Azərbaycan da dəniz suyundan istifadəyə başlayır

Dövlət başçısı bu dəfə də müdrik düşünərək içməli su ilə ölkəni təmin etmək üçün gözəl bir addım atıb

  Prezident İlham Əliyev "Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" sərəncam imzalayıb. Sərəncam “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamının icrası, ölkənin su təhlükəsizliyi, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədilə imzalanıb. Sərəncama əsasən, Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçiriləcək. Sənədlə Nazirlər Kabineti və bir sıra qurumlara uyğun tapşırıqlar verilib.

  "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinin “Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksi” barədə məlumatı da maraqlıdır. Məlumatdan bəlli olur ki, dəniz suyunun içməli su səviyyəsinə qədər təmizlənməsinə imkan verən zavodumuz var və dəniz suyu duzsuzlaşdırılaraq suvarmaya, əkinə yararlı hala gətirilir. Məlumatda bildirilir ki, gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli məqsədilə 2013-cü ildə Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən, tərs osmos membranları ilə təchiz olunmuş və yüksək texnologiyaya əsaslanan zavod inşa edilib.  

Zavodun tikilməsi ideyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məxsusdur və Yer kürəsində təmiz suya olan tələbatın get-gedə artması fonunda regionda ən az şirin su ehtiyatına malik olan Azərbaycanda alternativ mənbələrin üzə çıxarılması, onlardan istifadənin təşkilində təcrübə əldə etmək məqsədilə pilot layihə kimi həyata keçirilib. İlk mərhələdə zavodda dəniz suyundan sutkada 1000 m3 şirin su istehsal etmək üçün avadanlıq quraşdırılıb. Ehtiyaclar nəzərə alınaraq 2016-cı ildə zavodun gücü əlavə tikinti-quraşdırma işləri aparmadan 2 dəfə artırılaraq sutkada 2000 m3 çatdırılıb. Zavodda gələcəkdə az məsrəfli əlavə işlər görməklə alınan təmiz suyun həcminin 20 000 m3-dək çatdırılmasına imkan verəcək müvafiq infrastruktur yaradılıb. Dənizdən suyun götürülməsi üçün uzunluğu 200 metr, eni 8 metr, dəniz səviyyəsindən hündürlüyü 5 metr olan damba inşa edilib, 1 ədəd həcmi 500 m3 və 2 ədəd 200 m3 olmaqla, cəmi 3 ədəd xüsusi örtüklə izolyasiya olunmuş dəmir su çənləri, 2 ədəd həcmi 500 m3, 1 ədəd 250 m3, 2 ədəd 2000 m3 olmaqla, cəmi 5 ədəd yeraltı dəmir-beton su anbarları, 1 ədəd  20000 m3  geotekstil membran örtüyü ilə izolyasiya olunmuş şirin su anbarı və 1 ədəd 25000 m3 dənizdən qəbul edilən duzlu su üçün torpaq su anbarları, avadanlıqların quraşdırıldığı 750 m2 bina, 120 m2 ofis binası və s. inşa edilib. Bundan başqa, 2012-ci ildə Şirvan kollektorunun suyunun duzsuzlaşdırılaraq suvarılmaya yararlı vəziyyətə gətirilməsi üçün sutkada 2500 m3 gücündə qurğu inşa edilib. 2016-cı ildə 2-ci qurğu inşa edilərək istehsal gücü 2 dəfə artırılaraq 5000 m3 çatdırılıb. Burada həcmi 500 m3 olan xüsusi örtüklə izolyasiya olunmuş metal su çəni qurulub, 1 ədəd həcmi 750 m3 və 1 ədəd 2000 m3 olmaqla, cəmi 2 ədəd yeraltı dəmir-beton su anbarı inşa edilib. Azməsrəfli adi texnologiyalardan istifadə etməklə Şirvan kollektorunun suyunu içməli su keyfiyyətinə çatdırmaq mümkündür. Bu gün Dəniz suyunun duzsuzlaşdırılması zavodu və Şirvan kollektorunun suyunun duzsuzlaşdırılması qurğularında gündə 7000 m3 həcmində suvarmaya yararlı su istehsal olunur. 2013-cü ilin yanvarından istismara verilmiş Dəniz suyunun duzsuzlaşdırılması zavodu və Şirvan kollektorunun suyunun duzsuzlaşdırılması qurğularında bu günədək 6 milyon kubmetrdən artıq su istehsal edilib. Hazırda bu sulardan suvarmaya yararlı suyun məhdud olduğu ətraf ərazilərdə salınmış 700 hektar yaşıllıqların, o cümlədən zeytun plantasiyalarının və ildə 1 milyondan artıq əkin materialı yetişdirilən tinglik sahələrinin  suvarılmasında istifadə olunur.

