Baş prokurorun müavini: 50 vakant yer üzrə 136 namizəd yazılı imtahanda iştirak edir

Bu gün prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş növbəti müsabiqənin ikinci - yazılı imtahan mərhələsi keçirilir.
Bu barədə APA-ya Baş Prokurorluqdan məlumat verilib.

Məlumata görə, Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilib.

İmtahanı müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə edir.

Baş Prokurorluğun Müsabiqə Komissiyasının sədri, Baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov yazılı imtahan mərhələsinin açılışı zamanı çıxışında bildirib ki, 50 vakant ştat vahidi üzrə 136 namizəd yazılı imtahanda iştirak edir.

Baş prokurorun müavini əlavə edib ki, hazırkı müsabiqənin yazılı imtahan mərhələsində 136 namizəd iştirak edir.

Namizədlərdən 29-nun qadın olduğunu qeyd edən Heydər Məmmədov əlavə edib ki, namizədlər Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Naxçıvan Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının və xarici ali təhsil müəssisələrinin məzunlarıdır.