İnsanların sevinci “gözündə qaldı” - Xırdalana...

Xırdalan şəhərinə metro xəttinin çəkilməsi artıq aktual məsələ deyil

  Bir müddət öncə Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında Bakının Xırdalan şəhərinə metro xəttinin çəkilməsi nəzərdə tutulduğu deyilsə də, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu faktı təkzib edib. O bildirib ki, Bakıdan Xırdalana metro xəttinin inşası nəzərdə tutulmur:
“"Metronun "Xocəsən" stansiyası istifadəyə verilib. Bu stansiya Xırdalan şəhərinə və digər şəhərətrafı ərazilərə yaxındır. O da nəzərə alınmalıdır ki, Xırdalanda metro stansiyasının inşası üçün uyğun istiqamət yoxdur”.
  Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Metbuat.az-a bildirib ki, Xırdalana metro çəkilməsi ilə bağlı onlarda hər hansı bir məlumat yoxdur: “Bu məlumatın hansı mənbədən qaynaqlandığını bilmirik. Bakı Metropoliteni tərəfindən belə bir açıqlama da olmayıb. 2040-cı ilə qədər Bakının Baş planına uyğun olaraq görüləcək tədbirlərlə bağlı zamana gəldikdə, ictimaiyyətə ətraflı məlumatlar təqdim olunacaq”.
  Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev isə qeyd edib ki, metro xətlərinin çəkilməsi üçün ərazinin yeraltı quruluşu buna imkan verməlidir: 

“Metro xətləri keçən ərazilərdən yeraltı qurunt suları, yeraltı çökmələr, böyük kommunikasiya xətləri keçirsə, həmin ərazilərdə metro çəkilişi ciddi problemlər yaradır. Xırdalan şəhərinin ümumi əhali sayı qeydiyyatda olan əhalidən iki dəfəyə qədər çoxdur. Qısa müddət ərzində həmin əraziyə tələbat artdı və 100 minlərlə insan orada yaşamaq üçün axın etməyə başladı. Metro xətlərinin çəkilməsi həmin ərazidə sıxlığın, tıxacın və insanların zaman itkisinin qarşısını ala bilər. Bu səbəbdən məsələnin reallaşması daha məqsədəuyğun olardı”.
  Digər tərəfdən Sumqayıt və Xırdalan şəhərindən sürətli yerüstü qatar istifadəyə verildiyini xatırladan Elnur Fərzəliyev hesab edir ki, əgər metro xətlərinin tikintisi baş tumasa, sürət qatarının intervalını artırmaq olar: “İnkişaf etmiş ölkələrin təcrübələrində təkcə yeraltı deyil, yerüstü metrolar da var. Buna alternativ olaraq Bakı-Xırdalan-Sumqayıt qatarının gün ərzində gediş-gəliş intervalını çoxaltmaqla həmin ərazidə sıxlıq probleminin qarşısını ala bilərlər”.
  Yol-nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov isə “Sherg.az"a
 açıqlamasında deyib ki, indiki reallıqda Xırdalan şəhərinə metro xəttinin çəkilməsi aktual məsələ deyil: 

“Metro xəttinin çəkilməsi o qədər qəliz, həm də maddi vəsait tələb edən bir layihədir ki, adi formada planlaşdırmaq çox çətindir. Bizdə isə metrostansiyalar ancaq Bakı şəhəri üçün nəzərdə tutulub. Nə vaxtsa Xırdalana xarici ölkələrdə olduğu kimi yerüstü metro xətti çəkmək olar. Ancaq indiki şəraitdə həmin xətti mövcud metrostansiyalarla əlaqələndirmək çox çətin prosesdir.
Elə əvvəldən də Xırdalana metro xəttinin çəkilməsi ilə bağlı müzakirələrin lehinə olmamışam. Metronun istiqamətlərini vətəndaşların, ekspertlərin istəyinə görə müəyyənləşdirmək olmaz. Buna şəhərin yeraltı strukturu, relyefi uyğun olmalıdır”.
  F.Eyyubovun sözlərinə görə, Xırdalana metro xəttinin çəkilməsindən daha çox şəhərdaxili metrostansiyalarını inkişaf etdirmək daha vacibdir: “Metro bir xətt üzrə hərəkət edəndə qatarlarda həddindən artıq sıxlıq olur. Metro şəbəkəsini elə formaya salmaq lazımdır ki, bir stansiyadan digərinə keçid mümkün olsun. “Azadlıq” metro stansiyasından “Həzi Aslanov” stansiyasına qədər bir xətt var. Halbuki ortada xətlər bir-biri ilə əlaqələndirilsə həm məsafə azalar, həm də bu qədər sərnişin sıxlığı yaşanmaz”.