  Belə çıxır ki, suvarmaya yararlı su alınması məsələsi həllini tapıb, qalır içməli su problemini həll etmək. Bu, mümkün olacaqmı?

  Azad İstehlakçılar  Birliyinin sədri Eyyub Hüseynov “Şərq”ə açıqlamasında qeyd etdi ki, dəniz suyunun duzsuzlaşdırılması təcrübəsi dünyanın bir sıra ölkələrində, o cümlədən, İsrail və ərəb dövlətlərində mövcuddur: 

- İsrail, ərəb ölkələri bu texnologiyadan geniş istifadə  edir. Hətta İsraildə, Yeni Zelandiyada işlənmiş sudan təkrar istifadə edilir. Yeni Zelandiyada həmçinin yağış sularından məişətdə geniş istifadə edilir. Hazırda ən yeni, nano-texnologiyalar var, onlardan istifadə etməklə dəniz suyunu duzsuzlaşdırmaq mümkündür. Bu, buxarlanma üsuluyla, duzun, digər mineralların suyun tərkibindən ayrılması yoluyla da mümkündür. Yaxın 10 ildə su qıtlığı ilə üzləşəcəyimiz labüddür. Azərbaycan içməli su ehtiyatlarının az olduğu ölkədir. Ona görə də suyun qədrini bilməliyik. Dövlət başçısının imzaladığı sərəncam öz yerində, lakin müvafiq qurumlar da üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Avtoyuma məntəqələrində içməli sudan istifadənin qarşısı birmənalı və qəti şəkildə alınmalıdır. İçməli su ilə avtomobil yumaq nadanlıqdır. 

  Qida mütəxəssisi Ağa Salamov “Şərq”ə açıqlamasında Prezident tərəfindən imzalanmış sərəncamın içməli su probleminin qarşısının alınmasına yönəldiyini bildirdi: 

- Duzsuzlaşdırma duzlu sudan mineral komponentləri xaric edən bir prosesdir. Belə deyək də, kənd təsərrüfatına maneçilik törədən şoran torpaqların duzsuzlaşdırılması kimi, burda da hədəf maddədən duzların və mineralların çıxarılmasıdır. Həm insanların istehlakı, həm də suvarma üçün yararlı sayılır.  Enerji sərfiyyatına görə dəniz suyunun duzsuzlaşdırılması, ümumiyyətlə, səth sularından və ya yeraltı sulardan alınan şirin sudan, suyun təkrar emalı və suyun qorunmasından daha baha başa gəlir. Lakin bu alternativlər həmişə mövcud olmur və ehtiyatların tükənməsinin bütün dünyada kritik problem olduğunu da nəzərə alsaq, ölkə başçısının bu addımını ancaq dəstəkləmək və alqışlamaq lazımdır. Hesab edirəm ki, ölkə başçısı hər dəfə olduğu kimi, bu dəfə də müdrik düşünərək həm kənd təsərrüfatının geniş inkişafına, həm də içməli su ilə ölkəni təmin etmək üçün gözəl bir addım atıb.