Ölkədə sərnişinlərin 11.5%-i metrodan istifadə edib

2023-cü ilin yanvar-oktyabr ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,4 faiz və 17,8 faiz artıb. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 186,2 milyon ton yük daşınıb.

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, yüklərin 4,1 faizi dəniz, 8,2 faizi dəmir yolu, 0,1 faizi hava, 57,1 faizi avtomobil nəqliyyatı, 30,5 faizi isə boru kəməri ilə daşınıb. Qrafik 10 Yük daşınmasının nəqliyyat növləri üzrə strukturu, faizlə qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,9 faiz artıb. Daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,6 faiz təşkil edib.

Ətraflı

2023-cü ilin yanvar-oktyabr aylarında nəqliyyatçılar 1552,3 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,0 faizi avtomobil nəqliyyatı, 11,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 106,2 milyon ton yük, 1366,3 milyon sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,2 faiz və 19,3 faiz artım qeydə alınıb.
Yük dövriyyəsi 5,0 faiz, sərnişin dövriyyəsi isə 18,8 faiz artıb. Metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 6,3 faiz artaraq 178,0 milyon nəfər olub. Hava nəqliyyatı ilə 2415,2 min və ya 28,3 faiz çox sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 20,3 faiz azalaraq 277,2 min ton olub.