Su problemi ilə əlaqədar Biləsuvar rayonunda günəbaxan sahələri kəskin azalıb.
Bu barədə bir qrup fermer məlumat verib. Onların sözlərinə görə, son zamanlar suvarma suyuna tələbat tam ödənilmədiyi üçün Biləsuvarda günəbaxanın əkin hektarında 50 faiz azalma baş verib: "Bu mövsüm təsərrüfatlarımızda digər bitkilərlə yanaşı, günəbaxan da əkmişik. Lakin builki mövsüm ötən illərlə müqayisədə heç də uğurlu olmayıb. Əvvəllər daha çox bu məhsulu əkərdik. Bu il isə su ilə əlaqədar əkini azaltmışıq. Əvvəllər məhsuldarlıq 25-30 sentner olardı. İndi 15 sentner ancaq gözləyirik. Buna baxmayaraq, məhsul biçilir, hazırda qurutma işi aparılır. Biçin müasir aqreqatla həyata keçirilir. Əl əməyindən istifadə etmirik. Günəbaxan daha sərfəlidir, çünki bir-iki dəfə suvarmaqla məhsul götürmək olur".
Bununla bağlı "Sherg.az"a danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, Azərbaycan böyük həcmdə bitki yağı, xüsusən də günəbaxan yağı idxal edir:
"Ölkəmizdə günəbaxan istehsalı üçün münbit şərait var. Lazımi resurslar mövcuddur. Eyni zamanda su mənbələri də kifayət qədərdir. Problem suyun idarə edilməsindədir. Hökumət etiraf edir ki, 25 milyard kub metr su resursu mövcuddur. Bu, sudan səmərəli istifadə etsək, tələbatımızdan 5 dəfə çoxdur. Hələ həmin sudan müasir dövrün tələbinə uyğun olaraq, damcı suvarma sistemini tətbiq etsək, bizim tələbatdan 7-8 dəfə çox su resursu var. Deməli, hazırda günəbaxan istehsalçıları su çatışmazlığı ilə qarşılaşıblarsa, problemlə üzləşiblərsə, məsuliyyət hökumətin üzərinə düşür. Çünki suyu idarə edən hökumətdir. İstehsalçılarımız mənbədən su götürə bilməzlər. İcazə almaq lazımdır. Yalnız suyu onlara dövlətin yaratdığı qurum təqdim etməlidir. Təəssüf ki, sudan yararlananlar və təminatını həyata keçirənlər arasında müqavilə yoxdur. Müqavilə şərtində su satışı ilə bağlı bənd göstərilməlidir. Həmçinin müqavilədə mütləq qeyd olunmalıdır ki, su təchizatını həyata keçirən qurum davamlı şəkildə istehsalçıların suya olan ehtiyacını ödəyəcək. Beləliklə, fermer problemsiz istehsalla məşğul olacaq, məhsuldarlığı artırmaq üçün keyfiyyətli məhsul istehsal etmək haqqında düşünəcək. Azərbaycanın tumluq günəbaxana ehtiyacı var. Əsasən, bitki yağlarını idxal edirik. Ölkə daxilində istehsal olunsa, ucuz başa gələr. Bildiyimiz kimi, son 1 ildə günəbaxan yağının qiyməti 2 dəfədən çox artıb. Çünki ölkə lazım olan həcmdə günəbaxan yağı istehsal edə bilmir".