Azad olunmuş ərazilərdə silsilə əmək yarmarkaları təşkil olunacaq

Füzuli şəhərində bu gün keçirilən əmək yarmarkasında 200-ə yaxın vakansiya ilə 27 müəssisə iştirak edir.
Bunu APA-nın Qarabağ bürosuna açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin Qarabağ regional məşğulluq filialının müdiri Babək Tağıyev deyib.

"Tədbirlər silsiləsinin davamı olaraq bu gün Qarabağ regional məşğulluq filialının təşkilatçılığı, xüsusi nümayəndəliyin dəstəyi ilə işğaldan azad olunmuş ərazilərdə ilk əmək yarmarkası Füzuli şəhərində təşkil olunur. Yarmarkada 200-ə yaxın vakansiya ilə 27 müəssisə iştirak edir.

Bundan əlavə, Füzuli şəhərinə köçürülmüş sakinlər içərisində indiyə qədər 73 nəfər işlə təmin olunmuşdur. 20 nəfər özünüməşğulluq proqramına cəlb olunub. 150-yə yaxın vətəndaşın məşğulluq tədbirlərinə cəlb olunması üçün proseslər davam etdirilir. Belə yarmarkalar digər işğaldan azad olunmuş ərazilərdə silsilə şəklində təşkil olunması planlaşdırılır".