Sunami Azərbaycana gəlib çıxa bilər? - RƏY

Yapon mütəxəssisin söylədikləri yenilik deyil

“Sunami dalğalarının Azərbaycana gəlib çatması üçün gərək əvvəlcə Aralıq dənizi, Mərmərə, Egey dənizi, sonra Qara dəniz, sonra da Azov dənizinə gəlib çatsın”

“Dünyada 3 ən nəhəng zəlzələ əmələgəlmə zonası var, biri Azərbaycanın da üzərində yerləşdiyi fay xəttidir, Sakit okeanın qərbindədir, biri də şərqində”

“Bizim orta məktəb uşaqları da bilir ki, Azərbaycan seysmik zonada yerləşir”

  Yaponiyalı zəlzələ mütəxəssisi Morivaki deyib ki, ümumiyyətlə, Aralıq dənizi, Egey və Mərmərədə 1 metr hündürlüyündə sunami olacaq. Hətta dənizin bəzi dərin yerlərində zəlzələ ilə birlikdə 3 metr yüksəklikdə sunami də ola bilər.
  "Sherg.az" publika.az-a istinadən xəbər verir ki, Erciyes Universiteti (ERÜ) İl Mədəniyyət və Turizm Müdirliyi Mədəniyyət Mərkəzində "Kayseri 1-ci Zəlzələ Məlumatlandırma Paneli" tədbiri olub. Proqramda çıxış edən yapon zəlzələ mütəxəssisi Yoshinori Morivaki qeyd edib ki, Şimali Anadolu qırılma xətti dünyanın ən böyük qırılma xətlərindən biridir:
"İndoneziya və Malayziyadan başlayaraq Hindistan, Əfqanıstan, İraq, Azərbaycan, Türkiyə, Yunanıstan, İtaliya və İspaniyanın daxil olduğu bu xətt, böyük bir fay xəttidir. Zəlzələdən sonra sunamilər də olacaq. Dənizdə zəlzələ olarsa, sunami də olar".
  Ekoloq Ənvər Əliyev “Sherg.az"a açıqlamasında qeyd etdi ki, yapon mütəxəssisin söylədikləri yenilik deyil:
- Yaponun söylədiklərini biz bəlkə 100 dəfə demişik. Burada bir yenilik yoxdur. Bizim geoloqlar bunu lap yaxşı bilir, hara seysmik zonalardır, harada nə ola bilər. Orta məktəb uşaqları da bilir ki, Azərbaycan seysmik zonada yerləşir. Azərbaycan dünyanın 3 ən nəhəng seysmik, tektonik, dağəmələgəlmə fayının üstündədir. Mezozoy erasının Yura və Təbaşir dövründən (200 milyon il əvvəl) nəhəng dağəmələgəlmə prosesi başlayıb, bu adlanır Alp-Himalay cavan dağ qırışığı. Və bu gün də proses davam etməkdədir. Ona görə də bu fay xəttinin üstündə yerləşən ərazilərdə, ölkələrdə zəlzələlər həmişə olub, bundan sonra da olacaq. Bunu da hamı bilir. Bura Moskva deyil, rus düzənliyi deyil ki, zəlzələdən sarı arxayın olaq. Bizim də üzərində olduğumuz fay xətti həmin bu dağəmələgəlmə prosesi nəticəsində nəhəng okeanın dibindən qalxan hissədir. Bu, gündəlik məişətimzidə də hiss olunur. Baxın, Böyük Qafqazda sular çöküntülüdür. Çaydanların dibinə baxın, hamısı qəliz suyun çöküntüsüdür. Bu, həmin prosesin yaratdığı nəticədir.
  Sunamiyə gəlincə, Ə.Əliyev qeyd etdi ki, sunami bizə gəlib çıxa bilməz:
- Sunami dalğalarının Azərbaycana gəlib çatması üçün gərək əvvəlcə Aralıq dənizi, Mərmərə, Egey dənizi, sonra Qara dəniz, sonra da Azov dənizinə gəlib çatsın. Qara dənizlə bizim aramızda nəhəng çökəklik var – Kuma-Manıç çökəkliyi. Bu çökəklik dünya okeanından 7 metr hündürlükdədir. Sunami gərək 7 metrdən artıq ola, 8 metrə çata ki dalğalar o çökəkliyi adlayıb Azərbaycan sahillərinə gəlib çatsın. Bu da mümkün görünmür. İnşallah ki olmaz. Əgər Allah eləməmiş, belə bir hal olsa, o zaman bəli, təhlükə yaranacaq. Çünki Xəzər dənizi dünya okeanından 28 metr aşağıdır. Bu halda Bakı qalar suyun altında. Amma bu, yenə deyirəm, ağlabatan deyil. Ona görə də narahatlığa əsas yoxdur. Bizim geoloqlar bu məsələləri yaxşı bilir. Dünyada 3 ən nəhəng zəlzələ əmələgəlmə zonası var, biri Azərbaycanın da üzərində yerləşdiyi fay xəttidir, Sakit okeanın qərbindədir, biri də şərqində. Yaponiya ərazisi də ora düşür.
  Ə.Əliyev qeyd etdi ki, zəlzələdən qorunmağın yolları barədə düşünsələr daha yaxşıdır:
- Zəlzələ qarşısıalınmaz prosesdir. Sadəcə, nə etmək olar, zəlzələdən mümkün itkiləri minimuma endirmək. İnsan bunu bacarar, əgər hansı ərazidə daha çox enerji yığıldığını düzgün müəyyənləşdirib, həmin ərazilərdə tikililərin dayanıqlığı, yaşayış evlərinin möhkəmliyi, yaşıllıqların qırılması deyil, artırılması, torpağın bərkiməsi üçün işlər görərsə.