Dəfələrlə Həccə gedənlər: Dinin hökmü nədir?

İlahiyyatçı Ağa Hacıbəyli: “Bu, hər bir insanın şəxsi, müstəqil seçimidir”
“Dünyanın elə müxtəlif yerlərində istirahət edənlər var ki, bu səyahətlərə Həcc ziyarəti üçün xərclənən pullardan dəfələrlə çox pul xərcləyirlər. Onlara kimsə, niyə filan yerə getdin, filan qədər pul xərclədin, demirlər”

Bloger Fərid Pərdəşünas: “Vətəndaşlar şəxsi vəsaitlərini öz inanclarına, sağlamlığına, dünya görüşünə xərcləməkdə sərbəstdirlər. Bu mövzuda heç kim qınana bilməz"

  Həcc ziyarətinə Azərbaycandan ilk zəvvar qrupu yola düşüb. Verilən məlumata görə, ilk dəfə olaraq Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli Heydər Əliyev Beynəlxalq Aeroportuna zəvvarları yola salmağa gəlib. O, Həcc ziyarətinə gedənlər üçün dua edib, onlara uğur arzulayıb: “Allahdan istəyirəm ki, onların ziyarəti qəbul olsun. Arzu edirəm Azərbaycana gözəl xatirələrlə və sağlam şəkildə geri dönsünlər”. Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Bəxtiyar Nəcəfov isə bildirib ki, ümumilikdə hər bir təyyarədə zəvvar sayı 180 nəfər təşkil edir: “Bütün hacılarımızın sayı 1 500 nəfərdir”. 15-ci dəfədir Həcc ziyarətinə gedən Cavanşir Aşurov deyib ki, ziyarətdən doymaq olmur: “Oranı görmək lazımdır, o qədər gözəl keçir. Allah Azərbaycan xalqından razı olsun! Şəhidlərimizə rəhmət etsin! 15 dəfə getməyim boşuna deyil. Allah sizə də qismət eləsin!”.
  Məhz zəvvarlardan birinin 15-ci dəfə Həcc ziyarətinə yollanması sosial şəbəkələrdə qızğın mübahisələrə səbəb olub. Rəy bildirənlər təxminən 10 min manat pulun Həcc ziyarətinə deyil, imkansızlara, şəhid ailələrinə, təhsil haqqını ödəyə bilməyən tələbələrə sərf olunmasının daha savab əməl olacağını bildiriblər. Qeyd edək ki, Həcc mövsümü başlanar-başlamaz bu tip müzakirələr də hər il təkrarlanır. Bəs Həcc ziyarəti ilə bağlı dinimizin hökmü nədir?
  İlahiyyatçı Ağa Hacıbəyli “Sherg.az"a açıqlamasında qeyd etdi ki, Həcc ibadəti islam dininin olmazsa-olmaz ibadətlərindən biridir:
" Kəbə yer üzünün mərkəzi, insanın ilk məskənidir. Yer üzündə ilk ailənin olduğu yer Kəbə evindən, Zilhiccə ayından başlayır. Bu mübarək ayda, mübarək 10 günün içində Həcc ibadəti gerçəkləşir. Və Həcc ziyarətinin zirvəsində də Qurban bayramı kimi möhtəşəm bir ibadət dayanır. Bu mübarək ayın ilk 9 gününü insanlar oruclu olmağa səy edir, Ərəfə günü daha bir möhtəşəm ibadət – milyonlarla insanın Ərəfat dağında toplaşması ibadəti gerçəkləşir. İrqindən, dilindən asılı olmayaraq milyonlarla insan bir din ətrafında birləşərək ibadətlərini yetirə yetirirlər. Eyni zamanda Kəbə evi təfav edilir. Həcərül-əsvada salam verilir. Kəbə evi ətrafında təvaf zamanı mələklərlə çiyin-çiyinə qalmaq, mələklərlə eyni anda təvaf etmək kimi bir mübarək, əvəzsiz ibadət yalnız Həcc ziyarəti zamanı nəsib olur. Səfa Mərva dağları arasında səy etmək, şeytanı daşlamaqla insan daxilindəki çirkinlikləri çəkib atmağa səbəb olacaq ibadətlər Həccin verdiyi üstünlüklərdir. Həcc ibadəti qurbanlıqdan tutmuş səyinə qədər, hər bir ibadəti