SOS! Yeni koronavirus ştammı qapımızı döyəcək?  - AÇIQLAMA 

ABŞ-nin Nyu-York şəhərində koronavirusun JN.1 adlı yeni variantına yoluxanların sayı artıb.
Bu səbəbdən son günlər şəhərdə qoruyucu tibbi maskalardan istifadə edənlərin sayının artdığı, kütləvi nəqliyyatlardan, metro və avtobuslardan istifadənin azaldığı bildirilib. İnsanlar sosial məsafə və özünütəcrid mexanizmi ilə virusdan qorunmağa çalışırlar. ABŞ mətbuatında yayılan məlumatlarda şəhərdə virusun aşkarlanmasını təmin edən sürətli testlərin satışı çoxaldığı qeyd olunub.
ABŞ-nin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin yaydığı məlumatda isə sanitariya-gigiyena qaydalarına riayət etməklə yanaşı maskalardan istifadə, mümkün olduqca qapalı yerlərdə havalandırmanın yaxşılaşdırması, xəstələrə evdə qalmaq və ən son koronavirus peyvəndini almasının vacibliyi qeyd olunub.

Mütəxəssislər havaların soyuması ilə virusun bu sıçrayışının gözlənilən olduğunu bildiriblər.
 
 Koronavirus hallarında mövsümi artım olduğunu vurğulayan professor, infeksion xəstəliklər uzmanı Alper Şener isə sosial media hesabında JN1 virusu ilə bağlı təşvişə əsas olmadığını vurğulayıb. Koronavirus ailəsinin hər gün yeni üzvlər qazandığını bildirən Şener qeyd edib ki, Omikronun alt qrup variantı olan JN1-də koronavirus ailəsinin digər alt qrup variantlarına bənzəyir: " Ona görə də əhalinin peyvənd olunmuş təbəqəsinin, xüsusən də gənclər və yanaşı xəstəlikləri olmayan şəxslərin narahatlığına əsas yoxdur. Amma yaşı 65-dən yuxarı olub peyvənd olunmayan, həmçinin də xroniki xəstəlikləri olan insanlar üçün JNq virusu da digər COVİD 19 variantları kimi ciddi təhlükə mənbəyidir. Bu şəxslər virusa yoluxduğu zaman koronavirus infeksiyasə ağır tənəffüs yolu infeksiyalarına səbəb ola bilər. ABŞ, Böyük Britaniya və Yaponiyanın məlumatlarına və təcrübəsinə əsasən koronavirusun JN1 variantı yeni ildə ürək çatışmazlığı pandemiyasına səbəb ola bilər". 
Yerli mütəxəssislərimiz isə qeyd edib ki, COVİD-19-un ABŞ-də qeydə alınan yeni ştammının Azərbaycanda yayılması haqqında heç bir məlumat yoxdur.
Lakin bayram günlərində vətəndaşlarımızın digər ölkələrə səyahəti və geri dönüşü ilə əlaqədar ştammın ölkəmizə gətirilməsi istisna deyil.

Professor Adil Qeybulla Covid-19-un yeni, JN1 variantının Amerika, Fransa, İngiltərə, Portuqaliya, İspaniya, Yaponiya, Çin və Avstraliya kimi ölkələrdə sürətlə yayıldığını deyib: "Biz koronavirusun alt variantlarının nisbətən yüngül olduğunu deyirik, lakin özümüzü qorumağı dayandırdığımız zaman virus mutasiyaya uğrayır. Yəni virus təbii olaraq mutasiyaya uğramır, insandan insana keçərək baş verir. Biz tədbir görmədikcə, hərəkət etməyə davam edəcək". 

Son illərdə yayılan variantların hamısının 
Omicronun alt variantları olduğunu xatırladan A. Qeybulla deyib ki, JN1 virusu da Omikron ilə eyni simptomları göstərir:

 "JN.1 infeksiyasının simptomları öskürək, qızdırma, bədən ağrıları və yorğunluq da daxil olmaqla əvvəlki koronavirus variantlarının yaratdığı simptomlara bənzəyir. Xüsusən də yaşlılar, körpələr, immun sistemi zəifləmiş və ya xroniki vəziyyətdə olan insanları üçün virusa yoluxma riski yüksəkdir.
Əlamətlər qızdırma, boğaz ağrısı, burun axması, halsızlıq, yorğunluq, qoxu hissi... Bu virusda diqqəti çəkən bir şey var, ishal, qusma və qarın ağrısı daha çox olur. İshal ümumi bir Covid simptomu olaraq görülməyə başlayır. Son olaraq deyim ki, COVİD-19 pandemiyası artıq bitib və yoluxmanın yenidən eyni həddə alovlanması mümkün deyil. Ən azı ona görə ki, infeksiya zənciri qırılıb, xeyli insan vaksin olunub və yoluxduğu üçün immunitet yaranıb. Ancaq davam edən mutasiya ştammlarının müəyyən epidemik ocaqlar yaratdığı da göz qabağındadır. Bu səbəbdən də əhaliyə mümkün qədər özünü qorunmağı və karantin qaydalarına əməl etməyi tövsiyyə edirəm. Insanların kütləvi toplaşdığı yerlərdə maska taxılması məsləhətdir. Xəstə şəxslərin insanların sıx toplaşdığı yerdə olmaması daha uyğundur. Bundan əlavə, insanlar gigiyenik qaydalara əməl etməlidir”.