BQXK Azərbaycanda saxlanılan erməni əsilli şəxslər və Ermənistanda saxlanılan azərbaycanlılara baş çəkib

"Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları müntəzəm olaraq Azərbaycanda saxlanılan erməni əsilli şəxslərə, həmçinin Ermənistanda saxlanılan azərbaycanlılara baş çəkir".
APA-nın Naxçıvan bürosu xəbər verir ki, bunu Naxçıvanda keçirilən seminarda jurnalistlərə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin başçısı Draqana Koiç deyib.
O bildirib ki, bu baş çəkmələr zamanı Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları saxlanılan şəxslərin şəraiti ilə və onlarla rəftarla maraqlanır:
"Həmçinin də bu şəxslərin ailələri ilə əlaqə yaratması üçün şəraitin olduğunu yoxlayır və bu şəraiti yaradır. Biz Beynəlxalq Qızıl Xaç Komitəsi olaraq həmin şəxslərə baş çəkdikdə, bu fəaliyyətin nəticəsində bütün məlumatlar, məsələlər ancaq əlaqədar qurumlarla ikitərəfli konfidensial surətdə bölüşdürülür və müzakirə olunur. Hər iki tərəflə - istər Azərbaycan, istərsə də Ermənistan tərəfi ilə Biz Beynəlxalq Qızıl Xaç Komitəsi mütəmadi olaraq bu məsələləri müzakirə edir. Saxlama yerlərinə baş çəkmələr oktyabr ayının sonu, noyabrın əvvəli olub".