Bakının hər yerini elektro-skuterlər bürüdü

Lakin onların idarə olunmasında nə yollar var, nə də qanun

Alternativ nəqliyyat vasitələri ölkəyə gətirilirsə, onların hərəkəti üçün imkanlar da olmalıdır

  Skuterlər də həyatımıza daxil oldu. Elektrik malları mağazalarında, ticarət mərkəzlərində elektro-skuterlər vitrinləri bəzəyir. Parklarda, küçə və səkilərdə skuterlə hərəkət edənlərin, əsasən yeniyetmə və gənclərin sayı da artıb. Amma onlara daha çox səkilərdə rast gəlinir. Bəzən hətta piyadaların “üzərinə” də sürürlər. Səhvən. Yanlışlıqla. Bu da təbii ki, idarəetmədə naşı olduqlarından irəli gəlir. Sürət, kreativlik gəncləri cəlb edir. Anlaşılandır. Anlaşılmayan, yalnız skuterlə törədilmiş qəzalara görə, lap elə bir piyadanın ayağının zədələnməsinə görə hansı formada cavabdehlik daşınacağıdır.  

Xatırladaq ki, bir müddət əvvəl bu məsələ Milli Məclisdə də müzakirəyə çıxarılmışdı. Millət vəkili Tahir Kərimli “Yol hərəkəti haqqında” qanunun  köhnəldiyini, yenilənməsinə ehtiyac olduğunu bildirmişdi. Deputat qeyd etmişdi ki, şəhərdə skuterlər artıq var, bir azdan pilotsuz avtomobillər də olacaq, amma onlar barədə qanunda  heç nə yoxdur. “Yol hərəkətinin təşkili” ilə bağlı vahid hüquqi akt mövcud deyil. 

  Qeyd edək ki, qardaş Türkiyədə elektrik skuterlərə tələbat hər keçən gün artdığından  hökumət avtomobil yolları haqqında qanuna (“Karayolları Trafik Kanunu”) dəyişiklik etmək məcburiytətində qalıb. Skuterlə səkilərdə hərəkət etmək qadağandır və buna görə cərimə tətbiq edilir. Skuterlə səkiyə çıxanlar polis tərəfindən saxlanılır.

  Bizdə isə skuterlə avtomobil yollarında hərəkət etmək üçün sürücülük vəsiqəsi tələb edilib-edilməyəcəyi məsələsi, həmçinin skuterlə törədilən qəzanın yol-nəqliyyat qəzası kateqoriyasına aid olub-olmayacağı, qəzalara görə hansı növ cəzaların tətbiq ediləcəyi də açıq qalır. Skuterlərin sayı hər keçən gün artır, qanundakı boşluqlarsa dolmur.  

  İqtisadçı Natiq Cəfərli “Şərq”ə açıqlamasında ictimai skuter təcrübəsinin bir çox Avropa ölkələrində, o cümlədən qardaş Türkiyədə, qonşu Gürcüstanda artıq çoxdan tətbiq edildiyini bildirdi:

- Hər bir ölkə təkcə tıxac problemini deyil, vətəndaşların mümkün qədər rahat hərəkətini təmin etmək üçün müxtəlif vasitələri tətbiq edir. Skuter də bunlardan biridir. Bir çox ölkələrdə bu məsələyə bələdiyyələr nəzarət edir. İctimai skuterlərin nəqliyyatın bir növü kimi tətbiq edildiyi ölkələrdə bununa bağlı qanunvericiliyə müvafiq düzəlişlər də edilir. Skuter nəqliyyat vasitəsi hesab olunursa, törədilən qəza, piyadanın vurulması, xəsarət alması ilə nəticələnəcək hallar da yol-nəqliyyat hadisəsi hesab edilir və buna görə sürücü qanunvericilik qarşısında eyni məsuliyyət daşıyır.  Bizdə də ictimai skuter xidməti tətbiq olunursa, qanunvericiliyə mütləq dəyişiklik edilməlidir. Başqa məsələ sığortadır. Sığorta mexanizmi yaradılmalı və ziyan çəkən avtomobillərin sığortalanması təmin edilməlidir. Bunun üçün də qanunvericiliyə dəyişiklik edilməlidir. Həmçinin insanlara dəyəcək fiziki xəsarətə görə də. İstifadə qiymətinə gəlincə, qiymətlər ərazidən, məsafədən asılı olaraq dəyişməlidir. Bakının relyefi enişli-yoxuşludur. Yoxuşlarda əlbəttə ki, daha artıq enerji sərf olunur.  Bunu necə hesablayırlar? Fərqli ödəniş haqları tətbiq edilməlidir.  Hər hansı yenilik təbiq edilməzdən öncə onun hansı effekti verəcəyi, eləcə də bütün detallar yüz olçülüb-bir biçilməlidir. Paytaxtda nəinki skuter, velosipedlər üçün də xüsusi zolaqlar çox azdır. Dənizkənarı Milli Parkda xüsusi zolaqlar var, bəzi küçələrdə də. Amma biz görürük ki, velosipedlər, skuterlər çox vaxt yolun avtomobillər üçün nəzərdə tutulmuş hissəsində hərəkət edir. Bu da qəza ehtimalını artırır. Skuterlər ekoloji baxımdan faydalıdır. Tıxacların həlli üçünsə effektsizdir. Skuterlə qısa məsafələrə hərəkət etmək olar. Uzun məsafələr üçün paytaxtın bütün ərazilərini əhatə edəcək işlər görülməlidir. Dayanacaqlar, enerji təminatı nöqtələri, xüsusi zolaqlar… Bu vasitə, daha çox əyləncə, ekstrim xarakteri daşıyır.   
  Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli isə “Şərq”ə açıqlamasında qeyd etdi ki, nəqliyyat vasitələrinin idarə edilməsi üzrə vahid qanunlar toplusu mövcuddur, lakin qanunvericiliyin təkmilləşməsinə ehtiyac var: 
- Nəqliyyat vasitələrinin növləri artırsa, onların hərəkətinin tənzimlənməsi üzrə qanunvericilik də təkmilləşməlidir. Qanunvericilikdə yenilənmə aparılmalı, yeni qanunvericilik aktları hazırlanmalıdır.  Amma məsələ bununla bitmir. Yeni nəqliyyat vasitələrinin idarə edilməsiylə bağlı qanunvericiliyi təkmilləşdiririksə, onların hərəkətini tənzimləyəcək yol infrastrukturunun qurulması da qanunvericilikdə əksini tapmalıdır. Moped sürücüsünə və ya skuter istifadəçisinə  “sən bu yolla hərəkət edə bilməzsən”, deyiləcəksə, ona alternativ yol, hərəkət zolağı verilməlidir. 

Qanunla müəyyənləşməlidir ki, moped və ya velosiped hansı halda deyək ki, avtobus zolağıyla hərəkət edə bilər və ümumiyyətlə, bu nəqliyyat vasitələri avtobus zolağına daxil ola bilərmi? Paytaxtda bəzi küçələrdə velosiped zolaqları çəkilib, indi xüsusi avtobus zolaqlarının çəkilməsinə başlanılıb, bir sıra yollarda xüsusi zolaqlar ayrılır. 

Lakin bunlar hələ ki, yetərli deyil. Alternativ nəqliyyat vasitələri ölkəyə gətirilirsə, onların hərəkəti üçün imkanlar da olmalıdır. Bu imkanlar yoxdursa, yaradılmayıbsa, qəzalar qaçılmazdır.