Avtobus və yük maşınları texniki baxışdan yayınmamalıdır

Bu, əvvəlcə onun şəxsi təhlükəsizliyi, həm də ictimaiyyət üçün vacibdir

  Baş Dövlət Yol Polisi İdarəsi avtomobillərinin dövlət nömrə nişanlarına qanunsuz müdaxilə etməklə texniki baxışdan yayınmaq istəyən avtobus və yük maşını sürücülərinə müraciət edib. Müraciətdə bildirilir ki, artıq bir neçə müddətdir ki, nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə Mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq edilib. 

Eyni zamanda xidmətin fasiləsiz təşkili ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq komissiyası tərəfindən Bakı şəhərinə girişi və paytaxt ərazisində hərəkəti müəyyən olunmuş müddətlərdə məhdudlaşdırılmış yük avtomobillərinin, habelə gündüz saatlarında sərnişin daşınması ilə məşğul olan avtobusların sahiblərinə və sürücülərinə nəqliyyat vasitələrini iş saatlarından sonra texniki baxışa təqdim etmək imkanı yaradılıb. Amma yaradılan şəraitə baxmayaraq, sərnişin daşınması ilə məşğul olan, habelə yük avtomobilləri sürücüləri arasında müxtəlif yollarla nəqliyyat vasitələrini texniki baxışa təqdim etmək istəməyənlərə, bəzi hallarda texniki baxışdan yayınmaq üçün avtobuslarda dövlət nömrə nişanlarına qanunsuz müdaxilə hallarına yol verildiyinə rast gəlinir. Sərnişindaşıma ilə məşğul olan sahibkarların, sürücülərin, hüquqi və fiziki şəxslərin nəzərinə çatdırılır ki, avtomobillərini texniki baxışdan keçirməyənlər, həmçinin qeyd olunan qayda pozuntularına yol verən şəxslər İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunur.

  Sürücülərin avtomobillərini texniki baxışdan yayındırması probleminə toxunan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli qeyd etdi ki, burada bir neçə səbəb var: 

- Sərnişin avtobusları sərnişindaşıma şirkətləri tabeliyində fəaliyyət göstərir və avtomobillərin texniki baxışdan keçirilməsinə də həmin şirkətlər məsuldur.  Məsuliyyət şirkət rəhbərliyinin üzərinə düşür. Niyə yayınırlar texniki baxışdan, çünki istər sərnişindaşımada, istəsə də yükdaşımada istifadə olunan nəqliyyat vasitələri köhnədir, bir çoxunun istismar müddəti bəlkə də çoxdan bitib. Bu avtomobillər texniki baxışa təqdim olunsa, yararsız hesab ediləcəklər. Ya da məlum məsələdir, sürücü texniki baxışdan keçmə sənədi üçün pul ödəməli olacaq. Kimsə məndən inciməsin, texniki müayinə mərkəzlərində konkret “bazardır”. Hər avtomobilə qiymət qoyulub, pulu ödə, texniki baxış sənədi al. Müayinədə o qədər nöqsanlar çıxarırlar ki; filan lampa yanmır, təkərlər filan qədər yeyilib, mühərrik nasazdı, atmosferə zərərli qaz çox ötürür...  və sair.  Dövlət rüsumu var, bəli. Məsələn, kiçik avtomobillər üçün dövlət rüsumu 30-35 manatdır. Amma o qədər nöqsan “aşkarlayırlar” ki, məbləğ böyüyür.  Nasazlıqları qaradan qaldırmaq üçün 1000-1500 manat vəsait tələb olunur. Bunu nə şirkət ödəmək istəyir, nə də sürücünün belə bir maddi imkanı var.  Ona görə də sürücü hesab edir ki, avtomobili texniki müayinəyə aparmaq sərfəli deyil. Sürücülər avtomobildəki nasazlığın nədən ibarət olduğunu bilir, özləri birtəhər həll edirlər. Bu, yaralı, problemli bir məsələdir. Texniki müayinə anormal prosedura çevrilib. 

  İ.Hüseynli qeyd etdi ki, xarici ölkələrdə avtomobillərin məcburi texniki baxışa cəlb olunması çoxdan ləğv edilib: 

- Avtomobil sahibi özü şüurlu şəkildə anlayır ki, idarə etdiyi nəqliyyat vasitəsini texniki baxışdan keçirməlidir. Ən əvvəl, bu, onun şəxsi təhlükəsizliyi üçün vacibdir, həm də ictimaiyyət üçün. Mən avtomobili özüm könüllü şəkildə texniki baxışdan keçirirəm. İdarə etdiyim avtomobil niyə məcburi texniki baxışa cəlb olunmalıdır?!. Amma nəqliyyat vasitələri müxtəlifdir, sürücülər də, tabeliklərində olduqları daşıyıcı şirkətlər də. Bəziləri texniki baxış zamanı xərclərinin böyük olacağını bildiyindən bu prosedurdan yayınır, 1000 manata başa gələcək işi 500 manata, fərdi qaydada həll etməyi üstün tutur.