Cemal Yanqın: “Qarabağda nəqliyyat-logistika üzrə birgə layihələr reallaşdırmaq olar”

Türkiyə ilə Azərbaycan arasında iqtisadi münasibətlər dostluq və qardaşlıq əlaqələrinə uyğun müsbət templə davam edir. İki ölkə arasında ticarət dövriyyəsində davamlı artım müşahidə olunur, əməkdaşlıq əlaqələri genişlənir. Əldə olunan bir sıra razılaşmalar regionun enerji təhlükəsizliyində mühüm amil kimi dəyərləndirilir. Həmçinin qeyri-neft-qaz sektorunda da əlaqələr inkişaf etməkdədir. Qarşılıqlı investisiyaların artması və birgə layihələrin həyata keçirilməsi bu istiqamətdə mühüm rol oynayır. Hər iki ölkə birgə strateji münasibətləri gücləndirmək və gələcəkdə də bu münasibətlərin dərinləşməsi üçün işlər görür.

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yanqın “Report”a müsahibəsində ATİB-in Azərbaycandakı fəaliyyəti, türkiyəli iş adamlarının ölkəmizdə investisiya mühitinə marağı barədə danışıb:

- Azərbaycandakı biznes mühitini necə dəyərləndirirsiniz?

- Hər hansı ölkəyə sərmayə qoymazdan əvvəl ilk olaraq o ölkənin investisiya imkanları, müvafiq qanunvericiliyi dərindən araşdırılmalı və öyrənilməlidir. Azərbaycan iqtisadiyyatının inkişafında neft və təbii qaz ehtiyatları böyük rol oynasa da, kənd təsərrüfatından turizmə, logistikadan tikintiyə və digər sahələrə böyük investisiya imkanları mövcuddur. Bu ölkənin coğrafi mövqeyi, logistik imkanları və tarixi əlaqələri sayəsində burada istehsal olunan məhsullar Rusiya və Mərkəzi Asiya bazarlarına daha asan çıxış əldə edə bilir. Son illər Azərbaycanın İqtisadiyyat Nazirliyinin tabeliyində olan xüsusi iqtisadi zonalarda və sənaye zonalarında xarici investorlara güzəştlər təklif olunur. Lakin bütün keçmiş sovet ölkələrində müstəqilliyin nisbətən yeni olması və institusional proseslərin tam başa çatmaması səbəbindən investisiya prosesində bəzi problemlərin yaranması mümkündür. Bütün bunları nəzərə alaraq, Türkiyədəki sərmayədarlar Azərbaycana investisiya qoymazdan əvvəl həm imkanları, həm də riskləri dərindən araşdırmalıdırlar. Yazılı qanunvericilikdən əlavə, bunların Azərbaycanda tətbiqi ilə bağlı vəziyyəti də bilmək lazımdır.