Taksi sürücüləri risk qrupuna aiddir

Avtomobilə kimin, hansı məqsədlə əyləşdiyini sürücünün bilməsi, təbii ki, mümkün deyil

Soyğunçular, cinayətkarlar bilir ki, taksi sürücülərində həmişə pul olur, az və ya çox, fərq etmir

“Qiyməti 45 manatdan 150 manatadək olan videoqeydiyyat cihazları var ki, sürücülər onu alıb avtomobilin ön şüşəsinə yerləşdirə bilər”

  Taksi sürücülərinə qarşı soyğunçuluq, quldurluq halları artıb. Təəssüf ki, bu cür xəbərlərlə intensiv qarşılaşırıq.  Növbəti belə hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.  “BYD” markalı avtomobildə olan 2 sərnişin sürücünü bıçaqla hədələyərək 550 manatını quldurluq yolu ilə talayıb. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Masallı rayon sakini Renat Şahbazov və Bakı şəhər sakini Elbrus Ələkbərov müəyyən olunaraq saxlanılıblar. Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. Bundan öncə, paytaxtın Nərimanov rayonunda da “Toyota” markalı bir avtomobildə sərnişinin sürücünü bıçaqla hədələyib 450 manatını almışdı.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Cavid Bağırzadə qısa müddətdə müəyyən olunaraq saxlanılmışdı. Oxşar hadisə bir neçə gün əvvəl Binəqədi rayonu ərazisində də qeydə alınıb. Taksi sürücüsünə qarşı soyğunçuluq edən şəxs Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb. 

  Taksi sürücüləri təhlükədən necə sığortalana bilər?  Məsələylə bağlı “Şərq”ə danışan nəqliyyat problemləri üzrə ekspert İlqar Hüseynli qeyd etdi ki, taksi xidmətiylə məşğul olan şirkətlərin sürücülərinə qarşı bu cür hallara az-az rast gəlinir:
- Taksi sürücüləri, ümumiyyətlə, risk qrupuna aiddir. Avtomobilə kimin, hansı məqsədlə əyləşdiyini sürücünün bilməsi, təbii ki, mümkün deyil. Soyğunçular, cinayətkarlar bilir ki, taksi sürücülərində həmişə pul olur, az və ya çox, fərq etmir. Soyğunçular çirkin əməlləri üçün əsasən gecə saatlarını seçirlər. Fikir verirsinizsə, soyğunçuluq, quldurluq hadisələri fərdi taksi xidmətiylə məşğul olanlara qarşı daha çox baş verir. Çünki şirkət taksilərində avtomobilin hərəkət qrafiki elektron cihaz vasitəsilə qeydə alınır. Sərnişin avtomobilə əyləşdiyi andan, avtomobil mənzil başına çatanadək getdiyi istiqamət şirkət tərəfindən izlənir. Müşahidə kameraları da olur. Sərnişinlər də bunu bilir və belə avtomobillərdə qanunazidd hər hansı əmələ yol verməyə cürət etmirlər.  Amma fərdi taksi xidməti göstərənlərin avtomobillərində videokamera adətən olmur, onlar müşahidə altında deyillər, hərəkət istiqamətlərini izləmək mümkün deyil deyə, soyğunçular adətən bu avtomobil sürücülərini hədəfə alır. Taksi xidmətiylə məşğul olan şirkətlər sürücülərinin təhlükəsizliyini hansısa formada təmin edə bilir, fərdi taksi xidməti göstərənlərsə, məcburdur, təhlükəsizliklərini özləri təmin etsin. 
  İ.Hüseynli qeyd etdi ki, hazırda müxtəlif izləmə və müşahidə cihazları mövcuddur: - Qiyməti 45 manatdan 150 manatadək olan videoqeydiyyat cihazları var ki, sürücülər onu alıb avtomobilin ön şüşəsinə yerləşdirə bilər. Bununla təhlükəsizliklərini müəyyən qədər təmin edə bilərlər. Avtomobilə əyləşən sərnişin videomüşahidə cihazının olduğunu görəndə istər-istəməz hərəkətlərinə diqqət edəcək. Təkcə soyğunçuluq üçün deyil bu qabaqlayıcı tədbir. Bəzən sərnişinlə sürücü arasında münaqişə yaranır. Gedilən məsafə, ödəniləcək məbləğ, xidmət keyfiyyətiylə bağlı. Belə hallarda mübahisənin həlli üçün ən optimal variant videoqeydiyyat cihazının yaddaşına müraciət etməkdir. Hər bir vətəndaşın hüquqları qanunla qorunur. Lakin videoqeydiyyat cihazı bu məsələdə tərəflərin köməyinə çatacaq. 
  İ.Hüseynli fərdi taksi xidmətiylə məşğul olan şəxslərin təhlükəsizlik məqsədilə avtomobildə arakəsmələrdən istifadə etməsinin diskomfort yaradacağını xatırlatdı: - Vaxtilə paytaxta gətirilən bənövşəyi taksilərdə arakəsmələr vardı. Bu, avtomobil zavodu tərəfindən quraşdırılmışdı. Əvvəldən nəzərdə tutulmuş konstruksiya idi. Həmin avtomobillərin salonu geniş idi və arakəsmələr diskomfort yaratmırdı. Yadınızdadırsa, pandemiya dövründə taksi sürücülərindən sərnişinləri qabaq oturacaqda əyləşdirməmək, həm də arakəsmə kimi şəffaf örtüklərdən istifadə etmək tələb olunurdu. Bunun özü həm sürücülərə, həm də sərnişinlərə narahatlıq gətirirdi. Hazırda taksi xidmətində ən çox istifadə olunan “Toyota Prius”lar, kiçiktutumlu avtomobillərdir, onlarda arakəsmələrdən istifadə etmək alınmayacaq. Çünki salonları dardır. Sadəcə, taksi sürücüləri bilməlidir ki, əgər onlardan kimsə pul tələb edirsə, aşkar şəkildə soyğunçuluq məqsədi varsa, inad etməməlidir, sakitcə, tələb olunanı versin, lakin sonra mütləq hüquq-mühafizə orqanlarına müraciət etsin. Bir sürücünün 2 soyğunçu ilə mübahisə aparması yersizdir, həyatına birbaşa təhlükədir. Bu cür vəziyyətlərdə necə hərəkət edilməlidir, şirkətlər də sürücüləri təlimatlandırmalıdır.