Azərbaycanda da 4 günlük iş həftəsi təcrübədən keçirilə bilər 

Lakin ölkə iqtisadiyyatı buna tam hazır olmalıdır

“Çünki Azərbaycanda əmək bazarının 70 faizi qeyri-rəsmidir. İşçilərin 70 faizi əmək müqaviləsi ilə işləmir”

“Ölkəmizdə iş günlərinin azaldılması yalnız dövlət orqanlarında mümkün ola bilər. Amma bu hal cəmiyyətdə diskriminasiyaya səbəb olar”

  Qazaxıstan iyulun 1-dən ölkədə dördgünlük iş həftəsi tətbiq etməyə hazırlaşır.  Respublikanın Əmək Məcəlləsinə müvafiq dəyişikliklər edilib, ölkə Prezidenti Kasım-Jomart Tokayev bu dəyişiklikləri bəyənib. “Şərq” xəbər verir ki, Qazaxıstan Respublikası əmək qanunvericiliyinə edilən yeniliklərin məqsədi ölkə sakinlərinin istirahət etmələri üçün onlara daha çox vaxt verməkdir. Əmək Məcəlləsində beşgünlük və altıgünlük iş həftələri də nəzərdə tutulub. Qeyd edilir ki, iş həftəsinin müddəti tərəflər arasında razılaşmaya əsasən müəyyən olunur. Bəzi təşkilatlarda beşgünlük və altıgünlük iş həftələri növbələşdirilə bilər. İş həftəsinin uzunluğundan asılı olmayaraq bazar günü ümumi istirahət günüdür. Beşgünlük və altıgünlük iş həftəsində ikinci və üçüncü istirahət günləri kollektiv müqaviləyə və ya əmək intizamı qaydalarına əsasən müəyyən olunur. Dördgünlük, beşgünlük və altıgünlük iş həftələrində iş günündən əlavə iş müddəti ayda 12 saatdan çox, iş vaxtının məcmu uçotu müəyyən edilən hallarda isə ildə 120 saatdan çox olmamalıdır.
  Qeyd edək ki, iş günlərinin sayının azaldılması bir neçə ildir ki, müzakirə edilir, müxtəlif ölkələr özlərinə uyğun qərarlar verir. Xüsusən pandemiya dövründə iş həftəsinin qısaldılması zəruri hesab edilirdi və Almaniya hökuməti belə bir qərar vermişdi. Şimal qonşumuz Rusiyada da dördgünlük iş həftəsinə keçid məsələsi Dumada dəfələrlə müzakirə edilib. Qazaxıstanın artıq belə bir addım atmağa xeyli yaxın olması, ölkəmiz üçün də müsbət presedent sayıla bilərmi?    
  İqtisadçı Pərviz Heydərov bildirib ki, 4 günlük iş həftəsi sistemi müxtəlif ölkələrdə tətbiq edilə, təcrübədən keçirilə bilər, lakin ölkə iqtisadiyyatı buna tam hazır olmalıdır. Deyilənlər təkcə Azərbaycan üçün deyil, bütün ölkələr üçün keçərlidir: "Bu sistemin tətbiqi iqtisadiyyatın inkişaf səviyyəsindən asılıdır. Əgər söhbət sırf Azərbaycandan gedirsə, ölkəmizdə bunu ümumi olaraq kompleks şəkildə qanunvericilik yolu ilə etmək mümkün deyil. Amma hər hansı bir sahibkarın, bu və ya digər özəl təsərrüfat strukturunda rəhbərliyin həmin sistemi fərdi qaydada tətbiq etməsi mümkün hesab edilə bilər. Lakin dövlət sektorundan söhbət gedirsə, bunun nəinki indi, yaxın perspektiv üçün də real olacağını düşünmürəm. Çünki bizdə faydalı iş əmsalı hələ ki, tələb olunan səviyyədə deyil. Hətta təcrübələr göstərir ki, bir çox iş yerlərində nəinki 5 günlük, yaxşı olardı ki, 6 günlük iş rejiminə keçilsin. Bütün bunlar ölkə iqtisadiyyatının kompleks şəkildə qeyd olunan dəyişikliyə hazır olmamağından irəli gəlir. Əgər 4 günlük iş həftəsinə keçid etmək istəyiriksə, iqtisadiyyatı inkişaf etdirməli, bütün sahələrdə müasir texnoloji metodların tətbiqinə nail olmalıyıq”.

  Eyni sistemin ölkəmizdə tətbiq olunub-olunmamasına dair fikirlərini “Şərq”lə bölüşən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirdi ki, iş günlərinin azaldılması uzun müddət müzakirə edilən məsələlərdən biridir. Beynəlxalq Əmək Təşkilatı da bu barədə fikirlər bildirir. Lakin bəzi səbəblərdən ölkəmizdə bu sistemin tətbiqi hələ ki mümkün deyil: 
- İş həftəsinin qısaldılması, 4 günlük iş həftəsinə keçid bizim kimi ölkələrdə mümkün deyil. Çünki Azərbaycanda əmək bazarının 70 faizi qeyri-rəsmidir. İşçilərin 70 faizi əmək müqaviləsi ilə işləmir. Ölkəmizdə iş günlərinin azaldılması yalnız dövlət orqanlarında mümkün ola bilər. Amma bu hal cəmiyyətdə diskriminasiyaya səbəb olar. Yəni ki, dövlət orqanlarının əməkdaşları 4 gün işlədiyi halda, digər müəssisə işçiləri həftənin bütün günləri işləyəcək. Bu, düzgün yanaşma olmaz. Ona görə ölkəmizdə belə sistemin tətbiqi hələlik mümkün deyil.