Qış, kənd və ekoturizm üzrə layihələr hazırlanacaq

İqtisadçı qədim Naxçıvan yurdunun bu sahədə böyük potensiala malik olduğunu bildirib

“Nəinki Naxçıvanda, ümumiyyətlə, bütün Azərbaycanda turizmin hər bir növü, o cümlədən də eko-turizmin inkişafı üçün yetəri qədər münbit şərait var”


  “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda əksini tapan məsələdən biri də Naxçıvanda müxtəlif turizm növlərinin qış, kənd, eko-turizmin inkişaf etdirilməsi və turizm atlasının hazırlanması da nəzərdə tutulub. Qeyd olunur ki, Naxçıvanda turizm növlərinin inkişafına dair layihələr hazırlanacaq. 2023-cü ildə Batabat gölünün yaxınlığında tematik turistik mərkəz layihələndiriləcək. 2023-2024-cü illərdə dağ cığırları əsasında piyada marşrutlarının - hiking route xəritələri hazırlanacaq, Naxçıvan Muxtar Respublikasının turizm üçün əlverişli yaşayış məntəqələri qiymətləndiriləcək, qış, kənd və ekoturizm üzrə layihələr hazırlanacaq. 2024-cü ildə isə Ordubad Tematik Parkının yaradılması layihələndiriləcək, Ağbulaq massivində qiymətləndirmə işləri aparılacaq, yay-qış turizm kompleksinin yaradılması imkanı araşdırılacaq.
  Naxçıvanda turizmin inkişafının zəruriliyini vurğulayan iqtisadçı Fuad İbrahimov “Sherg.az" açıqlamasında bu qədim yurdun böyük potensiala malik olduğunu dedi:

"Dünyada turizmin yeni növləri artıq çoxdan populyarlaşıb. Eko-turizm bunlardan biridir. Bilirsiz ki, təbiətin mühafizəsinə son illərdə dünyada çox diqqət yetirilir, səyahətə, istirahətə gedənlərin təbiətə zərər vurmamaları tövsiyə edilir. Eko-turizm də təbiət qoynuna səyahət, insan ayağının az dəydiyi yerlərə səfərlər təşkil etmək, təbiətlə baş-başa qalmaqdır. Nəinki Naxçıvanda, ümumiyyətlə, bütün Azərbaycanda turizmin hər bir növü, o cümlədən də eko-turizmin inkişafı üçün yetəri qədər münbit şərait var. Yurdumuz qədimdir, qədim tarixi abidələrlə yanaşı, gözəl təbiətimiz, meşəliklər, dağ çayları var. Naxçıvan da bu mənada böyük üstünlüklərə malik bölgəmizdir. Ordubad, Şahbuz rayonları, digərlərində, bütün Naxçıvan ərazisində gəzməli-görməli yerlər çoxdur. Təbiəti gözəldir, relyefi də cəlbedicidir. Tarixi abidələr də öz yerində. Elə təkcə Əshabi-Kəhf bəs edir ki, dünyanın diqqəti Naxçıvana yönəlsin. Bundan istifadə etmək lazımdır. Əshabi-Kəhfə xüsusi turist marşrutları təşkil etmək olar. Yerli əhali, həmçinin ölkəmizin digər bölgələrindən Əshabi-Kəhfi ziyarətə getmək istəyənlər çoxdur. Niyə, “çox gedirlər”, demirəm, çünki Naxçıvana səfər etmək, bilirsiniz ki, problemlidir. Təyyarə biletləri bahadır və heç tapılmır da. Bəli, inkişaf konsepsiyası hazırlanır, gözəl təkliflər səslənir. Amma Naxçıvana gediş problemi hələ həllini tapmayıb. Turizm marşrutları müəyyənləşdi, eko-turizm üçün şərait yaradıldı. Amma ilk növbədə əhalinin ora gedişi asanlaşmalıdı. Əgər sabah Naxçıvana təyyarə biletləri yenə yüksək qiymətə olacaqsa, nə yerli əhali ora gedəcək, nə də əcnəbi turistləri cəlb edə biləcəyik. Turist əvvəlcə səfər qiymətləri ilə maraqlanır, sonra qərar verir. Unutmayaq ki, pandemiyadan əvvəl Azərbaycan vətəndaşları xarici ölkələrdə istirahət etməyi daha üstün tuturdular, nəinki daxili istirahəti. Məlum səbəblərdən; daxildəki istirahət məkanlarına külli miqdarda pul xərcləməkdənsə, xarici ölkələrə səfər etməyi seçirdilər. “İsmayıllıda həftəyə 1000 manat xərcləməkdənsə, gedib 5-3 gün Antalyada dincələrəm, ad olar ki, filankəs Türkiyəyə gedib”, deyirdilər. Eləcə də Gürcüstana səfər etməyi üstün tuturdular, çünki xərcləri minimum olurdu. Yəni biz əgər həqiqətən turizmin inkişafında maraqlıyıqsa, Naxçıvan kimi bölgəmizin daha çox tanınmasını istəyiriksə, əvvəlcə qiymət siyasətinə baxmalıyıq. Və qiymətləri elə bir səviyyədə təyin etməliyik ki, əcnəbi üz çevirməsin".
F.İbrahimov Zəngəzur dəhlizinin önəmini də vurğuladı:
" Zəngəzur dəhlizinin açılması böyük dəyişikliyə səbəb ola bilər. Zəngəzur dəhlizi açılarsa, qardaş Türkiyədən də Naxçıvana səfərlər artacaq, digər ölkələrdən də. Bu dəhliz səyahət edənlər üçün cəlbedici olacaq".