aldığı ali məktəb bu hadisəni qınamaq yerinə, “yaxşı tələbə” fikri formalaşdırır. Deməli, bu gənc cəzalanmayacağına da əmin olub. Psixoloji problem adı altında cəzadan yayınma baş verir. Psixoloji problemi olan şəxsə sürücülük vəsiqəsi necə verilib? Cəza yoxdur, ictimai qınaq da yoxdur. “Əla!”. Davamı gələcək o zaman. Cəzalar ona görə mövcuddur ki, insanlar cəmiyyətdə necə davranılmalı olduğunu bilsinlər. Hər bir insan bilməlidir ki, hansı cəmiyyətdə yaşayır və bu cəmiyyətin qaydaları hansılardır. Bunu bilməyən, valideyni tərəfindən öyrədilməyən, tərbiyə almayan uşaq sabah istənilən qanunsuzluğu edə bilər.