Bəzi heyvanları sevirik, bəzilərinin ətini yeyirik


“Forbes” insanların heyvanlara fərqli münasibətinin başqa səbəblərini araşdırıb

  Bəzi heyvanları sevirik, bəzilərininsə ətini yeyirik, dərisini soyub geyinir, hətta bundan pul qazanırıq. Dini baxımdan yanaşsaq, heyvanlar haqqında məlum hökmlər var. Müxtəlif dinlərdə  heyvanlara münasibət də fərqlidir. İslam dini cütdırnaqlılardan bəzilərinin yeyilməsini halal buyurduğu halda, məsələn, hindlilər öküzü müqəddəs bilir və onu kəsmirlər. “Forbes” dərgisi isə insanların heyvanlara fərqli münasibətinin başqa səbəblərini araşdırıb. Dərgidə yer alan xəbərdə bildirilir ki, insanlar fərqli heyvanlar barədə inanılmaz dərəcədə məntiqsiz və heç bir dəlilə söykənməyən düşüncələrə sahibdir. Hətta vegetarianlarla qeyrilərinin fikirləri belə bu məsələdə üst-üstə düşür.  Heyvanlara münasibətdə qarışıq duyğuların səbəbini anlamaq üçün Singapur James Cook Universiteti və Avstraliya James Cook Universitetindən bir qrup araşdırmaçı insanların pələng, delfin, it, at, meymun, inək, donuz, toyuq, quzu, balıqlar, ahtapot (astioq), timsah, dovşan, köpəkbalığı, qurbağalar da daxil 16 heyvan növü haqqında rəyini öyrənmək üçün anket hazırlayıb və respondentlər arasında antrozooloji sorğu keçirib.  Sorğu nəticəsində 4 qrup müəyyənləşib – sevənlər, qoruyanlar, laqeyd qalanlar və sevməyənlər. Sorğuda iştirak edənlər arasında vegetarianlar, fərqli dinlərə mənsub olanlar olub, yaş həddi isə 26 seçilib. Məlum olub ki, sorğuda iştirak edənlərin böyük əksəriyyəti heyvanlar haqqında eyni fikirdədir. İnsanlar itlərə, atlara və meymunlara qarşı daha həssasdırlar. Onlarla yaxınlıq hiss edirlər. Timsah, ahtapot, ton balığı, qurbağa və karides – krivetkalara qarşı heç nə hiss etmirlər. Respondentlər pələngi, köpəkbalığını, delfinləri güclü və bacarıqlı heyvanlar hesab etdiklərindən onların xilas edilməsini vacib sayıb. Dovşan, inək və quzularısa zəif heyvanlar hesab edirlər. Donuzlar da sevimli heyvanlar sırasına daxil olmayıb. İnəklərə isə yalnız “qida heyvanı” kimi baxılır, toyuqlara qarşı isə sevgi duyurlar.