Təfəkkür dəyişməyib

İllərdir qadınlar daha çox ərləri tərəfindən zorakılığa məruz qalır

"Qətl hadisələri birdən-birə baş vermir. Bu cür faciələr uzun illər yığılan psixoloji, iqtisadi və fiziki zorakılıqların nəticəsində əmələ gəlir”

  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məişət zorakılığı ilə bağlı statistikanı açıqlayıb. Məlumata görə, bu ilin ilk 3 ayı ərzində məişət zorakılığı ilə bağlı Komitəyə 122 müraciət daxil olub. Bu müraciətlərə əsasən, yerli icra hakimiyyəti orqanları tərəfindən zərərçəkmiş şəxslərə 15 mühafizə orderi verilib. Dövlət Komitəsinin məlumatında bildirilir ki, daxil olan müraciətlərdə psixoloji zorakılıq üzrə şikayətlər üstünlük təşkil edib. Şikayət edənlərin zorakılığın bir neçə növünə məruz qaldığı məlum olub. Müraciət edənlərin əksəriyyəti əri (65), keçmiş əri (20) və yaxın qohumu (24) tərəfindən zorakılığa məruz qalıb. Zorakılıq törədənlərin 106 nəfəri kişi, 21 nəfəri qadındır.

  2022-ci ilin statistikasına baxanda fərqli vəziyyət müşahidə edilmir. 2022-ci il ərzində 475 qadın və 20 kişi məişət zorakılığına məruz qalmaları ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edib. Müraciətlərin 409-u psixoloji, 304-ü fiziki, 5-i cinsi zorakılıqla bağlı olub. 

Müraciət edənlərdən 301-i əri, 146-sı keçmiş əri, 67-si isə digər qohumları tərəfindən zorakılığa məruz qaldıqlarını bildiriblər. Rəqəmlər onu göstərir ki, psixoloji zorakılıq yenə üstünlük təşkil edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimovanın sözlərinə görə, zorakılıq əsasən fiziki, psixoloji, iqtisadi və cinsi cəhətdən ola bilər. Fiziki zorakılıqda söhbət döyülməkdən gedir. Psixoloji zorakılıqda qadın özünə qəsd həddinə qədər çatdırıla bilər. İqtisadi zorakılıq - evi maliyyələşdirən bir nəfər hegemon qüvvəyə çevrilir. Həm fiziki, həm də iqtisadi zorakılıq olduqda qadının işi daha da çətinləşir. T.İbrahimovanın sözlərinə görə, bəzi hallarda ailə üzvləri məişət zorakılığı qurbanına çevrilən qadınlara daha çox dözmək və polisə müraciət etməməklə bağlı məsləhət verdiklərini deyirlər:

 "Qətl hadisələri birdən-birə baş vermir. Bu cür faciələr uzun illər yığılan psixoloji, iqtisadi və fiziki zorakılıqların nəticəsində əmələ gəlir: "Bu baxımdan vaxtında müraciət önəmlidir”. T.İbrahimova bildirib ki, məişət zorakılığı qurbanına çevrilən qadınların evlərində təhlükəsiz yaşamaq hüququ təmin edilməlidir. Real təhlükənin mövcud olduğu hallarda məişət zorakılığı törətmiş şəxsə qurbanın yaşadığı yeri tərk etmək barədə göstəriş vermək və zorakılığı törətmiş şəxsin qurbanın yaşayış yerinə daxil olması və ya onunla əlaqə saxlaması qadağan edilməlidir. Bu cür tədbirlər qurbanların təhlükəsizliyinə prioritet verilməklə dərhal həyata keçirilməli və kifayət qədər müddət üçün nəzərdə tutulmalıdır. Qısamüddətli mühafizə orderlərinin müddəti dəqiq göstərilməlidir ki, qurbanlar da tədbirin müddəti barədə aydın təsəvvürə və əminliyə sahib olsun. Müddətin dəqiq göstərilməsi həm də o deməkdir ki, məsul əməkdaşda daha çox əminlik olur va onun üzərinə daha az yük düşür, çünki təhlükəli vəziyyətlərdə qısamüddətli mühafizə orderləri dərhal verilməlidir.

  Komitə nümayəndəsi bildirib ki, əvvəllər mühafizə orderlərinin tətbiqi ilə bağlı çətinliklər vardı. Bu da mühafizə orderi məsələsinin düzgün dərk edilməməsi və onun tətbiqi sahəsində nöqsanlarla bağlı idi. Bəzən verilən mühafizə orderləri hadisələrin sayına adekvat olmur: "Bir qayda olaraq qısamüddətli mühafizə verilir, təhlükə davam etdikcə uzunmüddətli mühafizə orderlərinin verilməsi gecikir. Bununla bağlı təkliflər paketi hazırlanıb. Bura zərərçəkmiş şəxslərin müdafiəsi üzrə çevik və adekvat mühafizə mexanizminin yaradılması, pulsuz hüquqi yardım verilməsi daxildir”.