5 gün sonra hava kəskin dəyişəcək -PROQNOZ 

Fevral ayında havaların isti keçməsinə faciə kimi baxmaq lazım deyil

Hər bir təzahürü qlobal istiləşməyə bağlamaq olmaz

“Qlobal istiləşmə bəzi hallarda siyasi xarakter daşıyır və ondan, məsələn, Çin kimi ölkələrə təsir etmək, onları sıxışdırmaq üçün bəhanə olaraq istifadə edirlər”

Ekoloq: “Belə bir isti havanın ağaclara ziyanı dəyə bilər. Hava isindiyi üçün ağaclar tumurcuqlayır, amma sonra qəfil soyuqlar düşsə, şaxta olsa ağacların bar budaqlarını şaxta vuracaq, təsərrüfatlar ziyan çəkəcək. Ona görə də belə isti havalarda ağacları suvarırlar ki, oyanıb tumurcuqlamasınlar”

 
 2 il əvvəl Şimal Buzlu okeanında 4 milyon tondan artıq buz ehtiyatı yaranmışdı. Əgər iqlim dəyişikliyi, qlobal istiləşmə varsa, o zaman bəs bu nədir?
  Kiçik çillədə 20 dərəcə isti görünməmiş haldır. Azərbaycanda qışın ən soyuq dövrü məhz kiçik çillə hesab edilir. Bu il isə əksinə oldu. Kiçik çillədə qışın ən isti günləri yaşanır. Bakıda havanın temperaturu 20 dərəcəyədək yüksəlib. Qışın oğlan çağında bu dərəcədə istilər ekoloqlar tərəfindən anomaliya olaraq dəyərləndirilir və buna səbəb kimi də daha çox qlobal istiləşmə göstərilir. Belə xəbər də var ki, ölkəmizin ərazisində isti hava şəraitinin yaranmasına səbəb mərkəzi Rusiya ərazisi (Moskva şəhəri) olan siklonun fəaliyyətidir. Siklonik fəaliyyətə xas olaraq isti və soyuq atmosfer cəbhələrinin növbələşən hərəkəti nəticəsində ölkə ərazisinə daxil olan isti hava kütləsi əhatə etdiyi ərazilərdə hava şəraitini dəyişməklə əvvəlki günlərlə müqayisədə kəskin temperatur fərqi yaradıb. Sinoptiklər şəraitlə əlaqədar olaraq hazırda müşahidə olunan isti və yağıntısız hava şəraitinin hələ bir neçə gün də davam edəcəyini proqnozlaşdırır. 

  AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, hər bir təzahürü qlobal istiləşməyə bağlamaq düzgün deyil: 
- Qlobal istiləşmə bəzi hallarda siyasi xarakter daşıyır və ondan, məsələn, Çin kimi ölkələrə təsir etmək, onları sıxışdırmaq üçün bəhanə olaraq istifadə edirlər. Əhali artımı, şəhər nəqliyyatından başqa, texnogen çirklənmənin, havada karbon qazının artımının ən böyük mənbəyi heyvandarlıq kompleksləridir. Heyvandarlıq kompleksləri havaya daha çox karbon ötürür. Bu da havaya (havaların isti keçməsinə, temperaturun artmasına) təsir edir. Fevral ayında havaların isti keçməsinə faciə kimi baxmaq lazım deyil. Ümumiyyətlə, atmosferdə hər 50, 100 ildən bir dövrilik nəticəsində iqlimdə dəyişmələr baş verir, hava dəyişmələri təkrarlanır. Məsələn, Rusiyada meteoroloqlar bildirir ki, 1928-ci ildə və 1941-ci ildə Rusiya ərazisində dəhşətli soyuqlar olub. Və bu hətta Böyük Vətən müharibəsinin gedişatına da təsir edib. Hər bir təzahürü qlobal istiləşməyə bağlamaq düzgün deyil. 2 il əvvəl Şimal Buzlu okeanında 4 milyon tondan artıq buz ehtiyatı yaranmışdı. Əgər iqlim dəyişikliyi, qlobal istiləşmə varsa, o zaman bəs bu nədir? Burada qanunauyğunluqlar var. Qlobal istiləşmə 1-2 ilin işi deyil. Burada söhbət 100 illiklərdən gedir. Məsələn, ötən il Kanadada qış çox sərt keçdi. Bu il isə havalar orda da isti keçir. Temperatur müsbətdr. 

 
  Ə.Əliyev də qeyd etdi ki, hazırkı hava kiçik çillə üçün o qədər də xarakterik deyil:
 - Fevral ayının 1-dən 20-dək Azərbaycanda kiçik çillədir. Qışın ən soyuq dövrüdür. Kiçik çillədə 20-22 dərəcə isti müşahidə edilməsi anomallıqdır. Amma bu, müvəqqətidir. Ola bilər, 5 gün sonra hava kəskin dəyişsin. Belə bir isti havanın ağaclara ziyanı dəyə bilər. Hava isindiyi üçün ağaclar tumurcuqlayır, amma sonra qəfil soyuqlar düşsə, şaxta olsa ağacların bar budaqlarını şaxta vuracaq, təsərrüfatlar ziyan çəkəcək. Ona görə də belə isti havalarda ağacları suvarırlar ki, oyanıb tumurcuqlamasınlar.