Son xəbərdarlıq: yolun kənarında avtomobil saxlamaq olmaz


“Qaydaları pozan əsasən təcrübəli və vəzifəli şəxslərin sürücüləri olur”

  Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yolun hərəkət hissəsində dayanan avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib. Müraciətdə bildirilir: "Aparılan təhlillər deməyə əsas verir ki, xüsusilə yaşayış məntəqələrindən kənarda nəqliyyat vasitələrinin təhlükəsizlik qaydalarına əməl etmədən yolun hərəkət hissəsində dayandırılması ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının baş verməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Nəqliyyat vasitəsi sıradan çıxdıqda və ya dayanmanın qadağan edildiyi yerdə məcburi dayandıqda, habelə sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, yaxud məhdudiyyətli görünmə şəraitində dayanarkən və durarkən sürücünün yerinə yetirməli olduğu vəzifələr qanunvericilikdə dəqiq göstərilsə də, təəssüf ki, bəzən sürücülərin bu qaydalara əməl etməməsinin sonu faciə ilə bitən qəzaların baş verməsinə real zəmin yaradır". Məlumatda qeyd olunur ki, hava və ya yol şəraitinin, nəqliyyatın hərəkət şiddətinin, məhdudiyyətli görünmənin, sutkanın işıqlı, yaxud qaranlıq olmasının fərqinə varmadan avtomobilini yolun hərəkət hissəsində dayandıran sürücünün özünün və onun səhlənkarlığı nəticəsində yolun hərəkət hissəsində avtomobildən düşməyə məcbur olan sərnişinlərin hansı təhlükə ilə  üz-üzə qalmasını təsəvvür etmək isə yəqin ki, çətin deyil: “Baş Dövlət Yol Polisi İdarəsi yuxarıda göstərilən səbəblərdən dəfələrlə ağır yol-nəqliyyat hadisələrinin baş verdiyini hərəkət iştirakçılarının diqqətinə çatdırır və bir daha sürücülərə müraciət edərək onları, nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində dayanması və durması hallarında qanunla tələb olunan qaydalara əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağa çağırır".

  Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Şərq”ə açıqlamasında qeyd etdi ki, nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində, yol kənarında qadağan olunmuş yerdə saxlanılması birbaşa sürücünün məsuliyyətsizliyidir: 
- Sürücü nəqliyyat vasitəsini zərurət olmadan yolun hərəkət hissəsində və ya qadağan olunmuş yerdə saxlayırsa, mütləq cərimələnəcək. Hər bir sürücü bilməlidir ki, bu hərəkətlə nəqliyyat vasitələrinin sərbəst hərəkətinə mane olur, qəza vəziyyəti yaradır, tıxaca səbəb olur. Nəqliyyat vasitəsinin saxlanması zəruri haldan baş veribsə, deyək ki, avtomobildə nasazlıq yaranıb, yanacaq bitib və sair. sürücünün vəzifələri bəllidir. Qəza işıqlarını yandırmalıdır, yol polisinə, evakuator xidmətinə müraciət etməlidir. Sürücülər maariflənməlidir. Avtomobili harda saxlamaq olar, harda olmaz, sürücü bilməlidir. Sizə deyim ki, qaydaları pozan əsasən təcrübəli sürücülər, cəzadan çəkinməyənlər, statusundan sui-istifadə edənlər, vəzifəli şəxslərin sürücüləri olur.  Baş Dövlət Yol Polisi İdarəsinin müraciəti ilə iş yekunlaşmayacaq. Sürücülük kurslarında keyfiyyət göstəriciləri artırılmalıdır. İmtahanlar sərtləşdirilməlidir, sürücülük vəsiqəsinin əldə edilməsi indiki kimi asan və tez əlçatan olmamalıdır. Sürücülük vəsiqəsi yol-hərəkət qaydalarını mükəmməl bilənlərə verilməli, parklanma qaydalarını bilməyənlərə sürücülük vəsiqəsi verilməməlidir. Bölgələrdə sürücülük kurslarının ancaq adı var, formal xarakter  daşıyır. Bunlar hamısı fundamental problemlərdir və həllini gözləyir.