Bakının Baş Planı şəhərimizi daha da gözəlləşdirəcək - RƏY

Almanlar işləyib

“Bu plan, əslində, yerli memarlarımızın hazırladığı hesabatlar, çəkdikləri plan, irəli sürdükləri təkliflər əsasında hazırlanıb”

  Bakı şəhərinin Baş Planı ictimaiyyətə təqdim olunub. Burada 2040-cı ilə qədər xeyli yenilik diqqət çəkir. Məsələn, metro stansiyalarının sayının 46-ya çatdırılacağı gözlənilir. Xırdalana, Ağ şəhərə, Yeni Günəşliyə, Bakıxanova, Qaraçuxura metro çəkilməsi planlaşdırılır. Tramvay və metrobus kimi ictimai nəqliyyat növləri yaradılacaq. Şəhərin mərkəzindəki neft-kimya müəssisələrinin Səngəçala və Ələtə köçürülməsi nəzərdə tutulub. Bir neçə universitet ixtisaslaşmış vahid şəhərcikdə yerləşdiriləcək. Universitetlərdən birinin tamamilə yeni yerə köçürüləcəyi düşünülüb.
  Baş Planı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Almaniyanın “AS+P Albert Speer+Partneer GMBH” şirkəti hazırlayıb. 
Bu da bir çox ekspertlər tərəfindən tənqid olunur. Hesab edilir ki, 
Bakının Baş planı əcnəbilərə yox, məhz yerli memarlara  həvalə edilsə, daha effektiv olardı. 
  Türkdilli Ölkələrin Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının professoru, memar Cahid Həsənov isə “Sherg.az"a açıqlamasında deyib ki, Bakı şəhərinin  Baş Planının təsdiq olunaraq ictimaiyyətə təqdim olunması çox- çox sevindirici bir haldır. Bu, çoxdan gözlənilən, şəhərsalma və memarlıq hadisəsi olacaq bir hadisədir:

“Şəhərsalma memarı olaraq onu deyə bilərəm ki, bu vaxta qədər hazırlanmış Bakı şəhərinin Baş planlarından fərqli olaraq yeni təsdiq olunan Plan tam modern, müasir dövrün bütün yeniliklərini özündə əks etdirir. Hələ Sovetlər dönəmində təsdiq olunan  Baş Planda əhalinin  coğrafi şəraiti və sayı əsas götürülürdü.  O planda bir ölkədən digər ölkəyə şirkətlərin, insanların inteqrasiyası, yaşaması kimi amillər nəzərə alınmamışdı. Bakı şəhərinə gələn qonaqların, diplomatik mərkəzlərin, istehsalçıların, sahibkarların indiki sayı qədər artım perspektivləri yox idi. Hətta rayondan gələn vətəndaşların belə Bakıda qeydiyyata düşməsinə  qadağa qoyulmuşdu.  Şəhərsalma prosesi də bu Plana uyğun  davam etdirilirdi. Müstəqilliyimiz əldə olunduqdan sonra çox bəsit şəkildə işlənmiş Bakının Baş Planı isə  böyük kütlədə insanların bu şəhərə yığışmasına səbəb olmaqla bərabər, paytaxtda birdən-birə təlatüm, sıxlıq yaratdı. Üstəlik, şəhərin bircə mərkəzi var idi. Paytaxt sakinlərinin, şəhərə gələn qonaqların istirahət etmək üçün gedəcəyi yer Fəvvarələr meydanı və Bakı bulvarı idi. Bu gün isə istirahət etmək üçün bulvara getməyə ehtiyac yoxdur. Paytaxtda yeni parklar yaradıldıqca həmin ərazilərdən şəhərin mərkəzinə axın azalır.  İllər keçdikcə Xəzər dənizi sahilində istirahət komplekslərinin, seyrəngahların, yaşıllıq zolaqları və müxtəlif parkların salınması nəticəsində sıxlıq bir qədər azalaraq həmin istiqamətlərə doğru yayılmağa başladı. Artıq o ərazilərdə yaşayanlar gəzinti üçün yaxın olan park və istirahət məkanlarına üz tutmağa başladılar. Şəhərsalma memarları tərəfindən hazırlanmış yeni Baş Planda isə  şəhərin sıxlığını seyrəkləşdirəcək dərəcədə effektiv rol oynayacaq qanunlar öz əksini tapıb. Yeni Baş Planda isə mərkəzi ərazilərin bir yox, onlarla ərazidə inşa edilməsi onu göstərir ki, Bakı şəhərinin rayonları arasındakı gəliş-gediş azalacaq. Əgər bir yaşıllıq zolağı, park salınıb, inzibati bina da inşa olunursa, təbii olaraq ətrafında da artıq özəl sektor inkişaf etməyə başladı. Həmin ərazilər artıq Bakının ikinci, üçüncü, dördüncü mərkəzi ərazilərinə çevrilib. Yeni Baş Planda da bu məsələlərə kifayət qədər yer verilib”.
  Memar deyib ki, Baş Planda metronun genişləndirilməsi də nəzərdə tutulur.
"Bu çox yaxşı haldır. Yeni metrostansiyaların inşası Bakının mərkəzində sıxlığı aradan qaldıracaq. Baş Plan tənzimləyici bir xəritədir. Biz bu xəritə üzrə işləri həyata keçirsək, şəhərimiz daha da gözəlləşəcək.
Şəhərin Baş Planı sadəcə nəqliyyat sıxlığının azalması, şəhərin boşaldılması üçün deyil, baş planın təsdiqi şəhərin növbəti dövr üçün iqtisadi inkişafına təkan verəcək ali bir qanundur. Təsəvvür edin ki, hansısa bir sahibkar iri tutumlu nəqliyyat vasitələrinə investisiya qoyub, həmin marşrutları Bakı şəhərində xəttə buraxmaq istəyir. O fikirləşir ki, bu cür tıxaclı şəhərdə investisiya qoyduğu bu sahə ona gəlir gətirməyəcək. Yeni təsdiq olunan Planda isə yeni istifadəyə veriləcək  ərazilərdə yaşayış binalarının inşası fonunda  yeni marşrut xətləri, özəl idman komplekslərinin istifadəyə verilməsinə zəmin yaradacaq”. 
  Paytaxt  Bakının  Baş Planının niyə  xarici şirkətə həvalə olunmasına gəldikdə isə  memar deyib ki, bu Azərbaycanda şəhərsalma memarlarının  qeyri- peşəkar olması, şəhərsalma qaydalarını  xarici memarlar  səviyyəsində bilmədikləri anlamına gəlmir: “Bu plan, əslində, yerli memarlarımızın hazırladığı hesabatlar, çəkdikləri plan, irəli sürdükləri təkliflər əsasında hazırlanıb. Yəni təkliflər paket halında onlara təqdim olunub və alman şirkəti də həmin hesabata uyğun yekun plan hazırlayıb. Baş Planı hazırlamaq üçün beynəlxalq təcrübə olmalıdır. Məsələn, yaxın gələcəkdə yüksək sürətli metro vaqonlarının, ən iritutumlu sərnişin avtobuslarının harada  istehsal olunduğunu, metrostansiyalar arasındakı məsafənin  tətbiqini bilmək lazımdır. Əgər söhbət bizim hansısa tarixi binanın bərpasından gedirsə, dünyanın ən yaxşı memarları da gəlsə, azərbaycanlı  memarların bərpa layihələrinin 10 faizinə gücləri çatmaz. Amma  söhbət müasir infrastrukturlu şəhərsalma layihəsindən gedirsə, burada beynəlxalq səviyyəli şirkətlərin cəlb olunması  məqsədəuyğundur”.