Tikinti sahəsində qanunsuzluq və özbaşınalıq hökm sürür

İcazə səlahiyyəti bir orqana verilməli, bu orqan da şəhər və kəndləri nizama salmalıdır

“Bəli, millət vəkilinin də dediyi kimi, hündürlüyü 12 metrədək olan tikililər üçün heç bir icazə tələb olunmur”


  Tikintiyə icazələrin verilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətləri artırılmalıdır. Bunu deputat Rüfət Quliyev İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında deyib. Millət vəkili qeyd edib ki, əsasən Bakının qəsəbələrində və regionlarda bu hal müşahidə edilir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti üçün icazəni verir, elə ki 3 daş qoyulur, bir də görürsən tökülüşdülər, hərə bir qara qovluqla gəlir, deyir ki, bunun sənədini göstər. Sənəd göstərilir, deyirlər ki, yox e, filan yerdən də icazə al. Qanun deyir ki, 12 metrə qədər olan tikintilərdə heç bir sual olmamalıdır. Amma yenə də gəlirlər, bu onun boynuna atır, o bunun boynuna atır. Bütün belə problemləri öz üzərinə götürmək üçün Dövlət Arxitektura və Şəhərsalma Komitəsində səlahiyyətlər olmalıdır”.

  Millət vəkili çox önəmli və ağrılı bir mövzuya toxunub. Lakin bu hal əsasən Bakının qəsəbələrində və regionlarda deyil, hər yerdə yaşanır, paytaxtın özündə də. Elə bir vəziyyət yaranıb ki, vətəndaş şəxsi mülkünün “krışa”sını təmir edəndə də, həyətdə ayaqyolu tikəndə də “uçastkovı” başda olmaqla icrası, bələdiyyəsi, FHN-ni, az qala “JEK” xadimələri də işə qarışıb “şirinlik” istəyirlər. Vermədinsə, dam örtüksüz qalacaqsan, yağış başına yağacaq. Ayaqyolu da ki... nəsə, daha özün bil, gör neynirsən. 

  Mövzu ilə bağlı “Şərq”ə danışan sosiloq Elçin Bayramlı qeyd etdi ki, tikinti sahəsində qanunsuzluq və özbaşınalıq hökm sürür: 

- Bəli, millət vəkilinin də dediyi kimi, hündürlüyü 12 metrədək olan tikililər üçün heç bir icazə tələb olunmur. Tikiləcək obyektin, evin və sairənin planı Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilir, deyəsən, 10-15 gün müddətndə müraciətə cavab verilməlidir. Cavabın verilmə müddəti keçirsə, vətəndaş icazə olmadan tikintiyə başlamaq hüququna malikdir. Əlbəttə ki, tikinti strateji obyektlərə ziyan vurmursa, dövlət mülkiyyəti olan torpaqlarda aparılmırsa, kommunikasiya xətlərinin altında və ya üzərində deyilsə. Buna da bir orqan nəzarət etməlidir -  Şəhərsalma və Arxitektura Komitəsi.  Qalan digər orqanlar tkinti sektorundan müxərrəs olmalıdırlar. Komitə də təqdim edilən layihələrə baxıb, yol-küçə infrastrukturunun qorunması şərtilə tikintiyə razılıq verməlidir. Tikintiyə icazə alınmasına bir neçə, hətta xeyli sayda orqan cəlb edilib deyə, vətəndaşlar əziyyət çəkir. Şikayətlərə də baxan yoxdur. Bütün bunlar korrupsiya və rüşvətxorluğa yol açır. Nəticə isə bundan ibarətdir ki, bu gün paytaxtda və Bakıətrafı qəsəbələrdə yarım milyona yaxın sənədsiz ev var. Və bu problem hələ də həllini tapmayıb.