Stomatoloji kabinetlərdə hepatitə yoluxma faktları - DİQQƏT

Xəstə hüquqlarını bilməlidir


Hər bir insan özünü qoruya bilər, bunun üçün diş həkiminə gedəndə istifadə edilən alətin sterilliyinə əmin olmalıdır

  Stomatoloji kabinetlərdə hepatit, QİÇS və digər arzuolunmaz xəstəliklərə yoluxa bilərsiniz.
 Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, QİÇS və hepatit C xəstəliklərinin yayılmasına təsir göstərən faktorlar arasında birinci yerdə stomatoloji xidmətlər dayanır. Mütəxəssislər də bildiriblər ki, dişlərin müalicəsi zamanı yol verilən səhlənkarlıq pasiyentin səhhətində ciddi fəsadlar yarada bilər.
  Stomatoloqların sözlərinə görə, istənilən ciddi stomatoloji klinika alətlərin sterilizasiyasına məsuliyyətlə yanaşır. Ən azından ona görə ki, tibbi personalın da sağlamlığı bu alətlərin nə dərəcədə steril olmasından asılıdır.
  Mütəxəssislər məsləhət görüblər ki, virusdan qorunmaq üçün pasiyentlərin özləri də müalicə həkiminin qaydalara riayət edib-etmədiyinə diqqət yetirsinlər.
  İnfeksionist-hepatoloq Mərdan Əliyev isə “Sherg.az"a açıqlamasında deyib ki, stomatoloji kabinetlərdə hepatit xəstəliyinə yoluxma faktları çox olsa da, HİV(QİÇS)-lə bağlı bunu demək olmaz:

“HİV daha çox cinsi əlaqə və narkomaniya vasitəsilə yayılır. Yoluxma hadisəsi narkomanlar arasında daha tez baş verir. Bu da venadaxili iynələrdən istifadə ilə bağlıdır. Narkotik maddə qəbul edənlərdə immunitet xeyli azalır. İmmuniteti aşağı olan şəxslərin də xəstələnmə ehtimalı daha çoxdur. Ona görə də virusa daha tez yoluxurlar. Xəstəliyi də ağır keçirirlər. Hepatit B və C –nin yayılmasında stomatoloji kabinetlərin və gözəllik mərkəzlərinin rolu çoxdur. Bəlkə də dünya ölkələrində doğrudan da, HİV-ə yoluxma faktları stomatoloji mərkəzlərdə də müşahidə edilsin, amma bizdə belə deyil”.
  Hepatitlərin yoluxmasında diş klinikalarının roluna gəldikdə isə M.Əliyev deyib ki, bu viruslar əsas qan təması ilə yoluxur. Diş çəkilməsi, manikür-pedikür, abort vəs kimi cərrahi proseslər hepatitlər üçün risk faktorudur: “Digər cərrahi əməliyyatlarla müqayisədə diş həkimlərinə müraciət edən insanların sayı daha çox olduğu üçün hepatitə yoluxma faktları da məhz orda qeydə alınır. Yəni 5 adamdan biri cərrahi əməliyyat olunur, amma hər kəs ömründə bir və ya bir neçə dəfə diş həkiminə müraciət edir. Həm də daxili orqanların cərrahi əməliyyatları klinikalarda və təkmilləşdirilmiş xəstəxanalarda icra edildiyindən əməliyyatlar yaxşı-yaxşı dezinfeksiya edilir. Diş klinikalarının isə heç də hamısı ilə bağlı bunu demək olmur”. Az qala hər binanın altında stomatoloji mərkəzlərin fəaliyyət göstərdiyini vurğulayan hepatoloq deyib ki, bu kabinetlər yalnız açılanda aidiyyəti qurumlar tərəfindən yoxlanılır və lisenziya verilir: “Ümumiyyətlə, stomatoloqun kabinetindəki bütün avadanlıqlar xüsusi məhlulla təmizlənməlidir. Bundan başqa hər stomatoloji kabinetdə avtoklav adlı xüsusi strerilizasiya aparatları qoyulmalıdır ki, burada da bir çox alətlər hər pasiyentə xidmətdən dərhal sonra 100 faiz mikroblardan təmizlənməlidir.
  Hepatit B və C-ni məhv etmək üçün istifadə olunan məhlullar bahalı olduğu üçün hər stomatoloji mərkəzdə bu qaydalara əməl olunmur və hepatitə yoluxmalar artır. Tövsiyə edirəm ki, vətəndaşlar klinikaların, xəstəxanaların nəzdində fəaliyyət göstərən diş həkimlərinə müraciət etsinlər. Hər bir insan özünü qoruya bilər. İnsanlar diş həkiminə, yaxud da gözəllik salonuna gedəndə istifadə edilən alətin sterilliyinə əmin olmalıdır. Yəni bunu tələb etmək hüququ var. Tibbi, kosmetoloji alətlər steril olmalıdır. Həm HİV-ə, həm də hepatitlərə yoluxmamaq üçün şəxsi gigiyenaya son dərəcə diqqət edilməlidir”.