ilə möhtəşəmdir və insana varlığın qüdrətini və axirəti xatırladır. Ölkəmizdən də hər il Həccə gedən insanları və təkrar-təkrar gedənləri də müşahidə edirik. Bu sahədə söz deyən, hökm verən adamları da görürük. Hökm verənin əlində bunun üçün mütləq bir hökm olmalıdır. Həclə bağlı Rəbbimizin hökmü ömürdə bir dəfədir. Allah-təala “Qurani-Kərim” vasitəsilə buyurur ki, maddi imkanı olan, sağlamlığı imkan verən hər bir müsəlman Həcc ziyarətini yerinə yetirməlidir. Ömürdə bir dəfə Həcc ziyarəti fərzdir. Amma hər baxımdan imkanı çatan şəxsə. Biz Allah rəsulunun (s.ə.s.) bir dəfə Həcc ziyarəti, 4 dəfə Ümrə ziyarəti etdiyini bilirik. Ömrü vəfa etmiş olsaydı, təkrar edib-etməyəcəyini də bilmirik. Əlbəttə ki, Həccə gedən öz halal puluyla getməyə çalışır. Hər dəfə getdikcə imanı artır. Dünyagörüşü dəyişir. Allaha sevgisi, bağlılığı artır. Həccə gedən insan yaşadığı bölgənin insanlarına yardım əli uzatmalıdır. Bu, savab bir əməldir. Amma əgər insan mübarək ayın mübarək günlərini Həcdə keçirmək istəyirsə, ona, “sən niyə gedirsən? Getmə” deyə də bilmərik. İnsanlar var istirahətlərini fərqli ölkələrdə, fərqli məkanlarda keçirir və buna külli miqdarda pullar sərf edirlər. Onlara kimsə niyə filan yerə getdin, filan qədər pul xərclədin, demirlər. Dünyanın elə müxtəlif yerlərində istirahət edənlər var ki, bu səyahətlərə Həcc ziyarəti üçün xərclənən pullardan dəfələrlə çox pul xərcləyirlər. Bir insan da Allahın evini ziyarət etməyi seçir. Bilmirik, növbəti dəfə kiməsə qismət olacaq, Həcc ziyarəti, ya yox. Ona görə də gedənləri tənqid etmək doğru deyil. Bu, hər bir insanın şəxsi, müstəqil seçimidir. Getmək istəyənlərin Allah-təala yolunu açsın, getməyənlərə nəsib etsin, gedənlərin ziyarətini qəbul etsin. Cəmiyyətimizdə təmiz, pak, halal, həqiqi müsəlmanların sayı artsın. Kəbə evinin içərisindən baxdığımız zaman dünyamız necə sakit, əmin-amanlıq içində görünürsə, kaş ki dünyamızı qan çanağına döndərənlər də Kəbə evinə - babamız Adəmin ocağına gələydilər, nənələrinin süfrəsində əyləşəydilər, orada İbrahim olaydılar, Hacər olaydılar və İsmayıl olub ölkələrinə geri dönəydilər".
   “Həcc ziyarətini din tərəfindən yox, turizm mövzusunda dəyərləndirsək, dini turizm kateqoriyasına aiddir”.
Bu fikirləri isə texno-bloger Fərid Pərdəşünas öz sosial media hesabında yazıb.
  Texno-bloger Həcc ziyarətinə xərclənən pulla bağlı narazılıq edənlərə fikirlərini belə izah edib: "Necə ki, çirkli əyləncə üçün Las-Veqasa, Amsterdama, tibbi turizm üçün İsrailə, Türkiyəyə, tarixi yerlər üçün Avropaya gediriksə, dindar vətəndaşlar da öz ziyarətləri üçün ərəb ölkələrinə üz tuturlar. Vətəndaşlar şəxsi vəsaitlərini öz inanclarına, seks tələbatına, qumara, sağlamlığa, dünya görüşünə xərcləməkdə sərbəstdirlər. Bu mövzuda heç kim qınana bilməz".
  Bloger bildirib ki, o özü hər il Las-Veqasda Həcc ziyarəti qədər pul xərcləyir: "Mənə hansısa dindar demir ki, onu kasıb-kusuba payla. Dindar da Həccə gedəndə mən ona belə təklif etmirəm. Hər şey bu qədər sadədir. Sadəcə, hörmət".