Ev yox, ilan yuvası alıbmış 

42  yaşlı qadının həyatı kabusa dönüb

  ABŞ-nin Kolorado ştatının sakini Amber Hall maklerin məsləhəti ilə geniş mənzil alıb. İllərlə xəyal etdiyi 4 yataq, 2 hamam otağı olan evə daşınan 42  yaşlı qadının həyatı kabusa dönüb. Məlum olub ki, aldığı ev əsl ilan yuvasıdır. Bu barədə  “Milliyet.com” xəbər dərc edib. Xəbərdə bildilir ki, qadın ilk ilanı bəslədikləri köpək avtomobil qarajında olarkən görüb. İlanın həddindən artıq böyük ölçülü olması qadını dəhşətə gətirib:

“Bu evin əslində ilanlar yuvası ola biləcəyini təxmin belə edə bilməzdim. Onu ilk görəndə dəhşətə gəldim. Məncə, bu, böyük ölçülü jartiyer ilanı idi. Həyatımın bir hissəsini şəxsi ev almaq üçün pul toplamağa həsr etdim. Düşünürdük ki, nəhayət öz evimizdə rahat nəfəs alacaq, zövq duyacağıq. 

Amma nəinki zövq almaq, ayaqyoluna da rahat gedə bilmirik. Evin hər bucağından ilanlar çıxır. Gecələr yata bilmirik. Yataqdakı ağlar ayağımıza dəydikcə, ilan zənn edirik.  Yorğanı qaldırıb baxırıq. Həyatımız kabusa dönüb” , söyləyən qadın evi ilanlardan təmizləmək üçün ilan ovçusu dəvət etdiklərini və ona 1000 dollar pul ödədiklərini deyib. Lakin yenə də bir nəticə hasil olmayıb. Qadın maklerin onu aldatdığını, ilanlarla bağlı heç bir məlumat vermədən mənzili sataraq onu aldatdığını və təzminat üçün məhkəməyə müraciət edəcəyini bildirib.