Azərbaycan əhalisini zəhərli, öldürücü məhsullardan xilas etmək lazımdır
Milli Məclisin iclasında “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli qida təhlükəsizliyi ilə bağlı ciddi problemlərin olduğunu deyib.
Sherg.az xəbər verir ki, deputat bildirib ki, geni dəyişdirilmiş qida məhsullarının sayı artıb. Onun sözlərinə görə, insanlar uzun yaşasalar da, xəstə yaşayırlar. Bunun da səbəbi geni dəyişdirilmiş məhsullardır:
"Gədəbəydə kartofu kəsirsən, içindən su çıxır. Xalqın istifadə etdiyi bütün kütləvi məhsulların geni dəyişdirilir. Bazara gedirsən, tumsuz pomidor, qarpız və başqa məhsullar qarşımıza çıxır. Bunların çoxu Türkiyədən bizə idxal olunur. Onlar da xarici ölkələrdən gətirirlər. Eşitmişəm ki, yeni qanun layihəsi təklif olunub ki, geni dəyişdirilmiş məhsulların istehsalına imkan verilsin. İqtisadiyyat Nazirliyinə müraciət edirəm ki, bundan çəkinsinlər. Azərbaycanda satılan kənd təsərrüfatı məhsullarının üzərində lazımi məlumatlar öz əksini tapmalıdır. Bəzən deyirlər ki, heç kim acından ölmür, kifayət qədər ərzaq var. Doğrudur, indi məhsul çoxdur, amma geni dəyişdirilmiş məhsulların hesabına çoxdur. İnsanların 90 faizi geni dəyişdirilmiş məhsulların qəbuluna görə uşaqlıqdan qocalığa qədər xəstə olurlar. Müəyyən orqanlar sıradan çıxır, ömür boyu dərman qəbul edib sağlamlığını qorumağa çalışırlar. Heyvanlara geni dəyişdirilmiş yem yedizdirilir. Geni dəyişdirilmiş yem məhsulları heyvanlara da yedizdirilir. Bir çox dövlətlərdə belə halda həmin heyvanların məhsullarından istifadə olunmur. Çünki keyfiyyətsiz qida onun südünə, ətinə də keçir. Belə çıxır ki, biz Azərbaycan xalqını xəstə etməyə çalışırıq? Azərbaycan əhalisini geni dəyişdirilmiş, zəhərli, öldürücü məhsullardan xilas etmək lazımdır".
Deputat ölkədə qida təhlükəsizliyi məsələsində geni dəyişdirilmiş məhsulların istifadəsinin qarşısının alınmalı olduğunu bildirib:
"Ölkədə bu məsələ ilə məşğul olan müvafiq qurumlar var, amma bildiyim qədəri ilə onlara da müəyyən problemlər yaradılır. 10 il əvvəl Türkiyənin kənd təsərrüfatı naziri dedi ki, ölkədə geni dəyişdirilmiş kartof tapmaq mümkün deyil. İndi geni dəyişdirilmiş məhsulları Bakıda satırlar".